Vüsal Hüseynov: “Miqrasiya və şəhərsalma siyasətləri bir-birini tamamlamalıdır”
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum 13 — WUF13) 13-cü sessiyası çərçivəsində miqrasiya və şəhər inkişafı arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş tədbir baş tutub.
Tədbirdə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov geniş açıqlama ilə çıxış edib.
“Son iki ildə ölkəmiz növbəti dəfə qlobal miqyaslı tədbirə ev sahibliyi edir. Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, diplomatik uğurlarının, eləcə də qlobal müzakirələrə və dayanıqlı inkişaf gündəliyinə fəal töhfəsinin göstəricisidir”.
1news.az xəbər verir ki, Vüsal Hüseynov miqrasiya mövzusunun daha əvvəl başlanmış beynəlxalq dialoqun davamı olduğunu vurğulayıb.
“Bu gün biz həmin mövzu üzrə yüksək səviyyəli tədbir keçirdik. Əslində bu, iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Miqrasiya İcmal Forumu çərçivəsində başlanmış müzakirələrin davamıdır”.
O, müasir miqrasiya proseslərinin miqyasına da xüsusi diqqət çəkib:
“Dünya Miqrasiyası Hesabatının son məlumatlarına görə, hazırda dünyada 304 milyon beynəlxalq miqrant yaşayır. Daxili miqrasiya göstəricilərini də əlavə etsək, bu rəqəm 3, bəzi hesablamalara görə isə 4 dəfə daha yüksək olur”.
“Bu gün artıq Yer kürəsi əhalisinin 50 faizdən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı gözlənilir. Bu baxımdan şəhərsalma ilə miqrasiya arasındakı qarşılıqlı əlaqə son dərəcə актуal məsələyə çevrilir”.
Müzakirələrin mahiyyətindən danışan Hüseynov kompleks yanaşmanın vacibliyini qeyd edib:
“Şəhərsalma və miqrasiya siyasətləri bir-birini tamamlamalıdır. Əsas diqqət dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasına, həmçinin miqrasiya siyasətinin bu prosesə verə biləcəyi töhfələrə yönəldilib.
Şəhərlər miqrasiya proseslərinin ən aydın şəkildə müşahidə olunduğu məkanlardır və miqrasiyanın müsbət təsiri yalnız düzgün şəhər idarəçiliyi sayəsində mümkün ola bilər”.
O, milli təşəbbüslərə də ayrıca toxunub:
“Biz həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirləri və işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma yanaşması əsasında aparılan genişmiqyaslı yenidənqurma işlərini xüsusi qeyd etdik”.
“Ümid edirik ki, bu tədbir gələcək görüşlərin keçirilməsi üçün möhkəm zəmin yaradıb və biz bu istiqamətdə fəaliyyəti gələcəkdə də davam etdirməyi planlaşdırırıq”.












