Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.
1news.az-ın məlumatına görə, görüşdə nazir E.Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclasının mükəmməl təşkilatçılığına görə Frank-Valter Ştaynmayerə öz təşəkkürünü bildirib.
Görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə ediblər və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına ətraflı məlumat verib.
E.Məmmədyarov etimad quruculuğu tədbirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb.
Görüşdə həmçinin gündəlikdə olan digər məsələlər ərafında da ətraflı fikir mübadiləsi aparılıb.
1news.az