Yaxın Şərq-Cənubi Qafqaz: təxribatçılar və onlara qarşı duran güclər – Newtimes.az
Suriya və İraqda vəziyyətin daha da mürəkkəbləşməsi Yaxın Şərq ətrafındakı regionlarda da təhlükəsizlik məsələsini xeyli aktuallaşdırır. Ekspertlərin fikrinə görə, Yaxın Şərqdə fəaliyyət göstərən qrupların tərkibi çox qarışıq olduğundan, əslində, ortaq bir strategiyanı həyata keçirmək imkansızdır.
Burada region dövlətlərinə və buraya aidiyyəti olmayan böyük ölkələrə bağlı olan qruplaşmalar az deyil. Belə vəziyyətdə Yaxın Şərqdəki prosesləri nəzarətə götürüb, sülhü təmin etmək məsələsi xeyli mürəkkəbləşir. Mütəxəssislər hesab edirlər ki, bu cür durum Cənubi Qafqazda təhlükəsizlik məsələsinə də təsirsiz qalmaya bilər. Bu bağlılıqda Ermənistanın Yaxın Şərqdəki mürəkkəb və ziddiyyətli situasiyadan istifadə edərək, artıq Cənubi Qafqazda suları bulandırmağa başladığı tezisi düşündürücüdür. Çoxkombinasiyalı geosiyasi manevrlər və təxribatçı addımlar Cənubi Qafqazda hansı proseslərin əsasını qoya bilər?
Qonşu regiondakı ziddiyyətlər: təxribat dalğası genişlənirmi?
Yaxın Şərq və Cənubi Qafqaz fərqli geosiyasi məkanlardır. Onların qlobal siyasətdəki rolunu, coğrafi mövqelərini, dövlətçilik tarixini də eyniləşdirmək olmaz. Dünya siyasətində vacib rol oynayan həmin faktorlar bu regionlarda cərəyan edən proseslərin də bir-birinə oxşar olması barədə fikir yürütməyə əsas verir. Lakin indiki mərhələdə geosiyasi mühit o dərəcədə qlobal və həssasdır ki, dünyanın əz uzaq regionlarına belə təsir edən prosesləri meydana atır. Bu, başqa amillərlə yanaşı, təhlükəsizlik məsələsinə də aiddir. Sirr deyil ki, böyük güclər müxtəlif regionlardakı prosesləri bir-birilə ilk növbədə təhlükəsizlik aspektində əlaqələndirirlər. Həmin kontekstdə Yaxın Şərq və Cənubi Qafqaz arasında hansı bağlılıqlar mövcuddur?
Əvvəlcə Yaxın Şərqdə cərəyan edən hadisələrə qısa nəzər salaq. Burada İraq və Suriya alov içindədir. Çoxlu sayda terror qruplaşmalarının fəaliyyət göstərdiyi məkanda bir sıra dövlətlərin gizli servisləri də nüfuz uğrunda amansız mübarizə aparırlar. Bu, daha çox Suriyada özünü göstərir. Məsələn, Azad Suriya Ordusu (ASO) deyilən təşkilatda 3 fərqli qüvvə vardır. Onlardan biri Türkiyəyə bağlıdır, digəri heç bir kənar qüvvələrdən asılı olmayan müstəqil qrupdur, üçüncüsü isə İsrail, İran, ABŞ və qismən Rusiya ilə əlaqəsi olanlardır. Bu səbəbdən həmin təşkilatın monolitliyi və eyni siyasətə əməl etməsi hələlik baş tutmur. Son olaraq əl-Bab uğrunda gedən döyüşlərdə ASO-nun bu qrupları arasında silahlı toqquşma baş verib.
Digər müxalif və radikal qruplaşmalarda da vəziyyət təqribən eynidir. PKK, PYD, İŞİD, "Cəbhət ən-Nusra" və digər qrupların tərkibi monolit olmayıb, fərqli qüvvələrin yeritdiyi döyüşçülərlə doludur. Belə bir vəziyyət Suriyada istənilən məkanda təxribat törətmək və prosesləri məcrasından çıxarmaq imkanı yaradır. Bundan hələlik dünyanın böyük gücləri məharətlə yararlana bilirlər. Hazırda burada sabitlikdən danışmaq mümkün deyildir, üstəlik, istənilən an regional səviyyədə dövlətlər arasında savaş başlaya bilər. Deməli, Suriyada qlobal təhlükəsizliklə regional və milli təhlükəsizlik səviyyələri arasında dərin ziddiyyətlər qalmaqdadır. Onun nə zaman aradan qalxacağı da məlum deyil.
Eyni vəziyyət İraqda da müşahidə edilir. Rəsmi Bağdadın İŞİD-ə qarşı başladığı hay-küylü hərbi əməliyyat xeyli səngimiş kimi görünür. Artıq əvvəlki kimi təntənəli və sürətli hərbi uğurlar barədə informasiyalar yayılmır. Nələr baş verir? Ekspertlər hesab edirlər ki, həmin müharibədə son sözü Bağdad deyil, ABŞ başda olmaqla Qərb dövlətləri deyirlər. Deməli, onlar lazım bildikdə hərbi təzyiqi artırır, uyğun gəlməyəndə isə öz "uşaqları" olan İŞİD-ə əl-qol açmağa imkan verirlər.
Hazırda İŞİD-i daha çox Türkiyə ilə savaşa yönəldiblər ki, bu da ABŞ və Avropanın maraqlarına xidmət edir. Son nümunələrdən biri də odur ki, cəmi bir neçə gün əvvəl kimə mənsubluğu hələ də qaranlıq olan qırıcı təyyarələr əl-Bab həndəvərində türk ordusunun əsgərlərini vurub. Orada ASO, PYD və İŞİD də var. Ancaq zərbə konkret türk əsgərlərinə yönəldilib. Ekspertlər bunu ABŞ, yaxud İrana bağlı region qüvvələrinin edə biləcəyini ehtimal edirlər. Onu deyək ki, bu cür "təsadüfi" hadisələr yalnız türklərlə bağlı baş vermir – regiondakı istənilən qüvvələrin başına bu kimi "əhvalatlar" gəlir.
Deməli, Yaxın Şərqdə geosiyasi vəziyyət kifayət qədər həssas, mürəkkəb və qeyri-müəyyən olaraq qalır. Burada dünyanın bir neçə dövləti arasında mübarizə bütün intensivliyi ilə gedir. Obrazlı desək, Yaxın Şərqdə "at izi it izinə qarışıb"!
Bu hadisələrin Cənubi Qafqaza təsiri ola bilərmi? Artıq bu tip suallar cavabı çətin olan hesab edilmir. Çünki mütəxəssislər əmindirlər ki, indiki qlobal geosiyasi şəraitdə həmin regionlar arasında bir sıra aspektlərdə zəruri əlaqələr vardır. Təhlükəsizlik isə burada ilk sıradadır. Belə ki, Yaxın Şərqdə savaşan güclər zaman-zaman öz diqqətlərini Cənubi Qafqaza da yönəldirlər. Burada isə vəziyyət bir qədər mürəkkəb və ziddiyyətlidir. Onun ilk səbəbi rəsmi İrəvanın səbatsız siyasi mövqedə qalmasıdır. Ermənistan rəhbərliyi 2013-cü ildə Avrasiya İqtisadi İttifaqını (Aİİ) seçdi, bununla da təhlükəsizliyini tam olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ixtiyarına buraxdı. Lakin sonradan ermənilər bu təşkilata da xəyanət mövqeyini seçdilər.
Təhlükəli manevrlərə qarşı: Azərbaycan regional sabitlik faktoru kimi
İndi onlar həm Qərbdən, həm də Rusiyadan yardım istəməklə hər iki tərəfə işləməyə çalışırlar. Bir tərəfdən Moskvadan yeni silahlar tələb edir, ortaq hərbi qruplar formalaşdırır, digər tərəfdən isə ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq etmək görüntüsü yaradaraq, onların himayəsinə sığınmağa cəhd edirlər. Erməni ekspertlərin son günlər bununla bağlı apardıqları "təhlil" və verdikləri "proqnozlar" ən yumşaq halda ironik təbəssüm doğurur.
Onlar Ermənistanı regionun ən önəmli ölkəsi kimi qələmə verməyə çalışır və bunun fonunda hamının bu süni yaradılmış dövlətin təhlükəsizliyini qorumaqda maraqlı olduğundan dəm vururlar (bax: məs., Наира Айрумян. Армения на грани важнейшего выбора / "Lragir.am", 18 noyabr 2016 və Акоп Бадалян. Предвоенный урок Уорлика / "Lragir.am", 21 noyabr 2016).
Buradan bütövlükdə Cənubi Qafqaz üçün təhlükəli bir nəticə hasil olur. Rəsmi İrəvan Yaxın Şərqdə müşahidə edilən mürəkkəb və ziddiyyətli geosiyasi-hərbi proseslərdən yararlanmağa və Azərbaycanla Türkiyənin düşmən obrazını yaratmağa, bunun da fonunda təcavüzkarlığını ört-basdır edərək özü haqqında Cənubi Qafqazın demokratik, sivil dövləti təsəvvürləri formalaşdırmağa cəhd edir. Maraqlıdır ki, ABŞ və Avropanın da bu işdə maraqlı olduğu duyulur.
Bu kimi antihumanist və ədalətsiz fəaliyyət üsulu ermənilərin xislətindədir. Keçən əsrin 90-cı illərində onlar özlərinin Rusiyaya guya tam sadiq olduqlarını göstərir, Azərbaycanı antirusiya mövqeyi tutmaqda günahlandırıb, ortaya dini faktoru atırdı. Bu böhtançı ritorikaya Azərbaycan rəhbərliyinin aktiv və səmərəli xarici siyasəti son qoydu. Əlləri hər şeydən üzülən ermənilər indi də eyni üsulla özlərini Qərbə sədaqətli dövlət kimi sırımağa çalışırlar. Bunun üçün də müxtəlif böhtanlardan istifadə etməyin dərdindədirlər. Məhz həmin kontekstdə Yaxın Şərqdəki geosiyasi ziddiyyətləri süni olaraq Cənubi Qafqaza proyeksiya etmək olduqca təhlükəli şantajdır.
Gürcüstan hələlik təmkinli mövqedə qalmağa çalışır. Rəsmi Tbilisi kəskin addımlar atmır, Ermənistanın zaman-zaman Gürcüstanı öz tərəfində göstərmək cəhdlərinə sakit yanaşır. Məsələn, İrandan kiçik bir yük partiyasının Ermənistandan keçib, Gürcüstan vasitəsilə kənara çıxarılmasını az qala böyük beynəlxalq layihə kimi təqdim etməyə çalışan rəsmi İrəvanın pafoslu sözlərinə Tbilisi reaksiya verməyib. Belə görünür ki, Gürcüstan rəhbərliyi regionda sabitliyin təmin olunmasında bölgənin real gücə malik dövlətləri ilə əməkdaşlıq etməyə üstünlük verməkdədir.
Nəhayət, Azərbaycan Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və inteqrasiyası üçün fəallığını davam etdirir. Rəsmi Bakı bir tərəfdən özünün maraqlı və əhəmiyyətli enerji layihələri ilə Cənubi Qafqazda əməkdaşlığın inkişafı üçün konkret addımlar atır, digər tərəfdən isə Ermənistanın hərbi təxribatlarının qarşısını uğurla alır. Həmin istiqamətdə Azərbaycan Ordusunun qüdrətinin daha da artırılması ölkə rəhbərliyinin daim diqqət mərkəzində durur. Ermənistan bunlardan çox narahat olur və paxıllıqdan partlamaq halına gəlməkdədir. Azərbaycan Ordusunun ən müasir silahlarla təmin edilməsi fonunda gücsüz Ermənistanın himayədarlarına yalvarışları gülünc görünür. Bu baxımdan Ermənistan kimi antidemokratik güclərin Yaxın Şərqdəki qarışıqlıqdan istifadə edib, Cənubi Qafqazdakı suları bulandırmaq cəhdlərinin qarşısında ən böyük əngəl Azərbaycan və Türkiyədir və bu, belə də olacaq!
Newtimes.az