Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 56 faiz artıb
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Çin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.
1news.az-ın məlumatına görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin, imzalanan sənədlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində mühüm rol oynadığını vurğulayıb:
“Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafında iş adamlarının fəaliyyəti xüsusilə önəmlidir. Hazırda Azərbaycanda Çin kapitalına əsaslanan 77 şirkət fəaliyyət göstərir. Bu şirkətlər neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sahəsində də uğurlu layihələr həyata keçirirlər”.
Diqqətə çatdırılıb ki, Azərbaycanda fəaliyyət göstərən sement zavodları Çin şirkətləri tərəfindən tikilib.
Azərbaycan-Çin ikitərəfli əməkdaşlığının inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev bu ilin 9 ayında Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 56% artdığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan Çinlə əlaqələrin daha da inkişafında maraqlıdır və energetika, nəqliyyat, tranzit yükdaşımaları, investisiya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Nazir Ş.Mustafayev Çin şirkətlərini fəal əməkdaşlığa dəvət edib.
Çinin “CNPC” şirkətinin İdarə Heyətinin üzvü Vanq Şihonq Azərbaycan-Çin siyasi-iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib.
V.Şihonq Azərbaycanda Qaz Emalı və Kimya Kompleksinin yaradılması layihəsindən danışaraq, 2016-cı ildə “CNPC” şirkəti ilə SOCAR arasında Anlaşma Memorandumunun imzalandığını və layihənin uğurla reallaşdırılacağına əminliyini vurğulayıb. Bildirilib ki, “CNPC” şirkəti Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Görüşdə Çin şirkətlərinin azərbaycanlı həmkarları ilə əlaqələrinin genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.
1news.az