Atanı öldürüb həyətdə toy etdilər - Azərbaycanda dəhşətli ailə cinayəti
Neftçala rayonunda 3 il əvvəl törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub.
1news.az-ın lent.az-a istinadən məlumatına görə, rayonun Yuxarı Qaramanlı kənd sakini, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun ailə üzvləri tərəfindən münaqişə zəminində qətlə yetirilməsi üzə çıxıb.
Məlum olub ki, A.Heybətovu oğlu, 1992-ci il təvəllüdlü Emil güllələyərək öldürüb. Emil atasına iki dəfə atəş açaraq onu qətlə yetirib və daha sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.
Hadisənin baş vermə səbəbinə gəlincə, məlum olub ki, A.Heybətovun qızı nişanlı imiş. Həmin ərəfədə ailənin yaxın qohumlarından biri vəfat etdiyi üçün A.Heybətov toyun yubadılmasını istəyib. Lakin oğlan tərəfi, eləcə də ailə üzvləri onun təklifi ilə razılaşmayıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib və tez bir zamanda toy edib qızı köçürmək istəyən qadın əri ilə dalaşıb. Münaqişəyə ailənin kiçik oğlu Emil də qoşulub və o, tüfənglə atasını güllələyərək qətlə yetirib. Daha sonra Emil anası və bacısı ilə birgə izi itirməyə çalışıb.
Maraqlıdır ki, A.Heybətovun qətlindən sonra ailə üzvləri qohum-qonşuya onun gah acıq edib evdən getdiyini, gah da Mahaçqalaya işləməyə getdiyini deyib. Onlar qətl hadisəsindən bir neçə gün sonra toyun dəvətnamələrini də paylayıblar. A.Heybətovun toyda iştirak edib-etməyəcəyini soruşanlara isə onun sərhəddən buraxılmadığını, tezliklə gələcəyi və özünü toya çatdıracağını deyiblər.
Bildirilir ki, hadisədən və qızın toyundan sonra ailə üzvləri kəndi tərk edərək Bakıya köçüb.
Oğlundan xəbər çıxmadığını görən A.Heybətovun atası Dəmir Heybətov şübhələnməyə başlayıb. O, oğlunun avtomobilinin həyətdə qaldığını, oğlunun kimləsə əlaqə saxlamadığını görərək polisə müraciət edib.
Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayına, toy iyun ayına, polisə müraciət isə iyul ayına təsadüf edib. Balıq alveri ilə məşğul olan Aydın Heybətovun ailə üzvləri tərəfindən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Onun həyat yoldaşı və oğlu ilə yanaşı qızı da polis tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.
1news.az