İngiltərə-Azərbaycan Cəmiyyəti ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfələr verir – FOTO
Dekabrın 2-də Böyük Britaniya Lordlar Palatasının məşhur “The Peers” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən diasporumuzun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.
Lord German iş qrafikinin sıxlığı ilə əlaqədar tədbirdə iştirak edə bilməyən Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya təşkilatın fəaliyyətindəki böyük xidmətlərinə görə minnətdarlığını bildirib. 1997-ci ildə yaradılmış bu Cəmiyyətin Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilat olduğunu qeyd edən Lord German əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdırıb. Həmsədr vurğulayıb ki, təhsil və mədəniyyət sahələri xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində Cəmiyyətin qarşıya qoyduğu məqsədlərə və missiyalara nail olduğunu görmək həqiqətən qürurvericidir.
Lord German Cəmiyyətin il ərzində gördüyü işlər haqqında məlumat verib.
O, Böyük Britaniyanın ən məşhur və nüfuzlu ilk ixtisaslaşmış “Purcell” musiqi məktəbi ilə (http://www.purcell-school.org) Azərbaycanda fəaliyyət göstərən Bülbül adına musiqi məktəbi arasında əməkdaşlıq imkanlarını nümunə göstərib. Diqqətə çatdırıb ki, ötən ilin iyununda professor Nərgiz Paşayeva ilə birlikdə “Purcell” məktəbini ziyarət edərək, məktəbin rəhbərliyi ilə görüşlər keçirmiş, buradakı tədris sistemi və infrastrukturu ilə tanış olmuşdular. Səfər zamanı professor Nərgiz Paşayeva “Purcell” musiqi məktəbinin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən Bülbül adına ixtisaslaşmış musiqi məktəbi arasında əməkdaşlıq imkanlarını müzakirə etmiş və dünyanın ən məşhur ixtisaslaşmış tədris müəssisəsi olan “Purcell” məktəbində iki azərbaycanlı məktəblinin təhsil almaları ilə bağlı müzakirələr də aparmışdı.
Xatırladaq ki, bu layihə çərçivəsində Bülbül adına musiqi məktəbinin direktoru, Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayev və məktəbin iki şagirdi “Purcell” məktəbini ziyarət ediblər. “Purcell” məktəbi tərəfindən bakılı qonaqlar üçün həftəlik proqram hazırlanıb. Bir həftə ərzində onlar məktəbdə keçirilən dərslərdə iştirak edib, Britaniyanın musiqi təhsili sistemi ilə yaxından tanış olublar. Qeyd edək ki, “Purcell” məktəbinə Britaniya taxtının varisi, Uels şahzadəsi Çarlz himayədarlıq edir.
2016-cı ilin ən yaddaqalan görüşlərindən biri kimi martın 3-də Londonda, Böyük Britaniya parlamentinin Lordlar palatasının məşhur “Hоme Room” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, professor Nərgiz Paşayeva və Cəmiyyətin Böyük Britaniyadan olan həmsədri Lord Germanla birgə keçirdikləri “dəyirmi masa”nı xüsusilə qeyd etmək olar. Həmin tədbirdə Britaniya parlamenti Lordlar Palatasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər, tanınmış jurnalistlər, alimlər iştirak ediblər. İştirakçılar arasında məşhur Britaniya tarixçisi, yazıçı-ssenarist, BBC telekanalında və radiosunda aparıcı kimi çalışmış, ssenaristlər Gildiyasının mükafatına layiq görülmüş, bir çox elmi-fəlsəfi kitab və əsərlərin, sənədli filmlərin müəllifi xanım Bettani Hyuz, Britaniya Parlamenti Lordlar Palatasının üzvləri Lord Qrin, baronessa Endryus, baronessa O'Kahoyn, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, şərqşünas-alim, Oksford Universitetinin professoru Robert Hoyland kimi tanınmış şəxslər olublar. “Dəyirmi masa”da qədim ipək yolunun təşəkkül tapmasında Qafqaz bölgəsinin rolu və konkret olaraq Azərbaycanın o illərdəki mühüm əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb. Həmçinin professor Nərgiz Paşayeva müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə və ümumiyyətlə, 1905-1920-ci illər Azərbaycan tarixində intibah, yüksəliş, keyfiyyətcə yenilənmə dövrünün olması barədə görüş iştirakçılarına geniş məlumat verib və möhtərəm qonaqların suallarını cavablandırıb.
Ötən ilin noyabrında professor Nərgiz Paşayevanın Böyük Britaniya Lordlar Palatasının yeddi üzvü ilə Londonda görüşü zamanı Qlamorqan Universitetinin fəxri doktoru, Uelsin məşhur Uels Kral Musiqi və Dram Kollecinin prezidenti Lord Rou-Beddou professor Nərgiz Paşayevanı onun rəhbərlik etdiyi Kral Kollecinə dəvət edib. Həmin dəvətə əsasən, 2016-cı ilin martında həmsədrlər Britaniyanın Uels Kral Musiqi və Dram Kollecini (www.rwcmd.ac.uk) ziyarət ediblər, bu təhsil müəssisəsinin direktoru, musiqi və incəsənət sahəsində tanınmış mütəxəssis Hilari Bolding, kollecin musiqi üzrə direktoru Jon Cranmer, beynəlxalq əlaqələr üzrə məsul şəxs Luiza Cons, eləcə də həmin təhsil müəssisəsinin tələbə və müəllimləri ilə görüşüblər. Bu işin davamı olaraq Uels Kral Musiqi və Dram Kollecinin müəllimi, böyük britaniyalı məşhur pianoçu-pedaqoq Ceyms Korbinin cari il oktyabr 31-dən noyabrın 6-dək Bülbül adına musiqi məktəbində şagirdlər üçün aparılmış fortepiano dərsləri ilə bağlı da tədbir iştirakçılarına məlumat verilib.
Lord German talassemiya xəstəliyinin Azərbaycanda daha ixtisaslaşmış şəkildə müalicəsi üçün İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya və Azərbaycan arasında ixtisaslı mütəxəssislərin və laboratoriya texnoloqlarının bu il təlim səfərlərinin təşkil edilməsi sahəsində bir sıra vacib işlər gördüyünü bildirib.
Həmsədr bu ilin oktyabrın 19-da Böyük Britaniyanın Bakıdakı səfirliyində professor Nərgiz Paşayeva ilə birlikdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts və digər rəsmi şəxslərlə görüşü də xatırladıb. İngiltərə-Azərbaycan Cəmiyyətinin Bakıda həyata keçirdiyi layihələr, o cümlədən, görkəmli elm və ictimai xadimlərin, mədəniyyət və incəsənət nümayəndələrinin, iş adamları və əcnəbi qonaqların iştirakı ilə oktyabrın 20-də keçirilmiş xeyriyyə gecəsi haqqında da danışıb. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin təşəbbüsü ilə keçirilmiş tədbirdə toplanan vəsait və xeyriyyə lotereyasından əldə edilən məbləğin Şağan və Saray qəsəbələrindəki uşaq evlərində yaşayan, fiziki və əqli imkanları məhdud uşaqlara yardım göstərilməsi üçün UAFA (“Azərbaycana Birgə Yardım”) təşkilatına təqdim olunduğu bildirilib.
Tədbirdə çıxış edən səfir Tahir Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfələrini yüksək qiymətləndirib. O, İngiltərə-Azərbaycan Cəmiyyətini Azərbaycanın müstəqillik illərində Böyük Britaniyada yaradılmış ən uzunmüddətli fəaliyyət göstərən ictimai təşkilat olduğunu qeyd edib. Səfir bildirib ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir və müasir dünyada belə cəmiyyətlərin əhəmiyyəti gündən-günə artır. Cəmiyyətin həmsədrlərinin fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayan səfir gələcəkdə daha böyük uğurlar əldə ediləcəyinə əminliyini bildirib, professor Nərgiz Paşayeva və Lord Germana minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində gənc britaniyalı skripkaçılar Sophie Marter, Villemijn Steenbakkers, Virginia Slater və Madeleine Ridd Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa ediblər.
AZƏRTAC