Cenevrədə Azərbaycanın qazandığı mühüm nailiyyətlər müzakirə olunub
Dekabr 5-də BMT-nin Cenevrə Bölməsində - Millətlər Sarayında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və “İnsan Hüquqlarının Təkmilləşdirilməsi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi” qeyri-hökumət təşkilatı tərəfindən “İnsan Hüquqları Günü” və “İnkişaf Hüququ üzrə Bəyannamənin otuzilliyi” münasibətilə “İnkişaf hüququ 30 il sonra: nailiyyətlər, problemlər və irəliyə doğru yol” mövzusunda panel müzakirələr keçirilib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Cenevrə Mərkəzinin icraçı direktoru İ.Cezairinin sədrlik etdiyi tədbirdə İnkişaf hüququ üzrə BMT-nin İşçi Qrupunun sədr-məruzəçisi Zamir Əkrəm, Cənub Mərkəzinin maliyyə və inkişaf məsələləri üzrə baş müşaviri Manuel Montes, Antverpen Universitetinin beynəlxalq hüquq şöbəsinin rəhbəri, professor Koen de Feyter və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin üzvü, professor Nicolaas Schrijver çıxışçı qismində iştirak edib.
Tədbir daimi nümayəndə Vaqif Sadıqov və Cenevrə Mərkəzinin idarə şurasının sədri Hanif Hassan Ali Al Qassim tərəfindən açılıb.
Açılış nitqində daimi nümayəndə V.Sadıqov Minilliyin İnkişaf Məqsədləri üzrə Azərbaycanın mühüm nailiyyətlər qazandığını və hal-hazırda, milli davamlı inkişaf strategiyasının Davamlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyinə uyğunlaşdırıldığını qeyd edib. Bu xüsusda, yeni yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədinin 2030-cu ilədək qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Daimi nümayəndə, həmçinin inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi problemlərin qarşısının alınması istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən görülən tədbirlərdə Azərbaycanın fəal rol oynadığını ifadə etmiş və bu xüsusda, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verib.
Tədbirdə çıxış edən nümayəndələr İnkişaf hüququ üzrə Bəyannamənin yerinə yetirilməsi istiqamətində əldə edilmiş nailiyyətlər, mövcud problemlər və həll vasitələri, eləcə də inkişaf hüququnun həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın daha yaxşı təşviq edilməsi yolları barədə fikirlərini bölüşüblər.
Tədbir daha sonra çıxışçı və iştirakçılar arasında aparılan açıq müzakirələr ilə davam edib.
Tədbirdə çoxsaylı dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, eləcə də akademik dairələrin nümayəndələri iştirak edib.
1news.az