Nigar Əlibəyli: Valideynlərlə iş prosesini və onların maarifləndirilməsini xüsusi diqqətdə saxlayırıq
“İstedad” - uşaqların inkişafına dəstək üzrə İctimai Birliyin uşaq reabilitasiyası üzrə mütəxəssisi Nigar Əlibəyli ilə müsahibəni təqdim edirik:
- Nigar xanım, “İstedad” - uşaqların inkişafına dəstək üzrə İctimai Birliyi ideyası necə yarandı?
- İnkişaf problemli və xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün valideynlərlə birgə ictimai təşkilat yaratmaq ideyası əslində çoxdan yaranmışdı. İctimai təşkilatlarda, daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki fəaliyyətim müddətində uşağına diaqnoz qoyulduqdan sonra problemlər qarşısında təkbaşına qalmış və nədən başlayacaqlarını bilməyən valideynlərlə tez-tez rastlaşırdıq.
Azərbaycanda uşaqların psixoloji və fiziki reabilitasiyası üzrə çoxlu sayda kommersiya və digər qurumlar fəaliyyət göstərsə də, belə uşaqların valideynləri diaqnoz qoyulduqdan sonra çox zaman öz problemləri ilə tək qalırlar. Valideynlər haradan informasiya əldə edəcəklərini bilmirlər, onlar çox tez təsir altına düşürlər və uşaqlarına kömək etmək üçün hər şeyə hazır olurlar. Bu cür çətin anlarda həm valideynlər, həm də uşaqlar zəruri peşəkar psixoloji yardıma, ən əsası isə diaqnozdan asılı olaraq, reabilitasiyanın hər mərhələsi üzrə düzgün strategiyanın hazırlanmasına ehtiyac duyurlar. Bu problemin həlli üçün biz bir neçə il əvvəl valideyn və mütəxəssislərlə birgə uşaq inkişafı sahəsində icma yaratmağa qərar verdik.
- Niyə məhz valideynlərlə birlikdə?
- Birincisi, ona görə ki, heç kəs uşağına yardım etməkdə ana-ata qədər maraqlı ola bilməz. İkincisi, iş ondadır ki, uşaq zamanın əksər hissəsini öz valideynlərinin əhatəsində keçirir, valideynlərin xüsusi uşaqlarla düzgün münasibətlərinin qurulması bizim hazırladığımız və tətbiq etdiyimiz reabilitasiya metodikalarının vacib hissəsidir. Valideynlərə göstərilən psixoloji yardım da az önəm daşımır. Axı imkanları məhdud olan və ya xüsusi inkişaflı uşaqların valideynləri də həm mütəxəssislərin, həm də bir-birinin dəstəyinə ehtiyac duyurlar.
Bəzi valideynlərin sonradan bizim icmada könüllü kimi çalışmağa başlaması və bir-birinə yardım etməsi də bunu göstərir. Buna görə də valideynlərlə iş prosesinə və onların maarifləndirilməsinə biz böyük diqqət ayırırıq. Bununla əlaqədar olaraq, təşkilatımızda valideynlər üçün təlimlər və konsultasiyalar aparılır.
- Siz imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi məsələləri, imkanları məhdud olan böyük və uşaqlar üçün sosial xidmətlərin hazırlanması və təkmilləşdirilməsi üzrə işçi qrupların ekspertisiniz. Strasburqda, Avropa Şurasında, əlilliyin qiymətləndirilməsi meyarlarının hazırlanması prosesində Azərbaycanı təmsil etmisiniz, bu sahədə bir çox dövlət və beynəlxalq layihələrə qatılmısınız. Bu təcrübə sizə yardımçı oldumu və indiki fəaliyyətinizdə ondan faydalana bildinizmi?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyərkən, de-İnstitutlaşma (uşaqların ailələrə qaytarılması) kimi dövlət proqramının reallaşması çərçivəsində mən aparıcı Avropa ölkələrinin imkanları məhdud olan uşaqlar üçün alternativ sosial xidmətlərin yaradılması və təkmilləşdirilməsi sahəsindəki təcrübəsi, eləcə də imkanları məhdud olan insanlarla bağlı qanunvericilik nüansları ilə tanış olmuşam. Təcrübə mübadiləsi çərçivəsində biz Avropa ölkələrində tətbiq olunan reabilitasiya metodikalarını öyrənmişik. İndi bu metodikaları təkmilləşdirir, adaptasiya edir və uğurla həyata keçiririk. Təbii ki, bu misilsiz təcrübədir və maraqlanan bütün dövlət strukturları ilə təcrübəmizi paylaşmağa hazırıq. Hazırda biz müxtəlif inkişaf problemləri olan uşaqlar üçün sosial xidmətlərin inkişafı və təkmilləşdirilməsi, eləcə də qanunvericilik bazasına bir sıra təkmilləşdirici yeniliklərin tətbiqi üzrə təkliflər paketi üzərində iş apararaq dövlətə təqdim etməyə hazırlaşırıq. Eyni zamanda, alternativ xidmət mütəxəssislərinin hazırlanması üzrə resurs-mərkəzin yaradılması təşəbbüsü ilə çıxış etmək niyyətimiz var.
- Azərbaycan “Uşaq hüquqları Konvensiyası” və “Əlillərin hüquqları Konvensiyası”na qoşulub. Bir ekspert kimi siz dövlətin öz öhdəliklərini yerinə yetirməsi istiqamətində atdığı addımları necə qiymətləndirirsiniz?
- Son illər dövlət tərəfindən sosial reabilitasiyanın inkişafı və imkanları məhdud olan insanlar üçün xidmət keyfiyyətinin təkmilləşdirilməsi sahəsində təkliflərin hazırlanması ilə bağlı bir çox layihələr icra olunub, qanunvericilik bazasına yeniliklər tətbiq olunub (məsələn, imkanları məhdud olan insanlar haqda qanun qəbul olunub), artıq qüvvədə olan qanunlara bəzi müvafiq dəyişikliklər edilib.
Dövlət tərəfindən ən yeni avadanlıq ilə təchiz olunmuş müasir rebilitasiya mərkəzləri açılıb, inklüziv təhsil ilə bağlı da müəyyən tədbirlər keçirilir. Ancaq yüksək ixtisaslı mütəxəssilərin qıtlığı problemi bu gün də aktual olaraq qalır. Bu sahədəki çoxillik təcrübəmizə əsaslanaraq alternativ xidmətlərin inkişafı və mütəxəssislərin hazırlanmasında öz dəstəyimizi dövlətə təklif etmək istəyirik.
- Sizə ən çox hansı problemlərlə müraciət edirlər?
- Bizim təşkilatımız müxtəlif inkişaf problemləri olan – nitq qüsuru, psixi inkişafın ləngiməsi, autistik spektr uşaqların reabilitasiyası metodikalarını hazırlayır və tətbiq edir. Bizə diqqət çatışmazlığı, təhsil çətinlikləri, dayaq-hərəkət sisteminin pozulması, Daun sindromu, davranış problemləri və s. olan uşaqların valideynləri müraciət edirlər. İctimai təşkilat kimi, imkanlarımızın məhdud olmasına baxmayaraq, biz hər bir uşağa kömək etməyə və ona peşəkar yardım göstərməyə çalışırıq.
Çünki bizə təkcə Bakıdan müraciətlər daxil olmur, uşaqların çoxu Azərbaycanın regionlarından gəlir, ABŞ, Avropa, Rusiya, BƏƏ-dən olan soydaşlarımız da bizə üz tuturlar. Mütəxəssilərimizlə birgə biz hər bir uşaq üçün bacarıqların qiymətləndirilməsini aparırıq, nəticələrdən asılı olaraq, həm bizə məxsus, həm də Erqoterapiya, PECS alternativ kommunikasiya sistemi, TEACCH (Treatment and Education of Autistic and related Communication handicapped Children), sensor inteqrasiya, F. Affoltor terapiyası, Bobat-terapiya, nitq terapiyası kimi xarici metodikaların əsasında individual inkişaf planı hazırlayırıq. Bundan başqa, biz Tomatis audioterapiyası, qum, sport, art və digər terapiyaları da tətbiq edirik.
- Praktika illərində hansı nəticələri əldə edə bilmisiniz?
- Bizim uzunmüddətli praktikamız ərzində biz böyük nəticələrə nail ola bildik. Uşaqlarımızın çoxu tam və ya qismən reabilitasiya olunub, məktəbə gedə və cəmiyyətə inteqrasiya ola biliblər. Topladığımız praktik material bizə daha mükəmməl metodikalar hazırlamağa və adaptasiya etməyə imkan verib. Ancaq biz bir yerdə dayanmamışıq, özümüzü daha böyük məqsədlərə çatmağa həsr etmişik – hər bir xüsusi uşağın potensialının kəşfi, onun maksimum mümkün reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyası bu sıradadır.
- Təşkilatınız niyə “İstedad” adlanır?
- Biz öz reabilitasiya metodikamızı məhz xüsusi inkişaflı uşağın istedadının üzə çıxarılması üzərində qururuq. Məsələ ondadır ki, bütün uşaqların başlanğıcda bir çox bacarıqları olur, buna görə də təşkilatımızı yaradarkən biz onların potensiallarını hərtətəfli üzə çıxarmaqda xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etmək, onların müxtəlif sahələrdəki istedadlarını müəyyən etmək və cəmiyyətə tam inteqrasiyaları üçün bütün şəraiti yaratmaq missiyasını öz üzərimizə götürmüşük. Bir sıra layihələrimizi məhz uşaq istedadının inkişafı istiqamətində həyata keçiririk – məsələn, bu gün çəkdiyimiz cizgi filmində bütün qəhrəmanlar və dekorasiya bizim balacalarımızın əlləri ilə hazırlanıb. Təbii ki, məqsədimiz sadəcə individual proqramın hazırlanması və uşağın inkişafı deyil, məhz onun sosiallaşması, adaptasiyası və inteqrasiyasıdır.
- Və sonda – gələcək planlarınız?
- Hazırda biz xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün vəsait seriyası üzərində çalışırıq. Bu vəsaitin köməyi ilə valideynlərin problemləri ayırd etmək imkanları olacaq, öz uşaqlarını mərhələ-mərhələ inkişaf etdirməyi öyrənəcək, eyni zamanda xüsusi uşaqların inkişafı sahəsindəki metodikalar və onların düzgün tətbiqi ilə bağlı informasiya əldə edə biləcəklər. Çox ümid edirik ki, müvafiq dövlət orqanlarının dəstəyi ilə biz bu vəsaiti çap etməyə və uşağının inkişaf problemləri ilə üzləşən hər bir şəxsə çatdırmağa nail olacağıq.
- Nigar xanım, maraqlı müsahibəyə görə çox sağ olun, sizə və sizin təşkilatınıza asan olmayan işinizdə uğurlar arzulayıram.
- Təşəkkür edirəm.