Kiyevdə azərbaycanlılar tərəfindən etnik xalqların onlayn mərkəzi yaradılır
Ukraynanın paytaxtı Kiyevdə dünyadakı etnik xalqlara məxsus diaspor təşkilatları arasında onlayn mərkəz fəaliyyətə başlayır.
1news.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) APA-ya məlumat verilib.
Diaspordan bildirilib ki, onlayn mərkəz Kiyevdəki Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) tərəfindən yaradılır. Dünyadakı bütün təşkilatlara bu sistemə qoşulmaq üçün müraciət ediləcək.
UABD-nun sədri və DABKM-nin rəhbəri Hikmət Cavadov bildirib ki, onlayn mərkəzin yaradılmasında məqsəd dünyadakı bütün diaspor təşkilatları arasında fikir və layihə mübadiləsinin intensivləşdirilmək, birgə səmərəli layihələrə imza atmaqdır:
“Mərkəzin funksiyası canlı translyasiya ilə ortaq konfransların keçirilməsi, birgə layihələrin onlayn müzakirəsi, eyni zamanda birgə qərarların daha çevik verilməsindən ibarət olacaq.
Bununla bağlı dünyada Azərbaycanın və digər türkdilli xalqların, hətta qoşulmaq arzusu olan digər dost xalqların təşkilatlarının fəal olduğu ölkələrdə görüşlərin keçirilməsini də planlaşdırmışıq. Əsasən Amerika və Avropadakı təşkilatlar bu məsələdə fəaldırlar. Onlayn mərkəzin qapısı bütün təşkilatların üzünə açıq olacaq”.
1news.az