Mübariz Əhmədoğlu: Erməni diasporunun pulu ekzotik trayektoriyalar yaradır
Yeni təyinatlar və ordunun maliyyələşməsinin müzakirəsi Ermənistan cəmiyyətinin dərin qatlarını aşkarladı. Cavan yaşlı olmalarına baxmayaraq, yeni təyin olunan vəzifəli şəxslər böyük var-dövlət sahibi olması ilə xarakterizə olunur. Yeni təyin olunan vəzifəlilərin bir çoxunun ABŞ-da mülkləri üzə çıxdı. Hətta bəzisinin 2 və ya 3 mülkü var.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:
“Ermənistan isə acından ölür. Prezident S.Sərkisyan əlini açıb dilənçilik edir. Ermənistanda belə var-dövlətli adamların olmasının əsas mənbəyi korrupsiyadır. Ermənistanda korrupsiyanın mənbəyi isə əsasən bu ölkəyə kənardan daxil olan vəsaitlərdir. Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun ayırdığı qrantlar və kreditlər korrupsiyanın ən böyük mənbəyidir. ABŞ və Aİ-nin ayırdığı qrantların da böyük hissəsi təyinatı üzrə xərclənmir, şəxsi ciblərə gedir. Amma Ermənistanda korrupsiya üçün ən asan və ən rahat məruz qalan vəsait erməni diasporunun Ermənistana göndərdiyi pullardır.
Yeri gəlmişkən, beynəlxalq maliyyə qurumların Ermənistana kredit ayırmasında erməni diasporunun danılmaz rolu var. Erməni diasporunun pulunun korrupsiyaya çevrilməsinin trayektoriyasının tədqiqi maraqlıdır: Erməni diasporu, xüsusən ABŞ-dakı ermənilər Ermənistana vəsait göndərir. 3-5 ildən sonra yeni Ermənistan vətəndaşlarının ABŞ-dakı mülklərinin sayı artır, bank hesabları şişir. Amma iş bununla bitmir”.
Politoloq qeyd edib ki, ABŞ-dan gəlmiş milyonçu erməninin pulu Axtala kombinatını diriltdi.
“Amma o, yerli ermənilərə onun pulunu sağa-sola xərcləməyə imkan vermədi. Nəticədə bu yaşlı adamı pedofiliyada ittiham edib, həbs etdilər. Həbsxanada öldü. Ailə üzvləri onun Ermənistanda dəfn olunmasına icazə vermədilər. Cənazə Kanadaya aparıldı. Bax bu trayektoriya daha ekzotikdir; Erməni milyonçunun pulu onu ABŞ-dan Ermənistana gətirdi, Ermənistanda həbsxanaya apardı. Həbsxanadan sonra isə meyit formasında yolu Kanadaya tərəf döndü.
ABŞ-dakı yeganə erməni milyarderi olmuş Kirk Kirkoryanın da pulu Ermənistana gəldi. Dalınca Kirkoryanı da gətirdi. Ondan sonra Kirkoryanın trayektoriyası bağlandı.
“Hayastan” fondunun keçirəcəyi növbəti telemarafonda toplanacaq diaspor pulunun da yeni trayektoriya yaratmaq şansı var. Levon Mnatsakanyanın “müdafiə naziri” postunadan uzaqlaşdırılmaq, hətta həbs olunmaq ehtimalı var. Ermənistan müdafiə nazirliyinin yeni təyin olunan baş ştabın rəisi Movses Akopyan L.Mnatsakanyanın vaxtilə müdafiə naziri təyin olunarkən Dağlıq Qarabağdakı erməni ordusunun bərbad vəziyyətdə olduğu barədə göndərdiyi hesabatlardan narazı idi. L.Mnatsakanyan M.Akopyanı əvəzləmişdi.
Hər halda diasporun pulunun yaratdığı belə ekzotik trayektoriyalar çoxdur və tədqiq olunmalıdır. Bəlkə Ermənistanın daxili mühiti sağlamlaşdı”.
1news.az