İlham Əliyev Rusiyanın təhsil və elm nazirini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, Rusiya təhsil və elm naziri O. Vasilyevanıın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlət başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu bildirib.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına qeyd edən dövlət başçısı deyib ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz bu ənənələri nəinki qoruyub, hətta daha da möhkəmləndirib:
Bu, həm orta, həm də ali təhsil sahələrini əhatə edib. Rusiya təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsil aldıqlarını xatırladan dövlət başçısı artıq Azərbaycanda da Rusiya ali məktəblərinin təhsilinin almaq imkanın olduğunu nəzərə çatdırıb.
Rusiyanın iki ali təhsil müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərməsinin önəmini qeyd edən prezident İlham Əliyev O. Vasilyevanıın Azərbaycanda olduğu dövrdə bu proseslərlə yaxında tanış olmaq imkanı olacağını söyləyib. Eyni zamanda ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Rusiya təhsil və elm naziri O. Vasilyeva öz növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığımızın hazırda da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında orta, ali və elmi təhsil sahəsində əlaqələrə toxunan rusiyalı nazir Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini qeyd edib. Rus dilinin inkişaf məsələlərinə toxunan O. Vasilyeva bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirib. O. Vasilyeva qeyd etdi ki, Azərbaycanda, o cümlədən rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin olduqları nəzərə alınaraq, Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində filoloji qrupun açılması təklif olunur.
Görüşdə Azərbaycanda rus dilinin və Rusiyada azərbaycanlıların sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək göstərilməsinin vacibliyi qeyd olunub. Rusiya-Azərbaycan Universitetləri Assosiasıyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışılıb, universitetlər arası əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi zəruri sayılıb.
1news.az