Adı “Qızıl kitab”a yazılan tələbə: Burada təhsil alan ilk və yeganə azərbaycanlıyam – Uğur formulu
Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nərmin Nəcəflidir.
Nərmin Nəcəfli 1996-cı ildə Bakı şəhərində anadan olub. 2003-2014-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə əməkdar müəllim Ədilə Rəhimovanın sinfində təhsil alan Nərmin ali təhsilini xaricdə almağı qarşısına məqsəd qoyur. Beləcə o öz arzusunu Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetində (Hochschule für Musik, Theater und Medien Hannover) fortepiano ixtisasına yiyələnməklə gerçəkləşdirir. Nərmin onlarla yerli və beynəlxalq müsabiqə, festivallarının laureatı, Qran Pri mükafatçısıdır.
Hazırda 3-cü kursda təhsil alan, bu universitetdə ilk və yeganə azərbaycanlı tələbə olan Nərmin öz “uğur hekayəsini” bölüşür:
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
-Təhsil aldığım universitet dünyada klassik musiqi üzrə ən yaxşı təhsil verən ali məktəblərdən biridir. Burada klassik musiqi sahəsində professional musiqiçi olmaq üçün hər bir şərait var. Bu baxımdan bu təhsil ocağı mənim ümidlərimi doğruldur.
- Niyə məhz bu ixtisası seçdiniz?
- Mən 4 yaşımdan musiqi ilə məşğul oluram. Mənim həmyaşıdlarımdan ən böyük fərqim odur ki, ümumtəhsil məktəbindən əvvəl musiqi məktəbinə getmişəm, hərflərdən qabaq notları öyrənmişəm. “A” hərfindən qabaq “do” notonu yazmışam. Əgər başqa uşaqlar orta məktəbin yuxarı siniflərində ixtisas seçirlərsə, mən artıq ibtidai sinifdən bu seçimi etmişdim. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, mən adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülən ən gənc ifaçıyam. 2007-ci il iyunun 14-də, 10 yaşımda bu təqaüdə layiq görülmüşəm. Yəni artıq 10 yaşımda mənim istedadım dövlət səviyyəsində qeyd edilmişdi. 2016-cı il yanvarın 29-da isə Gənclər üçün Prezident mükafatına layiq görülmüşəm. 19 yaşımda belə böyük mükafata layiq görülmək mənim üçün həm böyük şərəfdir, həm də məsuliyyətdir. Mən həmişə bu məsuliyyəti öz üzərimdə hiss edirəm və çalışıram ki, dövlətimiz tərəfindən göstərilən bu böyük etimadı doğruldum.
Azərbaycanı xaricdə ilk dəfə 8 yaşımda təmsil etmişəm. İndiyə qədər ABŞ, Almaniya, Belçika, İngiltərə, İtaliya, Fransa, Polşa, Estoniya, Litva, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq müsabiqə və festivallarda Azərbaycanı uğurla təmsil etmişəm. Təkcə Fransada 5 dəfə olmuşam. Bu, mənim xoşbəxtliyimdir. Yəqin ki, bu uğurlar hər adama qismət olmur. Düzdür, bütün bu nailiyyətlər çox çətinliklər hesabına qazanılıb. Həmyaşıdlarım həyətdə oynayanda, mən saatlarla piano arxasında otururdum. Ancaq məsələ burasındadır ki, məni buna heç kim məcbur etmirdi. Bu mənim öz seçimimdir.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?
- Mən həmişə xarici səfərlərə gedəndə təkcə piano ifa etməklə kifayətlənmir, özümlə Azərbaycan bayrağını və xəritəsini də aparıram. Bəzi tədbirlərə gedəndə isə hətta paxlava və şəkərbura da aparır, tanış olduğum uşaq və müəllimləri milli şirniyyatımıza qonaq edir, onlara Azərbaycan haqqında məlumat verirəm. Bütün bunlar isə az da olsa, Azərbaycanın təbliğinə xidmət edir. Almaniyaya da özümlə Azərbaycan bayrağını, xəritəsini və milli suvenirlər gətirmişəm. Mənim Azərbaycanı dünyada təbliğ etmək üçün daha çox imkanım var. Çünki seçdiyim sənət buna imkan verir.
Əlbəttə, hər bir sənətin öz üstünlüyü var və Azərbaycana hər sahədə yaxşı mütəxəssislər lazımdır. Lakin mədəniyyət sahəsində çalışanlar ölkəni daha çox tanıtmaq gücündədirlər. Böyük dramaturqumuz Hüseyn Cavidin sözlərilə desək, “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”! Buna sübut Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlərdir.Mehriban xanım Əliyeva məhz zəngin mədəniyyətimiz vasitəsilə Azərbaycanı dünyada təbliğ etmək kimi şərəfli bir işlə məşğuldur. Mən hər dəfə xarici ölkə səhnəsində çıxış edəndə Azərbaycanı təmsil etməkdən qürur duyuram. Ən çox qürur duyduğum vaxtlar Parisdə YUNESKO-nun baş qərargahında, Vaşinqtonda, Moskvada, Strasburqda, Brüsseldə keçirilən tədbirlərdəki çıxışlarımdır. Bu konsertlərin sonunda səhnədəki ekranda Azərbaycan bayrağı görünəndə sevincdən gözlərim yaşarır, azərbaycanlı olmağımla fəxr edirəm.
Estoniya və Polşadakı müsabiqələrdə bayrağımızı zalda görəndə isə keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyildi. Çünki hər iki ölkədə bayrağımızın dalğalanması məhz mənim müsabiqədəki uğurlu çıxışımla bağlı idi. Bayrağımızın fonunda beynəlxalq müsabiqənin qalibi kimi şəkil çəkdirmək çox qürurverici bir hissdir. Mən Almaniyada çıxış etdiyim bütün konsertlərdə Azərbaycan musiqisini ifa etməyə çalışıram. Berlində və Hannoverdə Q.Qarayevin, F.Əmirovun, A.Bəbirovun əsərlərini ifa etmişəm. Solo konsertlərimdə repertuarı özüm seçəndə mütləq Azərbaycan musiqisini ifa edirəm. Müsabiqə və festivallarda Azərbaycan musiqisini ifa etmək imkanım olmayanda çalışıram dünya bəstəkarlarının əsərlərini elə məharətlə ifa edim ki, Azərbaycanı uğurla təmsil etmiş olum.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulub. Tələbələr daha sərbəstdirlər. Auditoriyada, dəhlizdə müəllimlərlə tələbələrin münasibəti çox səmimidir.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Qeyd etdiyim kimi mən ixtisasım üzrə ən güclü ali təhsil müəssisələrinin birində təhsil alıram. Ona görə də burada dünyanın demək olar ki, hər yerindən tələbələr var. Bütün tələbələrə çox yaxşı münasibət var. Kimin əcnəbi, kimin yerli tələbə olduğu hiss olunmur. Əcnəbi tələbələr o qədər çoxdur ki, hərdən Yaponiyada, Koreyada, Çində, İngiltərədə, Rusiyada və ya Almaniyada olduğunu hiss edirsən.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
- Mənim 11 il oxuduğum Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunlarının səsi dünyanın bir çox nüfuzlu ali təhsil ocaqlarından gəlir. Çünki orada yüksək peşəkarlar çalışır. Müəllimim Ədilə Rəhimova və başqaları dünya səviyyəsində Azərbaycanı təmsil edə biləcək musiqiçilər yetişdirirlər. Buradakı müəllimim professor Bernd Goetzke isə bu sahədə dünyanın tanınmış mütəxəssislərindəndir. Bu akademiyaya daxil olmaq çox çətindir. 2014-cü ildə mən imtahan verərkən fortepiano ixtisası üzrə 200-dən çox abituriyentdən cəmi 9 nəfər seçdilər. Çox sevinirəm ki, 9 nəfərdən biri mən oldum. Qəbul olan 9 nəfərin hamısı professor Goetzkenin sinfində oxumaq istəyirdi. O, həm fortepiano departamentinin direktoru, həm də imtahan komissiyasının sədri idi. Ona görə də seçimi o etdi. Lakin yalniz iki nəfəri seçdi: məni və Çindən olan bir nəfər oğlanı. Onun kimi bir mütəxəssisin məni seçməyi təkcə mənim yox, oxuduğum Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyən müəllimlərin, bütünlükdə isə Azərbaycan təhsilinin uğurudur.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtım demək olar ki, olmur. Vaxt tapan kimi çalışıram şəhərin görməli yerləri və tarixi abidələri ilə tanış olum. Məsələn, yanvar ayında Berlində Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimində səfirliyimizin dəvəti ilə konsert proqramı ilə çıxış etdim. Sonra Berlinin görməli yerləri ilə tanış oldum. Bu, təkcə Almaniyaya aid deyil. Getdiyim bütün xarici ölkələrdə konsertdən və ya müsabiqədən sonra vaxtım olursa, mütləq ekskursiya edirəm.
- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ?
-Təhsilimi bitirdikdən sonra Azərbaycanda çalışıb, öz xalqıma xidmət etmək istəyirəm. Mənim ən böyük arzum Azərbaycanı dünya miqyasında şərəflə təmsil etməkdir.
- Azərbaycandakı dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Onlara can sağlığı və işlərində uğurlar arzu edirəm. Hər bir sənətdə yalnız gərgin zəhmət sayəsində uğur qazanmaq olar. Ona görə də qarşılarına qoyduqları məqsədə çatmaq üçün dayanmadan çalışsınlar.
1news.az