Azərbaycanın intellektual birincisi kim olacaq? – yarış başlayır
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən “Azərbaycanın İntellektual Birincisi” layihəsinə start verilir.
1news.az xəbər verir ki, Prezident İlham Əliyevin iştirakı ilə Gənclər Gününə həsr olunmuş görüşdə ölkə başçısı intellektual oyunların və intellektual televiziya proqramların gənclərin özünü inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirməsi və bundan irəli gələrək “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi üzrə yeni layihəyə həyata keçirməyi qərara alıb.
Təşkilat intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il noyabr-dekabr aylarında “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub.
İctimai Birlikdən məlumat verilib ki, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarını artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
Gənclərə, onların maarifləndirilməsinə istiqamətlənən, Azərbaycan Respublikasının 9 regionunda 4 intellektual oyun (Xəmsə, Nə? Harada? Nə zaman?, Kod Da Vinçi, Vətəni Tanı) üzrə baş tutacaq “Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində 10 region, 75 rayon, 1336 iştirakçının olması gözlənilir və hər rayon 17 nəfərlik komanda ilə çıxış edir.
Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. 2016-cı il noyabr-dekabr aylarında planlaşdırılan birinci mərhələdə 64 region və 11 Bakı rayonlarının iştirakı ilə, hər birinin öz inzibati-iqtisadi bölgüsünə müvafiq olaraq, Tərtər, Quba, İsmayıllı, Şəki, Biləsuvar, Lənkəran, Mingəçevir, Şəmkir, Naxçıvan və Bakı şəhərlərində yarışlar baş tutacaq. İkinci mərhələdə, 2016-cı dekabr ayında, Bakı şəhərində iqtisadi rayonların qalib komandaları arasında final yarışı keçiriləcək.
1news.az