Tərtərdə tikilən 100 yerlik körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun balacalara növbəti töhfəsidir - FOTO
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Hazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsinin təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur. Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələri naminə gördüyü işlər çərçivəsində mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, çoxlu sayda yeni belə müəssisələrin yaradılması geniş vüsət alıb.
Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi işinə dövlətimizlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən layihələr bu baxımdan çox mühüm rol oynayır. Uğurla icra edilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Binada dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, metodist, kompüter və digər texniki otaqlar var. Burada uşaqların istirahəti və əyləncəsi üçün yaradılan hərtərəfli şərait balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyət qurmaları məsələlərində də mühüm rol oynayacaq.
Bağçanın ərazisi dekorativ daş hasara alınıb, həyətdə su anbarı, qazanxana tikilib, transformator yarımstansiyası quraşdırılıb, əyləncə meydançası yaradılıb.
Körpələr evi-uşaq bağçasında 31 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
President.az