Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək
Prezident İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Böyük tarixi keçmişə malik Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılıq özünəməxsus yer tutur. Milli həyat tərzimizin mühüm amili olan və çoxəsrlik inkişafı boyunca yüksək bədii-estetik keyfiyyətləri ilə seçilən bu dəyərli sənət xalqımızın zəngin dünyagörüşünün, təfəkkürünün və mənəvi varlığının aydın ifadəçisinə çevrilmişdir.
Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq işlər uğurla aparılmaqdadır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanın qədim xalçaçılıq sənəti ənənələrinin qorunub yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, eləcə də geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin təmin olunması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az