“Darvin bankası” yatağındakı 600 nömrəli özül əsaslı təmir edilib
“Darvin bankası” yatağındakı 600 nömrəli özül əsaslı təmir olunub.
1news.az-a SOCAR-ın mətbuat xidmətindən verilən xəbərə görə, şirkətin “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Təhlükəsiz əmək şəraitinin, eləcə də texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi 600 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib.
Təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilib. Özülün 1778 kvadratmetrlik hissəsi əsaslı təmir edilib, 40 ədəd möhkəmləndirici svay vurulub, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 6 ədəd minik yanalma meydançası hazırlanıb.
Meydançada aparılmış təmir işlərindən sonra dövlət qəbul komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb, istismara qəbul edilib.
1news.az