Azərbaycan Müəllim İnkişaf Mərkəzinin yeni binasının açılışı olub – FOTO
Bu gün Bakıda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) yeni binasının açılış mərasimi keçirilib.
1news.az-a TEAS-dən verilən xəbərə görə, açılış mərasimində nitq söyləyən Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov bildirdi ki, Azərbaycan Müəllim İnkişaf Mərkəzinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsinə töhfə vermək məqsədilə yaradılmışdır.
O, qeyd etdi ki, təhsilin inkişafına dəstək Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətində əsas strateji istiqamətlərdən biridir. Cəmiyyət 2011-ci ildə dünyanın ən qabaqcıl təhsil standartlarına cavab verən Avropa Azərbaycan Məktəbini təsis etmişdir.
Məktəb haqqında məlumat verən T.Heydərov dedi ki, 3-6 yaşlı uşaqlar üçün Erkən Təlim Mərkəzi, İbitdai və Tam orta məktəbi özündə birləşdirən yerli və beynəlxalq təlim proqramları üzrə təhsil verən kompleksdir. Hazırda minə yaxın şagirdin təhsil aldığı bu model təhsil mərkəzi Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) və Beynəlxalq Məktəblər Şurasına (CIS) üzv qəbul edilmiş, həmçinin Beynəlxalq Bakalavriat Təşkilatının Diplom Proqramı üzrə avtorizasiya almışdır.
TEAS sədri vurğuladı ki, təhsil sahəsində layihələrimizin davamı olaraq təlim prosesində əsas faktor olan müəllim hazırlığına da xüsusi önəm verilmişdir. Bu məqsədlə postsovet məkanında müəllim hazırlığı üzrə yeni model – Müəllim İnkişaf Mərkəzi yaradılmışdır. Mərkəzə müəllimlər üçün əlavə təhsil mərkəzi kimi dövlət tərəfindən lisenziya verilmişdir. Mərkəzin işini müsir standarlar səviyyəsində təşkil etmək üçün beynəlxalq səviyyəli mütəxəssislər cəlb edilmiş və müəllim hazırlığı üzrə yeni proqramlar yaradılmışdır. Mərkəzdə müəllim hazırlığı üzrə ən müasir elmi-pedaqoji və tədris kitablarını əhatə edən kitabxana yaradılmış və o, İT-yə əsaslanan tədris avadanlıqları ilə təmin edilmişdir.
Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktoru Qrem Polak mərkəzin qarşısına qoyulan missiyanı uğurla yerinə yetirəcəyini əmin olduğunu bildirdi. O daha sonra məlumat verdi ki, 17 noyabrda AMİM-in təşkilatçılığı ilə “Təlim Keyfiyyətinin Yüksəldilməsi” adlı Beynəlxlaq Təlim Konfransının açılışı olacaqdır. İki gün ərzində keçiriləcək konfransda 600-dən artıq iştirakçı qeydiyyatdan keçib. Konfransda təhsil üzrə tanınmış məruzəçi və tədqiqatçılar, iki tanınmış beynəlxalq məruzəçi - Bill Martin (ABŞ) və Debra Masters (Yeni Zellandiya) çıxış edəcəkdir.
Amerikalı təhsil mütəxəssisi Bill Martin təhsilin inkişafını dəstəkləmək və müəllim hazırlığını təkmilləşdirilməsi məqsədi ilə belə bir mərkəzin yaradılmasını olduqca əhəmiyyətli layihə olduğunu, inkişaf edən Azərbaycan üçün bu istiqamətdə layihələrin reallaşdırılmasının vacib hesab etdiyini bildirdi.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev ölkəmizdə təhsil islahatlarının uğurla davam etməsində Azərbaycan Müəllim İnkişafı Mərkəzinin də dəstək verəcəyini vurğuladı.
Sonra Mərkəzinin açılışını bildirən rəmzi lent kəsildi.
1news.az