Azərbaycanla Çin arasında ikitərəfli əməkdaşlığın inkişaf strategiyaları müzakirə edilib
Dövlət Agentliyinin sədri Akim Bədəlov cari ilin noyabrında CPECC şirkətinin nümayəndə heyətini qəbul edib.
1news.az-ın verdiyi xəbərə görə, görüş zamanı Dövlət Agentliyinin sədri 2015-ci il 7 dekabr tarixində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində tədbirlərin və xüsusilə bu sırada Pirallahı Külək Parkı layihəsinin həyata keçirilməsinin hər iki dövlət qurumu üçün vacib olduğunu qeyd edib.
Eyni zamanda CPECC şirkətinin nümayəndə heyətinin rəhbəri Xuye Danfeng “Azalternativenerji” MMC ilə “CPECC” şirkəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Xəzər dənizi akvatoriyasında tikintisi nəzərdə tutulan 200 MVt-lıq “Pirallahı Külək Parkı” layihəsinin icrası üzrə görülmüş işlər haqqında ətraflı məlumat verib.
Tərəflər Azərbaycan Respublikasında və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparıb və müvafiq razılıq əldə edib. Akim Bədəlov və CPECC şirkətinin nümayəndə heyətinin rəhbəri Xuye Danfeng ikitərəfli əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliklərini bildiriblər.
1news.az