Fərid Şəfiyev: “Azərbaycan ərazisində urbisidin miqyası Livan kimi bir ölkənin ölçüləri ilə müqayisə oluna bilər”
“Azərbaycan ərazisində baş vermiş urbisidin miqyası Livan kimi bir ölkənin ölçüləri ilə müqayisə edilə bilər”.
1news.az-ın müxbiri xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində təşkil olunan “Dirçəliş və urbisid: dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel sessiyada deyib.
“Hazırda gördüyünüz görüntülər apokalipsis mövzusunda çəkilmiş Hollivud filmi deyil. Bunlar 2021-ci ildə — müharibənin başa çatmasından və həmin ərazilərin azad olunmasından cəmi bir neçə ay sonra bu bölgədə lentə alınmış real kadrlardır. Əgər siz bu əraziləri bu gün ziyarət etsəniz, tamamilə fərqli mənzərə ilə qarşılaşarsınız: bərpa olunmuş ərazilər, yeni tikilmiş evlər, infrastruktur, enerji obyektləri, qaz xətləri və daha çoxu. Son beş il ərzində Azərbaycan şəhərlərin yenidən qurulması ilə bağlı məsələlərin həllində mühüm təcrübə toplayıb”, — deyə o bildirib.
Onun sözlərinə görə, bu mövzu ilə bağlı mədəni irsin qorunması, davamlılıq və ekoloji çağırışlar da daxil olmaqla bir sıra paralel məsələlər mövcuddur. Bu baxımdan panel sessiyası çərçivəsində şəhərlərin tikintisi, inkişafı və bərpası ilə bağlı bir-biri ilə əlaqəli müxtəlif problemlər müzakirə olunacaq.












