“Tarixi faktlar göstərir ki, sistemli dağıntı siyasətini məhz Ermənistan həyata keçirilib” - FOTO - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Tarixi faktlar göstərir ki, sistemli dağıntı siyasətini məhz Ermənistan həyata keçirilib” - FOTO - ŞƏRH

Oksana Orucova13:14 - Bu gün
“Tarixi faktlar göstərir ki, sistemli dağıntı siyasətini məhz Ermənistan həyata keçirilib” - FOTO - ŞƏRH

Son günlər azad edilmiş ərazilərdə guya “erməni irsinin dağıdılması” ilə bağlı iddiaların yenidən gündəmə gətirilməsi informasiya məkanında geniş rezonans doğurub.

Xarici media və bəzi dairələr tərəfindən dövri şəkildə tirajlanan bu iddialar post-münaqişə dövründə regionda formalaşan yeni reallıqlar fonunda xüsusilə diqqət çəkir.

Məsələ təkcə mədəni irs müstəvisində deyil, həm də siyasi, ideoloji və informasiya müharibəsi kontekstində müzakirə olunur. Bu iddiaların intensiv şəkildə gündəmə daşınması isə onların təsadüfi xarakter daşımadığını, daha geniş strategiyanın tərkib hissəsi olduğunu göstərir.

Mövzu ilə bağlı 1news.az-a açıqlama verən , Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki: son günlər azad edilmiş ərazilərdə guya “erməni irsinin dağıdılması” ilə bağlı iddiaların yenidən gündəmə gətirilməsi təsadüfi informasiya dalğası kimi deyil, daha geniş siyasi və ideoloji kontekstin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

"Bu ittihamlar, ilk növbədə, post-münaqişə reallıqlarında narrativ üstünlük uğrunda aparılan mübarizənin elementidir. Yəni burada söhbət faktların obyektiv araşdırılmasından deyil, beynəlxalq ictimai rəyin yönləndirilməsi və Azərbaycanın legitim addımlarının kölgə altına alınmasından gedir.

Tarixi faktlar göstərir ki, mədəni irsə münasibət məsələsində regionda əsaslı və sistemli dağıntı siyasəti məhz Ermənistan tərəfindən həyata keçirilib. Tarixin müxtəlif dövrlərində vandalizm aktları ayrı-ayrı hadisələr kimi baş versə də, Azərbaycanın tarixi torpaqlarında müşahidə olunan proseslər bu anlayışın mahiyyətini dəyişərək onu planlı siyasi strategiyaya çevirib. Hələ antik dövrdə Herostratın Efesdə Artemida məbədini yandırması ilə simvolizə olunan vandalizm anlayışı fərdi motivlərlə izah edilirdisə, Cənubi Qafqaz reallığında bu artıq Ermənistan üçün kollektiv ideologiya və dövlət siyasəti səviyyəsinə yüksəlib".

Elçin Mirzəbəyli

““Laruss” ensiklopediyasında vandalizm “insanı qarşısına çıxan bütün gözəllikləri məhv etməyə sövq edən ruh halı” kimi xarakterizə olunur" - deyə deputat əlavə edib:

“Ermənistanın millətçi dairələrində bu, fərdi psixoloji meyldən çox, kollektiv davranış modelinə çevrilərək konkret siyasi məqsədlərə xidmət edib. Qriqoryan kilsəsi və “Daşnaksütun”, “Qnçak” kimi ultramillətçi təşkilatların ideoloji xətti bu siyasətin əsasını təşkil edib. Məqsəd yalnız ərazi iddialarını əsaslandırmaq deyil, həm də tarixi yaddaşı dəyişdirmək, saxta identiklik formalaşdırmaq və yeni nəsli bu konstruksiya üzərində yetişdirmək olub.

Bu yanaşmanın praktik nəticələri xüsusilə Qərbi Azərbaycanda açıq şəkildə müşahidə olunur. XX əsrin əvvəllərində İrəvan quberniyasında yüzlərlə məscidin mövcudluğu, lakin 1918-ci ildən sonra onların tamamilə yoxa çıxması, yüzlərlə qəbiristanlığın, tarixi abidənin məhv edilməsi təsadüfi vandalizm aktları deyil, sistemli mədəni təmizləmə siyasətinin göstəricisidir. Ümumilikdə 5000-dən çox maddi-mədəniyyət nümunəsinin ya məhv edilməsi, ya da mənimsənilməsi bütöv bir sivilizasiyanın izlərinin silinməsi deməkdir.

Eyni siyasət işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində də davam etdirilib. Burada yalnız abidələrin dağıdılması ilə kifayətlənilməyib, həm də onların mənşəyinin dəyişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilib. Qafqaz Albaniyasına məxsus dini komplekslərin “erməni irsi” kimi təqdim olunması, qəbirüstü abidələrin üzərindəki yazıların silinməsi və simvolların dəyişdirilməsi tarixi saxtalaşdırma siyasətinin açıq nümunələridir.
Toponimlərin dəyişdirilməsi isə bu siyasətin daha dərin qatını təşkil edir. Coğrafi adların sistemli şəkildə dəyişdirilməsi yalnız mədəni deyil, həm də yaddaşın və milli kimliyin transformasiyasına yönəlmiş addımdır. 1920–1987-ci illər arasında yüzlərlə yaşayış məntəqəsinin adının dəyişdirilməsi və sonrakı mərhələlərdə bu prosesin genişləndirilməsi göstərir ki, məqsəd yalnız fiziki izləri deyil, tarixi yaddaşı da silmək olub”.

Millət vəkili həmçinin qeyd edib ki, səsləndirilən ittihamlar reallığı əks etdirməkdən çox, siyasi manipuliyasiya və geosiyasi təzyiq xarakteri daşıyır:

“Bu kontekstdə bu gün Azərbaycan ərazilərində guya “erməni irsinin dağıdılması” ilə bağlı səsləndirilən iddialar ciddi ziddiyyət təşkil edir. Çünki Azərbaycan dövləti əksinə, işğaldan azad edilmiş ərazilərdə bütün dini və mədəni abidələrin inventarlaşdırılması, qorunması və bərpası istiqamətində sistemli addımlar atır. Burada həm İslam, həm xristian, həm də digər dini-mədəni irs nümunələrinin qorunması dövlət siyasətinin tərkib hissəsidir. Bu isə onu göstərir ki, səsləndirilən ittihamlar reallığı əks etdirməkdən daha çox, siyasi manipulyasiya və geosiyasi təzyiq xarakteri daşıyır.

Belə iddiaların yayılması post-münaqişə dövründə sülh prosesinə də mənfi təsir göstərir. Bu cür informasiya hücumları tərəflər arasında etimad mühitinin formalaşmasına mane olur və ictimai rəyin yanlış istiqamətdə yönləndirilməsi riskini artırır. Həmçinin regionda, əsasən də Ermənistanda davamlı sülhün əsas şərtlərindən biri olan obyektiv həqiqətlərin qəbulunu çətinləşdirir.

Əslində, mədəni irs məsələsi siyasi manipulyasiya alətinə çevrilmək əvəzinə, əməkdaşlıq və etimad quruculuğu üçün platforma ola bilərdi. Lakin tarixi saxtalaşdırma və dezinformasiya kampaniyaları bu potensialı zəiflədir və qarşıdurma ritorikasını yenidən aktuallaşdırır.

Bütövlükdə, bu gün səsləndirilən ittihamları ayrı-ayrı hadisələrin şərhi kimi deyil, uzun illər ərzində formalaşmış ideoloji xəttin davamı kimi qiymətləndirmək daha doğru olar. Bu xəttin əsas məqsədi reallıqları təhrif etmək, məsuliyyəti gizlətmək və yeni geosiyasi şəraitdə informasiya üstünlüyü əldə etməkdir. Lakin mövcud faktlar və tarixi materiallar göstərir ki, regionda mədəni irsin sistemli şəkildə məhv edilməsi və saxtalaşdırılması siyasəti məhz Ermənistan tərəfindən həyata keçirilib və bu həqiqət dəyişməz olaraq qalır".

Deputat əlavə edib ki, mövcud şəraitdə bu kimi iddialara yalnız siyasi bəyanatlarla deyil, faktlara əsaslanan sistemli informasiya siyasəti ilə cavab verilməsi daha effektiv nəticə verə bilər.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər