Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib – FOTO
Moskvada Həydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milliyyəti yoxdur" adlı qanvermə aksiyası keçirilib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, aksiya İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibbi Universitetinin dəstəyi ilə təşkil olunub.
Universitetin kliniki transfuziologiya və hematologiya kafedrasında keçirilən aksiyada Azərbaycan, Rusiya, Malayziya, Özbəkistan, Gürcüstan və digər ölkələrdən olan 50-dən çox tələbə iştirak edib.
AMOR Nəzarət-Təftiş Komissiyasının üzvü, tibb elmləri namizədi Samir Əliyev aksiyanın əhəmiyyətindən danışaraq bildirib ki, məlum humanitar aksiya həm qana ehtiyacı olanlar, həm də öz sağlamlığı barədə məlumat almaq istəyən insanlar üçün çox vacibdir: "Hər il ənənəvi olaraq "Qanın milliyyəti yoxdur" adlı aksiya adətən Ümumdünya Donorlar Günü - iyunun 14-də keçirilir. Bu il isə qan xəstəliyindən əziyyət çəkənlərin AMOR rəhbərliyinə çoxsaylı xahişləri əsasında aksiyanın noyabr ayında bir daha keçirilməsi qərara alınıb. Təəssüflər olsun ki, qan donoruna ehtiyacı olan xəstələrin əksəriyyəti uşaqlardır".
Qeyd edək ki, L.Əliyevanın təşəbbüsü ilə hər il keçirilən "Qanın milliyyəti yoxdur" adlı aksiyada yüzlərlə gənc iştirak edir. Aksiyadan toplanmış vəsait isə xəstə uşaqların müalicəsinə yönləndirilir.
1news.az