Braziliya rəsmisi: Amazon hövzəsində urbanizasiya narahatlıq doğurur
Amazon hövzəsində urbanizasiya narahatlıq doğurur.
1news.az "Report"a istinadən xəbər verir ki, bunu Braziliya Şəhərlər Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Antonio Da Costa e Silva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Amazon hövzəsinin əhalisinin 77 %-i şəhərlərdə yaşayır: "Onların bəziləri Belen və Manaus nümunəsində olduğu kimi kifayət qədər böyük şəhərlərdir. Və təəccüblü deyil ki, bütün Latın Amerikasında mövcud olan və Amazon bölgəsində də şübhəsiz ki, istisna təşkil etməyən urbanizasiya problemləri ucbatından, Braziliyada ən çox gecəqondu faizinə sahib şəhərlərdən bəziləri məhz Amazon bölgəsində yerləşir. Belen şəhərindəki yaşayış sahələrində əhalinin 57 %-i gecəqondularda yaşayır. Və düşünürəm ki, Manaus da ondan çox geridə qalmır - əhalinin 55,8 %-ni təşkil edir. Daha sonra, Amazon bölgəsində yerləşən digər iki şəhərdə də gecəqonduların faizi yüksəkdir: Santarem şəhərində təxminən 30 %, Makapada isə təxminən 27 %-dir. Gördüyünüz kimi, Amazon bölgəsində bərabərsizlik və həssaslıq (müdafiəsizlik) yanaşı addımlayır. Və biz urbanizasiya, inklüzivlik və həssaslıq məsələlərini həll etmədən davamlı Amazon bölgəsindən danışa bilmərik".












