“Həyəcan Siqnalı 2” layihəsi keçiriləcək
Həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyiylə 9 – 12 dekabr Bakı şəhərində baş tutacaq.
1news.az xəbər verir ki, “Həyəcan siqnalı 2” layihəsi Azərbaycan jurnalistikasına töhvə verərək, gənc jurnalistlərin hərbi sahədə biliklərini artıracaq, jurnalistlərin hərbi gərginlik zamanı informasiyanın cəmiyyətə düzgün çatdırılmasına yardımçı olacaq.
Layihə ekstremal şəraitdə işləyən jurnalistlərin özünü qoruması, düzgün informasiya alıb cəmiyyətə çatdırılmasının öyrədilməsi məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərəcək 25 gənc jurnalistin “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktiki bilikləri” artırılacaq. Layihə Azərbaycanın gənc jurnalistlərinin informasiya müharibəsi müddətində qeyri-peşəkarlığını aradan qaldırılmasına, eləcədə vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiq qalaraq insanlarda təşviş yarada biləcək və ölkə maraqlarına zərbə vura biləcək informasiyaların yayılmasının qarşısının alınması yollarını təbliğ etməyə xidmət edəcək. Layihə çərçivəsində jurnalistlərin öyrəndikləri nəzəri bilikləri praktiki tətbiq etmək üçün şərait yaradılacaq.
Layihənin əsas məqsədi hərbi sahəni işıqlandırmağın hüquqi-təcrübi-psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, cəbhədən xəbərlər yayan jurnalistlərin peşəkarlığının artırılmasına yardım etməkdir. Eyni zamanda məqsəd mediada milli təhlükəsizliyə xələl gətirən informasiyalar yayılmasının qarşısının alınmasıdır.
1news.az