“Əli və Nino” filmi Nyu-York izləyicilərini heyran edib – FOTO
Noyabrın 15- də Nyu-Yorkda Qurban Səidin müəllifi olduğu və dünya ədəbiyyatının nadir əsərlərindən biri hesab edilən “Əli və Nino” kitabı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filminin premyerası baş tutmub.
1news.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, premyera Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan “Sunshine” kinoteatrında keçirilib.
Tədbirin açılışında çıxış edən filmin prodüseri Kris Tikiyer dözümlülük və multikulturalizmin dövrümüzün və günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulayıb, “Əli və Nino” filminin bu mövzuda əhəmiyyətli mesaj göndərdiyini bildirib. Kris Tikliyer filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın xüsusi rolunu qeyd edib. Kris Tikliyerə görə xanım Leyla Əliyevanın güclü Azərbaycan kimliyi və dərin Azərbaycan sevgisi bu filmin reallığa çevrilməsində və uğurlu alınmasında mühüm töhfə vermiş faktorlardan biri olub.
Tədbirə kino industriyasının dünyaca məşhur adlarından olan Kris Tikliyerdən başqa filmdə Əli rolunu canlandıran Adam Bakri və Mendi Patinkin də xüsusi qonaq qismində qatılıb. Adam Bakri nümayişdən öncə çıxış edərək “Əli və Nino” filminin fərqli yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu bildirib.
Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edərək Qurban Səidin müəllifi olduğu bu ədəbiyyat əsərinin həm ölkəmizin, həm də bölgəmizin tarixinin və mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. Həmçinin, Elin Süleymanov qeyd etdi ki, mədəni irsimizin mühüm parçalarından biri olan “Əli və Nino” əsəri əsasında çəkilmiş bu film bölgədəki milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. Məhz buna görə, Elin Süleymanov belə müstəsna əsər əsasında filmin nəhayət ki işıq üzü görməsində xüsusi əməyi və töhfəsi olan xanım Leyla Əliyevaya dərin minnətdarlıq ifadə etdi.
“Əli və Nino” filmi premyerada Nyu-Yorklu izləyicilər tərəfindən maraq və alqışlarla qarşılandı. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını qeyd etdilər.
“Əli və Nino” filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.