Fərid Abuşov: DəmirBank ölkəmizin ən uzunömürlü banklarından biri olaraq hər zaman bazardakı mövqeyini möhkəmləndirib
“Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşovun 1news.az-a müsahibəsi:
- Bank sektoru və DəmirBank-ın ümumi vəziyyətini necə qiymətlədirirsiniz?
- Son zamanlar iqtisadiyyatda baş verən dəyişikliklər digər sektorlarda olduğu kimi Bank sektorundan da yan keçməmişdir. Bildiyiniz kimi, banklar əhaliyə çox istiqamətli xidmətlər göstərən qurumlardır. Bu dəyişikliklər hər bir istiqamətə fərqli formada təsir edib. Ümumilikdə sektorda kiçilmə baş versə də, elə bank xidmət və məhsulları var ki, əksinə indiki şəraitdə onlar üçün geniş inkişaf imkanları açılıb. DəmirBank olaraq da mövcud şəraiti nəzərə alaraq həmin sahələrə hədəflənmişik. 27 illik fəaliyyəti dövründə DəmirBank dəfələrlə iqtisadi böhranla üz-üzə qalmış, nəticədə hər birindən uğurla çıxmışdır.
Dəyişikliklər bank sektorunda daha çox kreditlərlə bağlı problemlər yaratmışdır. Lakin bu istiqamətdə də DəmirBank tərəfindən müştərilərlə mütəmadi görüşlər keçirilir və onların bugünkü maliyyə durumu tam ödəniş etməyə imkan vermirsə, mütləq güzəştlər və möhlətlər verilir. Çünki bu gün krediti əvvəlki kimi ödəyə bilməyən müştəridən birdəfəlik “üz döndərmək” də çıxış yolu deyil. Müştərinin real vəziyyətini anlamağa çalışır, bankımızla əvvəlki münasibətlərini mütləq nəzərə alırıq.
Təbii ki, bazarın stabilləşdirilməsi istiqamətində dövlət tərəfindən də müvafiq tədbirlər görülür. Məsələn, əhalinin əmanətlərinin banklardan axınının qarşısını almaq üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən bazardakı vəziyyətə uyğun faizlər tətbiq edilir. Biz də məhsullarımızın şərtlərini bu tədbirlərə uyğunlaşdırmağa və müştərilərimizə yeni məhsullar təklif etməyə çalışırıq.
Hazırda bazar vəziyyətinə uyğun və beynəlxalq təcrübəyə əsaslanaraq qısamüddətli və uzunmüddətli inkişaf planımızı hazırlayırıq. Bu proses partnyor beynəlxalq təşkilatlar və səhmdarlarımız - Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiya Maliyyə təşkilatının da sıx əməkdaşlığı formasında aparılır. Əlavə olaraq qeyd edim ki, bazarın çağırışlarına uyğun olaraq Bankın nizamnamə kapitalının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Kapitalın artımı da DəmirBankın uzunmüddətli dayanıqlılığı və stratetji inkişaf hədəflərinin reallaşmasına imkan yaradacaq.
- Kapitalın nə qədər artırılması nəzərdə tutulub?
- DəmirBank-ın nizamnamə kapitalının 150 milyon manata çatdırılması nəzərdə tutulub. Yaxın zamanda bununla bağlı daha ətraflı məlumat verəcəyik.
- Aybaay açıqlanan rəqəmlər əhalinin əmanətlərinin davamlı olaraq azalmasını göstərir. Əhalinin bank sisteminə inamını artırmaq istiqamətində sizin bank hansı tədbirləri planlaşdırır?
- Bank sektoruna yerləşdirilən əmanətlərdə azalmanın müşahidə olunması müxtəlif amillərdən asılıdır. Hesab edirəm burada iki əsas səbəb var. Səbəblərdən biri makroiqtisadi amillərin təsiridir. Hazırda ölkə iqdisadiyyatı kiçilmə dövrünü yaşayır. Belə dövrlərdə gəlir səviyyəsinin azalması müşahidə olunur ki, əhali və digər iqtidadi subyektlər gəlirlərin düşməsini bir tərəfdən istehlakını və ya investisiyalarını azaltmaq, digər tərəfdən isə topladıqları maliyyə ehtiyyatlarından istifadə etməklə kompensasiya edirlər. Belə bir şəraitdə həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin tədrici amortizasiyası gözləniləndir.
Digər səbəb isə, iqtisadiyyatda baş verən daralmanın bank sektorunun dayanıqlığına təsiri ilə bağlıdır. Təbii haldır ki, sözü gedən tənəzzül və iqtisadi daralma bank sektorunun qeyri sabit 90-cı illərdən sonra əhali qarşısında illər boyu qazandığı etibarına təsirsiz ötüşməmişdir.
Qeyd etmək istərdim ki, 2016-cı ilin başlanğıcından 6000-ə yaxın müştəri tərəfindən DəmirBank-a manat ekvivalentində 175 milyon vəsait yerləşdirilib. Bu göstəricinin əsas səbəbi daim müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növlərinin təklif edilməsi ilə yanaşı, bank tərəfindən öhdəliklərin vaxtında yerinə yetirilməsidir. Həmçinin DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə müştərilərin yerləşdirdikləri vəsaitlərin sığortalanmasını təmin edir.
Bununla belə, biz - bank olaraq, zəmanənin tələbləri və hər bir müştərinin gözləntilərinə uyğun xidmətlərimizi daha da rahat və göz qırpımında əldə olunacağı qədər sürətli etməyə çalışırıq. Əmanət müştərilərinə münasibətdə bu siyasət əmanətçilərə bankda yerləşdirdikləri vəsaitlərə ani çıxışlarını təmin etmək və vəsatiləri 24/7 müştərilərin sərəncamında saxlamaqdan ibarətdir. Nümunə olaraq DəmirBank-ın “Plastik kartla Yığım əmanəti” məhsulunu qeyd etmək istərdim. Müştərilər illik 6%-dək faiz gəliri əldə etməklə yanaşı, istənilən vaxtda bankın filialına gəlmədən “DəmirPay” yaşıl ödəniş terminallarından istifadə edərək, vəsait yatırmaq imkanı ilə bərabər, həmin vəsaitləri Dəmirbank-ın ATM-ləri vasitəsilə hər hansı bir komissiya tutulmadan nağdlaşdırmaq imkanına malikdirlər. Eyni zamanda bir müddət öncə istifadəyə verilmiş bankın 24/7 filialı müştərilərə onlara uyğun olan vaxtda vəsaitlərini banka yerləşdirmək imkanını verir. Eyni zamanda gələcək üçün əsas hədəfimiz “DəmirPay” ödəniş terminalları və eləcə də bankın bazara növbəti ay tam yeni mobile və internet banking xidmətlərinin müştərilərin istifadəsinə verməklə, müştərilərin banka əl çatan qədər yaxın olmaqlarını təmin etməkdir.
- İstehlak kreditlərinin verilməsinin sərtləşməsindən sonra hansı sahələr üzrə kreditləşməni planlayırsınız?
- Son proseslərdən sonra bazarın nisbətən sıxılmağını müşahidə edirik. Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı “Məsuliyyətli kreditləşmə” sənədinə əsasən devalvasiyadan sonra istehlak kreditlərinin verilməsində bir qədər sərtləşmə müşahidə olunmağa başladı. Sözügedən sənədin əsas məqsədi bankların kredit verərkən daha məsuliyyətli olmasını təmin etməkdir. Hazırki vəziyyət də buna uyğun addımlar atmağımızı tələb edir. Bununla bağlı olaraq məhsul strategiyamızda müəyyən dəyişikliklər etmişik. Bu zaman həm bazardakı tələb, həm rəqabət şəraiti, həm də risklilik nəzərə alınır.
Dəmirbank-ın əsas strateji istqamətlərindən biri sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsidir. Bizim üçün biznes kreditləşməsi prioritet istiqamətlərdən biri olduğundan, bankımız sahibkarlarımıza uzunmüddətli investisiya layihələrinin maliyyələşdirməsi və eyni zamanda dövriyyə vəsaitlərinin əvəz edilməsi üçün kredit məhsulları təklif edir. Qeyd etmək istəyirəm ki, uzun illər olduğu kimi bankımız hazırda da Sahibkarlığa Kömək Milli Fondu ilə uğurlu əməkdaşlığını davam etdirməklə, sahibkarlarımıza çox sərfəli şərtlərlə maliyyə resurlarına çıxış imkanını təklif etməkdə davam edir.
İstənilən halda rəqabət qabiliyyətli olmağın əsas şərtlərindən biri bazarda baş verən dəyişikliklərə vaxtında, lazımi reaksiya verə bilməkdir. DəmirBank ölkəmizin ən uzunömürlü banklarından biri olaraq hər zaman yenilənmiş, innovativ və çevik bank olaraq bazardakı mövqeyini möhkəmləndirmişdir.
- Müştəri məmununiyyəti istiqamətində Bankınız tərəfindən hansı tədbirlər görülür?
- Bildiyiniz kimi DəmirBank həm Bakıda, həm də regionlarda geniş filial şəbəkəsinə malikdir. Biz bütün filiallarımızda eyni dərəcədə yüksək müştəri xidmətinə nail olmağa çalışırıq. Müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı xüsusi layihəmiz var. Hazırda layihə icra prosesindədir. İnanıram ki, layihənin uğurlu icrası ilə DəmirBank-da müştəri xidməti keyfiyyəti daha da artacaq, müştərilər DəmirBank-la işləməyə daha maraqlı olacaqlar.
Bundan əlavə, bildirmək istəyərdim ki, DəmirBank əsasən regionlarda olmaqla maliyyə savadlılığının artırılması istiqamətində çeşidli fəaliyyət göstərməkdədir. Təsadüf deyil ki, Bankımız bu sahədə apardığı işlərə görə Azərbaycan Mikromaliyyə Assosiyasiyası tərəfindən qiymətləndirilərək “Müştərilərin maliyyə savadlılığının artırılmasına önəm verən təşkilat” nöminasiyasının qalibi seçilmişdir. Artıq bir neçə ildir ki, Mərkəzi Bankın ölkə əhalisinin maliyyə savadlılığı səviyyəsinin artırılması məqsədilə həyata keçirdiyi "Maliyyə savadlılığı" layihəsində fəal iştirak edirik. Hər il layihə çərçivəsində bankın əməkdaşları Bakı və regionlarda yerləşən müxtəlif məktəblərdə, ali təhsil müəssisələrində maliyyə savadlılığı mövzusunda tədbirlər keçirir. Bankımız həmçinin regionlarda yaşayan qadın müştərilərinin maliyyə savadının artırılması məqsədilə ilə xüsusi “Maliyyə savadını artır – Gələcəyini planlaşdır” mövzusunda təlimlər keçirib. Layihə DəmirBankın, Polşa Mikromaliyyə Mərkəzi (MFC), Azərbaycan Mikromaliyyə Assosiyasiyası (AMFA) və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilib.
- Bankınız hansı növ yeni məhsulları bazara çıxarmağı planlaşdırır? Yeni marketinq hədəfləriniz nələrdir?
- Əsas məqsədimiz təqdim etdiyimiz məhsul və xidmətlərlə müştərilərin məmnuniyyətini artırmaq və onların rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyaların tətbiq edilməsidir. Qısa müddətdə yeni innovativ internet və mobil bankçılıq xidmətləri müştərilərimizin istifadəsinə veriləcək. Qeyd etmək istəyirəm ki, mobil və internet bank vasitəsilə əməliyyatların aparılması və qeyri-nağd əməliyyatları təşviq etmək üçün müştəriləmizə DəmirClick xidmətindən istifadə edərək bank əməliyyatlarının aparılmasını tarif və qiymət qoyma baxımından daha sərfəli olacaqdır. Bildiyiniz kimi, nağdsız ödənişlər DəmirBank üçün həmişə prioritet sahələrdən biri olub. Bu istiqamətdə bir neçə yeni layihəmiz üzərində iş gedir. Yaxın zamanda yeni multifunksional kartı müştərilərə təqdim edəcəyik. Əlavə olaraq bankın bu il istifadəyə verdiyi 24/7 filialının uğurunu nəzərə alaraq, müştərilərimizə daha yaxın olmaq üçün 24/7 formatlı elektron şöbələrin istifadəyə verilməsi üzərində də işlər aparılır. Bu yaxınlarda belə 24/7 xidmət məntəqələrindən birinin yeni təmir olunmuş Dəmir Yolu Vağzalında şəhərimizin qonaq və sakinlərinin istifadəsinə verilməsi planlaşdırlır.
Bazara yeni məhsullar çıxartmaqla bərabər mövcud məhsul və xidmətlərimizin şərtlərinə də mütəmadi nəzər yetirir, onları bazarın, texnologiyaların bugünkü tələblərinə uyğunlaşdırmaq üçün yeniləyirik.
Bütün yeniliklərimizi daha rahat çatdırmaq məqsədilə qısa zamanda rahat, fərqli dizayn ilə yeni korporativ sayt müştərilərin xidmətinə veriləcəkdir.
- Maraqlı müsahibə üçün təşəkkürlər.
- Sizə də təşəkkürlər.
1news.az