Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb - FOTO

16:43 - 16 / 12 / 2016
Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb - FOTO

Dekabrın 16-da Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəd müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə keçirilən görüşü zamanı imzalanıb.

Görüşdən əvvəl Gürcüstanın nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Nazir Z.Həsənov gürcüstanlı həmkarını yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO çərçivəsində həyata keçirilən proqramlar, treninqlər vasitəsilə, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xatırladan Z.Həsənov vurğulayıb ki, gələn il də ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını deyib.

Müdafiə naziri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, respublikamızın ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarına görə gürcü xalqına minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Z.Həsənov ölkələrimizin hərbi qurumları arasında 2017-ci il üçün əməkdaşlıq planının səmərəli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Azərbaycanın müdafiə naziri görüşdə Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb.

İlk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirən L.İzoria bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

L.İzoria onu da bildirib ki, gələn ildən Gürcüstan da Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərində iştirak etməyə hazırdır.

Görüşdə Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsinin imkanları, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər