İlham Əliyev: Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir – FOTO

10:35 - 16 / 11 / 2016
İlham Əliyev: Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir – FOTO

Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir.

Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

“Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq”, - deyən Azərbaycan Prezidenti bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər. Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik.

Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. 2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, “Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir.

Prezident İlham Əliyev dedi ki, bu il oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfər etdi, dini icmaların rəhbərləri ilə görüşdü. Roma Papası Bakıda dinlərarası dialoqun mövcudluğundan danışdı. Bu, bizim əldə etdiyimiz nəticədir. Çünki bu gün dünyada dini, etnik toqquşmaları görürük və bu, bizi çox narahat edir. Ona görə də biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq. Biz əməkdaşlığın tərəfdarıyıq.

Dövlətimizin başçısı qeyd etdi ki, müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və anlaşma şəraitində yaşayırlar. Biz istərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayaraq dedi ki, SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul ediblər. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılıb. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur.

Prezident İlham Əliyev bir daha vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir.

Ölkəmizin iqtisadi uğurlarından danışan dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib.

İqtisadiyyatımızın şaxələndirilməsi davam edəcək. Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac və tranzit potensialını genişləndirəcək. Həmin dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda, qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir. Prezident İlham Əliyev Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyləyərək dedi ki, 250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub.

Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Medianın dəstəyi olmadan bu, mümkün deyil.

Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokovanın videomüraciəti nümayiş etdirildi. Müraciətdə deyilir:

 “Möhtərəm Azərbaycan Respublikasının Prezidenti.

Xanımlar və cənablar.

Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının iştirakçılarına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Dünyanın 100-dək ölkəsindən nüfuzlu media xadimləri rəqəmsal inqilab və jurnalistlərin qarşılaşdığı təhdidlər də daxil olmaqla, jurnalistikanın aktual problemlərini müzakirə etmək üçün bu tədbirlərə toplaşıblar.

Hesab edirəm ki, bu, gələcək fəaliyyətimizin uğurunun başlanğıc nöqtəsidir. Biz insan hüquqları və ləyaqəti, qanunun aliliyi və yaxşı idarəetmə, demokratiya və davamlı inkişaf naminə müstəqil, etik və plüralist medianın vacibliyinə inanırıq. Keyfiyyətli jurnalistika cəmiyyətlər üçün heç vaxt olmadığı qədər vacibdir və onun başlıca vəzifəsi əsasən böhran və münaqişələr zamanı cəmiyyətin etibarlı informasiyaya tələbatını ödəməkdən, onun maraqlarını təmin etməkdən, söz azadlığı üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

Bu kontekstdə mən Azərbaycan Prezidentinə bu təşəbbüsü irəli sürdüyünə görə minnətdarlığımı bildirirəm.

Konqresin bütün iştirakçılarına, xüsusən də UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının nümayəndələrinə təşəkkürümü bildirirəm. Tədbirin işinə uğurlar arzulayıram və ümid edirəm ki, biz ifadə azadlığının möhkəmləndirilməsi, azad informasiya axınının təmin edilməsi və keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi yolunda birgə işləyəcəyik. Çox sağ olun”.

UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış edərək dedi:

“Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti.

Xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Siz burada UNESCO-nun baş direktorunun müraciətini dinlədiniz. Təbii ki, mən videomüraciətdə söylənilənləri təkrarlamayacağam.

Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası yüzədək xəbər agentliyinin rəhbərlərini, media peşəkarlarını bir araya gətirərək dünyada milyardlarla insanın xidmətində duran agentlik rəhbərlərini, baş redaktorları, reportyorları və guşə yazarlarını buradan salamlayır. UNESCO Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə təsis edilən Dünya Xəbər Agentlikləri Konqresinin, o cümlədən UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə qurulmuş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının yaradıcılarından biridir.

Üç gün ərzində siz Bakıda dünya mediasının durumunu, xəbər agentliklərinin rolunu müzakirə edəcəksiniz və ifadə azadlığını təmin edən şəraitlər barədə diskussiyalar aparacaqsınız.

Xəbər agentlikləri informasiya mübadiləsinin və media plüralizminin aparıcı qüvvəsi olaraq qalır və bu, öz növbəsində, mədəni və intellektual müxtəlifliyi təmin edir. Media müxtəlifliyi və plüralizm fərdi idealları zənginləşdirmək, ümumi mədəni təcrübəni müxtəlif rəylər, hekayətlər və informasiya ilə dərinləşdimək imkanı yaradır. Bu cür vasitələrlə sərhədlər aşılaraq ölkələr arasında mədəniyyətlərarası dialoq təşviq edilir, azad mətbuat və fərqli rəylərin təmin olunmasını mümkün edən ifadə azadlığı möhkəmlənir. Biz, həmçinin bilməliyik ki, xəbər agentlikləri məlumatın əldə edilməsi və mübadiləsində əsas iştirakçı olaraq qalır. Faktiki surətdə, xəbər agentliyi olmadan məlumatı əldə etmə hüququnu təmin edən qanunvericilik informasiya azadlığı prinsipinin təmin edilməsi və həyata keçirilməsində güclü vasitə ola bilməz.

İnternet inqilabı baş verdikdən sonra keyfiyyətli jurnalistika heç vaxt görünmədiyi kimi mühüm məsələ olaraq alır. Medianın rolu etibarlı məlumat verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən və xüsusən də böhran, münaqişə zamanı cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarətdir. Reportajların verilməsi zamanı etikanın gözlənilməsi xəbərlərin toxunduğu sosial dinamikaya bələd olaraq münaqişəli məqamların nəzərə alınmasını, eləcə də bəsit və qızışdırıcı hekayətlərin arxasınca qaçmaq istəyinin kənara qoyulmasını tələb edir. Bu, faktların və rəqəmlərin araşdırılmasını, səbəblərin bildirilməsini, antaqonizmi qızışdırmağa çalışan şəxslərin motivasiyasını, eləcə də ahəngdarlıq və birgəyaşama naminə çalışan şəxslərin işini nəzərdə tutur.

Xanımlar və cənablar, bu cür çoxşaxəli və plüralist medianın təhlükəsiz mühitə ehtiyac duyması ilə əlaqədar hətta UNESCO-nun üzv dövlətləri bizə güclü dəstək versə də, media azadlığı və ifadə azadlığı təzyiqlər altında qalmaqdadır. Son on illik ərzində ümumən 827 jurnalist məlumatı ictimaiyyətə çatdırdığına görə həyatından məhrum olub. Orta hesabla desək bu, hər 5 gündə bir ölüm halı deməkdir. Ümumiyyətlə, media peşəkarları və xəbər agentliklərinin reportyorları nəinki verdikləri reportaja görə hədəfə, o cümlədən ekstremistlərin təbliğatına qarşı fəaliyyətinə görə qurbanlara çevrilirlər.

Media icması üzv dövlətlərlə yanaşı, hamı üçün keçmiş və yeni media, reportyorlar və azad yazarlar, jurnalist və sosial media yaradıcıları üçün daha təhlükəsiz mühit yaratmaq məqsədilə birləşməlidirlər. Bu, jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq təhlükəsizliyi ilə bağlı baş direktorun noyabrın 17-də üzv dövlətlərə rəsmən təqdim edəcəyi hesabatın əsas mesajıdır.

Mən müzakirələrinizdə sizə uğurlar arzulayıram. Qoy, media plürazilimin və redaktor müstəqilliyinin dəstəklənməsi və gücləndirilməsi, eləcə də xəbərlərin azad axınının möhkəmləndirilməsi, jurnalistika üçün təhlükəsiz mühitin qurulması sahəsində aparılan iş müzakirələrinizin və qərarınızın mərkəzində olsun. Diqqətinizə görə çox sağ olun.

Daha sonra xatirə şəkli çəkdirildi.

Fasilədən sonra açılış mərasimi çıxışlarla davam edir.

Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan Konqresin sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, “Los-Angeles Times” qəzetinin, “Al Arabiya” televiziyasının rəhbərləri, “Tripod Advisors”, “News Corp”, “PwC”, “Axel Springer”, “Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konqresdə iştirakçı agentliklərin “Xəbər”, “Bayramlar” və “İdman” mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib.

Tədbir çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Bununla da Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq, İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər. Bakı Konqresində Şuranın yeni üzvləri seçiləcək.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 44 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

İnformşuranın noyabrın 16-da keçiriləcək XXII Bakı iclasının gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.

1news.az

Paylaş:
747

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər