Azərbaycanlı məşhurlar kimsəsiz uşaqlar üçün birləşdi – FOTO
Prezident yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Qorxma, mən səninləyəm - xüsusi qayğıya ehtiyacı olan gənclərə sosial dəstək” layihəsi uğurla davam etməkdədir.
Layihə rəhbəri, gənc fəal Şəhriyar Möhsümovun sözlərinə görə, layihənin əsas məqsədi əhalinin həssas qrupu olan uşaq evləri və internat məktəblərində yerləşdirilmiş gənclərə cəmiyyətin hər bir üzvünün fərdi dəstəyinin önəmini vurğulamaqla sosial mesajın verilməsidir.
“Statistikaya nəzər yetirsək görərik ki, təkcə 2015-ci ildə internat müəssisələrində təlim tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602 nəfərdir. O cümlədən, bu say ümumi təhsil internat məktəblərində 458 nəfərə çatıb və bu göstəricilər gündən-günə artmaqdadır. Təbii ki bunlar ağır göstəricilərdir. Lakin fərd olaraq hər bir vətəndaş öz üzərinə düşən insanlıq borcunu yerinə yetirməklə, sadəcə kimsəsiz uşaqlara gözəl həyata atılması üçün bir körpü rolunu oynamaqla bu nəticələri qismən də azalda bilər”, - deyə layihə rəhbəri bildirib.
O qeyd edib ki, artıq layihə çərçivəsində Azərbaycanın fəxrləri – İlqar Muradov, Fəxrəddin Manafov, Mənsum İbrahimov, Fidan Hacıyeva, Zulfiyyə Hüseynova, Mehriban Zəki, İlham Zəkiyevlə çəkilişlər edilib.
Sosial çarx şəklində hazırlanacaq videoda kimsəsiz uşaqlar üçün çağırışlar ediləcək. Daha sonra çarxın təqdimatı keçiriləcək.
Qeyd edək ki, videoçarxın rejissoru Cavanşir Eladisoydur.
1news.az