Tbilisi şəhərinin meri: Xarici aktorlar Gürcüstana rahatlıq vermirlər
Xarici aktorlar Gürcüstana rahatlıq vermirlər. Ölkənin müvafiq qurumlarının birgə səyləri nəticəsində onların pozuculuq fəaliyyətinin qarşısı alınır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin sabiq sədri Mamuka Mdinaradzenin “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi"nin rəhbərlərindən olan İqor Blajeviçin iştirakı ilə ölkədə iğtişaş yaratmaq cəhdlərini göstərən videogörüntünün olmasına dair açıqlamasına münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, bu, ölkədə ilk inqilab etmək cəhdi deyil. “Təəssüf ki, bu, ölkədə konkret insanların çevriliş və ya qarşıdurma üçün təlim keçməsi ilə bağlı ilk hal deyil. Bir neçə ay əvvəl inqilabi ssenarinin həyata keçirilməsi ilə bağlı konkret bir videoyazı barədə məlumat aldıq. Ehtiyatlı olmaq lazımdır”, - deyə o bildirib.
Kaxa Kaladze deyib ki, ölkədə sabitliyin qorunması üçün müvafiq qurumların birgə və səmərəli işi vacibdir.
Xatırladaq ki, Mamuka Mdinaradze dünən bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti İqor Blajeviçin iştirakı ilə çoxsaylı səs yazılarının olduğu işi araşdırır.












