Dünya siyasətində məsuliyyətsizlik və Dağlıq Qarabağ münaqişəsinin reallıqları – Newtimes.az
Dünyada bugünkü vəziyyətin aradan qaldırılması üçün ilk növbədə onun yaranma səbəbləri təhlil edilməli və müvafiq nəticələr çıxarılmalıdır. Bunu kim etməlidir? Hazırkı vəziyyətin yaranmasındakı məsuliyyəti kim öz üzərinə götürməlidir?
İyirmi beş il əvvəl SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının süquta uğraması ilə birqütblü dünya sistemi təşəkkül tapdı. Soyuq müharibədən qalib çıxan Qərb dominant gücə çevrildi. Lakin sonrakı illərdə baş verən hadisələr bu dominantlığın dünya üçün müsbət faktora çevrilmədiyini, sülh və sabitliyi bərqərar edəcək yeni ideyaları ortaya çıxarmadığını göstərdi.
Geostrateji maraqların reallaşdırılması məqsədləri, fərqli düşüncələr üzərində total nəzarət meylləri hakim mövqedə qaldı. Bunun üçün demokratiya və insan hüquqları yumşaq təsir alətləri kimi formalaşdırıldı. Süni şəkildə yaradılmış ərazi münaqişələri əlavə təzyiq mexanizminə çevrildi. Müxtəlif maraqlar baxımından hətta terrorizm belə dəstəkləndi. Post-Sovet məkanı, Yaxın Şərq kimi regionlar yeni təhlükəli nəzəriyyələrin sınaq meydanına çevrildi.
Nəticə isə göz qabağındadır. İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstan kimi ölkələrdə hər gün minlərlə insan ölür. Öz ölkələrindən qaçan yüzlərlə miqrant Aralıq dənizində batır. Avropa terror aktlarının əsas hədəfinə çevrilir. Qoca qitədə radikal meyllər baş qaldırır. Bütün bunların fonunda isə sual doğuran əsas məqam budur: görəsən Qərb baş verənlərlə bağlı məsuliyyətini qəbul edirmi?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında beynəlxalq münasibətlər sistemində bu gün baş verən proseslərə toxunub. 2016-cı ildə dünyada siyasi, iqtisadi və hərbi böhranın baş verdiyi qeyd edən dövlət başçısı xüsusən Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsinə diqqət yetirib. Prezident xarici müdaxilələr nəticəsində öz ölkələrini tərk etməyə məcbur olan miqrantlara qarşı qeyri-insani rəftarı "bu ilin əlaməti və sivilizasiyalararası münasibətlərə çox böyük zərbə” kimi qiymətləndirib və dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların, müharibələrin alovlandığını, risklərin, təhdidlərin artdığını vurğulayıb.
Bu ziddiyyətlərdən bilavasitə əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Ola bilsin ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olmasaydı, biz beynəlxalq münasibətlərdə ədalətsizliyin, ikili standardların bu dərəcədə olduğuna inanmazdıq. Ancaq nə etməli, belə bir münaqişə bu günün reallığıdır və bizə yaxşı siyasət dərsi də keçir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti nədən ibarətdir? Azərbaycan torpaqları artıq 25 ildir ki, Ermənistan tərəfindən işğal olunub və ölkəmizin ərazi bütövlüyü pozulub. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Geosiyasi səhnədəki əsas güc mərkəzləri münaqişənin beynəlxalq hüquqa uyğun həllini dəstəklədiklərini bəyan edirlər. Beynəlxalq hüquq isə birmənalı şəkildə Azərbaycanın tərəfindədir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair BMT TŞ-nın 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Lakin qəti mövqe ortaya qoyulmadığı üçün bu qətnamələr hələ də icra olunmamışdır.
Münaqişənin həlli üzrə danışıqlarda vasitəçiliyi öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi hər hansı real nəticə əldə etməyiblər. Düzdür, həmsədr ölkələrin prezidentləri dəfələrlə münaqişə ətrafındakı mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Lakin belə bəyanatlardan sonra heç bir praktik iş aparılmır. Bəzən isə hətta münaqişənin mahiyyətini təhrif edən, onu fərqli şəkildə təqdim edən bəyanatlar belə səsləndirilir.
Dünyada gedən bütün proseslərdə iştirak edən, sanki bütün proseslərə özünün töhfəsini verməyə çalışan super dövlətin – ABŞ-ın vəzifədən getmə ərəfəsində olan dövlət katibi Con Kerri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti belə bir bəyanata imza atdı. Tədbirlərdən birində dünyada baş verən proseslər haqda danışan Kerri "dondurulmuş münaqişə”lərə də toxunub və Dağlıq Qarabağ münaqişəsi haqda bunları deyib: "Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bəzi dondurulmuş münaqişələr var ki, onların həll yolu görünmür, çünki liderlər buna hazır deyillər”.
Kerrinin məsələyə bu cür yanaşması olduqca məyusedicidir və eyni zamanda çox təəccüblüdür. Maraqlıdır, görəsən, Minsk Qrupunun həmsədrləri hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Yaxud danışıqlardan boyun qaçırıb? Rəsmi Bakı hətta ən gərgin məqamlarda belə öz konstruktivliyini nümayiş etdirib və sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bildirib.
Tutaq ki, Dağlıq Qarabağ mübahisəli ərazidir - əslində isə tarixi Azərbaycan torpaqlarıdır - bəs Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Axı həmin ərazilərə Ermənistanın heç bir iddiası yoxdur?! 25 ildir ki, Azərbaycan erməni qoşunlarının işğal olunmuş ətraf rayonlardan çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına nail olmağa çalışır. Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna Azərbaycanın hazırlığımı lazımdır? Bunun üçün əsas missiya ABŞ da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun 3 üzvünə verilib. Bəs Bu 7 rayonun qeyd-şərtsiz Azərbaycana geri qaytarılması üçün vasitəçilər nə ediblər? Bəzən hətta Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sadə bir bəyanatı səsləndirməkdə belə çətinlik çəkirlər. Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə məsləhət isə odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin.
Burada bir məsələni vurğulamaq lazımdır. Ermənilər də tez-tez "Azərbaycan münaqişənin həllinə hazır deyil” kimi iddialar səsləndirirlər. Onlar bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tuturlar. Kerrinin bəyanatı ilə Ermənistanın mövqeyi arasındakı oxşarlıq gözdən qaçmır. Bəlkə Kerri də məhz elə bunu nəzərdə tutur? "Münaqişənin həll yollarının görünməməsi” fikri əslində elə ermənilərin maraqlarına uyğundur. Məhz bu cür yanaşmalardan cürətlənən Ermənistan münaqişənin həllini mümkün olduğu qədər uzatmağa çalışır. Cənab Prezidentin qeyd etdiyi kimi, "Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır və Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir”.
Məsələyə başqa bir tərəfdən baxaq. Kerri Azərbaycanla yanaşı Ermənistanın da münaqişənin həllinə hazır olmadığını deyir. Bəs Ermənistan nəyə hazır olmalıdır? Əlbəttə ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə. Bunu ondan kim tələb etməlidir? Əlbəttə ki, vasitəçilər. BMT TŞ-nin 4 qətnaməsinin lehinə səs vermiş böyük dövlətlər. İndi Kerrinin belə bir fikir səsləndirməsi işğalçı Ermənistanın "nazı ilə oynamaq” deyilmi? Yəni "Ermənistan nə vaxt torpaqları azad etməyə hazır olarsa, məsələyə onda baxarıq”? Bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını legitimləşdirmə cəhdindən, niyyətindən xəbər vermirmi?
Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş münaqişə” adlandırılması isə ayrıca bir mövzudur. Aprel döyüşləri bunun belə olmadığını bir daha göstərdi. Lakin nədənsə müəyyən dairələr ciddi-cəhdlə DQ münaqişəsini məhz bu kateqoriyaya aid etməyə çalışırlar. Vasitəçilər hər dəfə cəbhə xəttində gərginlik yaranan kimi narahatlıq keçirir və bir qədər fəallaşırlar. Lakin bu fəallıq dövründə də proseslərin əsl səbəblərinə diqqət yetirməkdənsə, vəziyyətin yenidən "dondurulması”na can atırlar.
Götürək elə Vyana danışıqlarında ortaya atılan təmas xəttinə videomüşahidə sistemlərinin yerləşdirilməsi və insidentlərin araşdırılması mexanizminin yaradılması təklifini. Azərbaycan bu təklifi rədd etdi. Lakin indi məlum olur ki, ABŞ tərəfi bu mexanizmin yaradılmasına imkan verən sistemləri birtərəfli şəkildə Ermənistana ötürüb. Belə çıxır ki, ABŞ öz liderinin dəfələrlə verdiyi bəyanata baxmayaraq, işğalçı Ermənistanın münaqişə ətrafında status-kvonu saxlamasına və münaqişənin dondurulmasına yardım edir.
Obama administrasiyası artıq hakimiyyəti təhvil verməyə hazırlaşır və müxtəlif tədbirlər, çıxışlar, bəyanatlar vasitəsilə bir növ öz fəaliyyəti haqda ictimaiyyətə hesabat təqdim edir və müxtəlif məsələlər üzrə rəy formalaşdırmağa çalışır. Görəsən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirilən bu fikir ABŞ-ın münaqişəni həll etmək iqtidarında olmamasının etirafıdır yoxsa başqa bir məqsədə xidmət etmək üçün vəzifədən getməzdən əvvəl ortaya mesajdır? (Əfsus ki, 20 ildən artıq bir müddətdə mövcud beynəlxalq hüquqa əsaslanan heç bir konkret təklif və ya mövqe ortaya qoyulmayıb).
Con Kerri xarici siyasətdəki hər bir məsələyə ABŞ-ın maraqları və dəyərləri prizmasından yanaşmanın vacibliyini önə sürür. Sual olunur: bütün çətinliklərə baxmayaraq, böyük inkişaf yolu keçmiş, enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə Qərbin etibarlı tərəfdaşına çevrilmiş, digər ölkələrə Roma Papası tərəfindən tolerantlıq nümunəsi kimi göstərilən Azərbaycanın ərazi bütövlüyünün bərpası ABŞ-ın hansı maraqlarına ziddir? Öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünün fundamental hüquqlarının bərpası özünü "demokratiya carçısı” elan edən ABŞ-ın hansı dəyərlərinə uyğun gəlmir?
Dövlət başçısı Qərb mediasında, həm də qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının əsas səbəbini izah etdi – bəlkə Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyinə razılıq verdi. Həqiqətən də, Kerrinin dövlət katibi olduğu illərdə Dövlət Departamentinin, ondan təlimat alan müxtəlif QHT-lərin və Departamentin keçmiş əməkdaşlarının Azərbaycan haqda dünyada yanlış rəy formalaşdırmaq, gündəm yaratmaq səyləri heç vaxt səngiməmişdir. Görünür, hələ 1990-cı ildə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbilə SSRİ-nin rəhbəri Qorbaçova məktub yazmış Con Kerrinin həmin mövqeyi dəyişməz olaraq qalır. Onun bu bəyanatı Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə yanlış mövqe formalaşdırmaq və bəlkə də, Azərbaycana qarşı hansısa yeni təzyiq mexanizmi yaratmaq cəhdindən başqa bir şey deyil.
Azərbaycan birmənalı şəkildə ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatını qəbul etmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməli olduğunu bildirdi: "Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər”. Bu cür qeyri-obyektiv və ədalətsiz mövqe əsasında nə vasitəçilik etmək, nə də dünyada sabitliyə, inkişafa nail olmaq olar.
Bütün bunlar isə sadəcə təəssüf doğurur. Öz xarici siyasətini sülh, inkişaf, əməkdaşlıq kimi prinsiplərə, multikultural dəyərlərə əsaslandıran Azərbaycan Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Beynəlxalq Humanitar Forum, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, İslam Həmrəyliyi Oyunları kimi tədbirlərə ev sahibliyi edir. Dünya katoliklərinin lideri olan iki Roma Papası Azərbaycana səfər edir. Bütün bunlar kiçik bir müsəlman dövlətinin öz liderlərinin düşünülmüş siyasəti nəticəsində əldə etdiyi uğurların az bir hissəsidir. Belə ölkəyə qarşı bu münasibət nə dərəcədə ədalətlidir?
Reallıq ondan ibarətdir ki, qarşılaşdığı haqsızlıqlara baxmayaraq, Azərbaycan öz yolu ilə uğurla inkişaf edir. Bu yolu xalq tərəfindən birmənalı şəkildə dəstəklənən Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Azərbaycanın inkişafının daha yüksək səviyyəyə qalxmasını təmin edəcək son referendumun nəticələri də hakimiyyətin siyasətinə xalqın dəstəyini bir daha əyani şəkildə sübut etdi. Cənab İlham Əliyevin Azərbaycan xalqına ona göstərdiyi böyük etimada görə təşəkkür etməsi təbiidir. Lakin xalq da öz dövlət başçısına minnətdardır. Onun hansı təzyiqlərlə üzləşdiyini, dünyadakı bugünkü xaos fonunda hansı zəhmətlər hesabına Azərbaycanın sabitliyini və davamlı inkişafını təmin etdiyini xalq başa düşür. Şübhəsiz ki, bütün bunların əsasında dövlət başçısının "Heydər Əliyev yoluyla'' inamla addımlaması dayanır.
Dünya isə hələ bugünkü qədər gərgin olmamışdır. Ayrı-ayrı regionlarda baş verən münaqişələrin sayı durmadan artır. Bu münaqişələrin xarakterik xüsusiyyəti onların artıq lokal xarakter daşımaması və öz coğrafi sərhədlərindən çıxaraq, daha geniş çərçivədə təsir imkanına malik olmasıdır. Bütün bunların isə yeganə bir səbəbi var. Bu da uzun illər ərzində formalaşmış, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin fəaliyyətinin çərçivəsini müəyyən edən beynəlxalq hüququn birmənalı şəkildə iflasa uğramasıdır. Təəssüflər olsun ki, son bir neçə on illikdə beynəlxalq hüquq yalnız söz olaraq qalır. Beynəlxalq aləmdəki indiki gərginlik - müharibənin astanasında dayanmağımız da beynəlxalq hüquqa münasibətin məntiqi nəticəsidir.
Bəşəri sülhün və ədalətin bərqərar olması üçün isə ilk növbədə beynəlxalq münasibətlər sistemindəki proseslərin xarakterini müəyyən edən böyük dövlətlərin mövqeyinin ədalətli, ardıcıl və birmənalı olması lazımdır. Bu ölkələrin liderləri atdıqları addımların, verdikləri bəyanatların məsuliyyətini dərk etməli və öz mövqelərində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürməlidirlər. Əks halda, qlobal sülh və sabitlik üçün əngəl törədən ziddiyyətlərin və münaqişələrin aradan qaldırılması mümkün olmayacaqdır.
Görəsən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun komandası XXI əsrin ikinci onilliyində ölkələrin, millətlərin, xalqların taleyi ilə birbaşa bağlı olan bu mühüm problemin həllinə öz töhfəsini verə biləcəkmi?
Newtimes.az