Hafsa Mansur Hassan: Azərbaycanın dostu olmaq məsuliyyətli və şərəfli işdir
Prezident İlham Əliyevin sərəncamı ilə “Multikulturalizm ili”elan edilən 2016-cı il təqvim tarixi olaraq başa çatdı. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, 2016-cı il təqvim ili kimi yekunlaşsa da, dövlətimizin aparısı siyasi xətlərindən olan və xalqımızın canında –qanında mövcud olan multikulturalizm enerjisi sayəsində gerçəkləşdiriləcək nailiyyətlər, həyata keçiriləcək layihələr hələ uzun illər davam edəcək.
Bu haqda 1news.az Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir.
Cənab Prezident tərəfindən multikulturalizmin təbliği və təşviqi istiqamətində müəyyənləşdirilən aydın hədəflərin gerçəkləşməsi və Azərbaycan multikulturalizmi modelini dünyada tanıtmaq istiqamətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 2017-ci ildə də “Multikulturalizm ili”ndəki templə səylərini davam etdirməyi planlaşdırır.
BBMM-in 2016-cı ildəki əhəmiyyətli layihələrindən olan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yeni-yeni üzvləri getdikcə artmaqdadır. BBMM-in mətbuat xidməti www.youngfriends.az saytına istinadən Birliyin üzvü, yəmənli tələbə Hafsa Abdulmalik Mansur Hassanın ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.
Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini günü-gündən genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.
Hafsa Abdulmalik Mansur Hassan:
“Mən Yəmən vətəndaşıyam və hazırda Misirin Qahirə Universitetində təhsil alıram. Keçən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yay məktəbində iştirakım mənim üçün bir çox baxımdan böyük təcrübə mübadiləsi oldu. Azərbaycana gəldiyimə görə və dünyanın 16 ölkəsindən olan gənclərlə birgə yay məktəbində iştirak etdiyim üçün özümü şanslı hesab edirəm. Yay məktəbində biz multikulturalizm mövzusunda təşkil olunan müxtəlif tədbirlərdə iştirak etdik. Müxtəlif etnik qrupların tarixi, mədəniyyəti, adət-ənənələri məni həmişə maraqlandırıb. Buna görə də yay məktəbi iştirakçılarının Qəbələ, İsmayıllı, Şəki və Oğuz rayonlarında yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşü yaddaşımda dərin izlər buraxdı. Həmin rayonların tarixi abidələri və turizm obyektlərini çox bəyəndim. Azərbaycan xalqı çox qonaqpərvərdir, ölkənizin mənzərəli, görməli yerləri çoxdur. Qəbələ məni həqiqətən təəccübləndirdi. Çünki paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi çəkdi. Yeni sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman məkanları bu şəhərin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir.
Azərbaycanda hiss etdiyim xoş təəssüratlar dünyanın bu multikultural və tolerant ölkəsi haqqında düşüncələrimi daha da dolğunlaşdırdı.
Yəməndə multikulturalizm mövzusunda yay və qış məktəblərinin təşkilinə rast gəlməmişəm. Ona görə də bizim sülh və tolerantlığı təbliğ etmək üçün imkanlarımız da məhduddur. Mən Azərbaycandan qayıdandan sonra burada gördüklərim və öyrəndiklərim barədə Yəməndə gənclərə geniş məlumatlar verdim, foto və video təqdimatlar edərək təəssüratlarımı bölüşdüm. Yəməndə də bu cür yay və qış məktəblərinin təşkilinə böyük ehtiyac olduğunu düşünürəm və Azərbaycan təcrübəsindən faydalanaraq bununla bağlı aidiyyəti qurumlara maraqlı təkliflər vermişəm.
“Azərbaycanın Gənc Dostları Klubu”nun yarandığı ilk günlərdən üzvü olmağa qərar verdim. Dostluq əməkdir, məsuliyyətdir və sevgidir. Ərəblərin bir atalar sözü var: “Dost sənin özündür”. Azərbaycan xalqı mənim üçün öz xalqım qədər dəyərlidir. Azərbaycanın dostu olmaq məsuliyyətli və şərəfli bir işdir. Bu dostluğun ömürlük olacağına inanıram və bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
1news.az