“Samsung” 8 milyardlıq müqavilə imzalayacaq
“Samsung Electronics” akustik sistemlər istehsalçısı “Harman International Industries” şirkətini aldığını elan etdi.
1news.az Technote-yə istinadən xəbər verir ki, müqavilənin dəyəri 8 milyard dollar təşkil edir və 2017-ci ilin yay fəslinədək bağlanması planlaşdırılır.
“Harman” dünya bazarında professional səviyyədə akustik sistemlər istehsal edən məşhur şirkətlərdən biridir. Şirkət, Harman/Kardon, JBL, Mark Levinson, AKG, Lexicon, Revel və Infinity brend adları ilə müxtəlif məhsullar istehsal edir.
Güman olunur ki, müqavilənin bağlanması yekunlaşandan sonra "Harman”, "Samsung”un törəmə şirkəti olacaq. "Samsung”, şirkətin işçilərini, mərkəzi binasını, obyektlərini, istehlak və professional audiobrendlərini olduğu kimi saxlamağı planlaşdırır. "Harman”ın alışı "Samsung”a avtomobil akustika sahəsində yerini möhkəmlətməyə köməklik edəcək.
Qeyd edək ki, bu il ərzində "Harman” satışlarının 65%-i məhz avtomobillərdə istifadə olunan akustik sistemlərə aiddir. Şirkətdə 8000-ə yaxın proqram təminatı işçiləri və mühəndislər çalışırlar. "Harman”ın sahib olduğu texnoloji imkanlar "Samsung”a smartfon, planşet, virtual reallıq cihazı və televizor bazarında rəqabət qabiliyyətinin artmasına şərait yaradacaq.
1news.az