Mübariz Əhmədoğlu: Ermənistan Azərbaycan hərbçisinin nəşini verməyi yubatmaq məqsədi ilə süni maneələr yaradır
Ermənistan baş prokurorunun Çinari kəndinə səfəri rəsmi Yerevanın Azərbaycan hərbiçisinin nəşini verməmək və verməyi yubatmaq məqsədi ilə süni maneələr yaratmaq məqsədilə ikinci addımıdır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan tərəfinin Azərbaycan hərbiçisi Çingiz Qurbanovun nəşini vermək istəməməsini şərh edərkən deyib:
“Ermənistanın baş prokuroru Artur Davityan yanvarın 10-da Ermənistan Respublikası Tavuş vilayətinin Çinari kəndinə baş çəkdi. Orda hərbçilərlə və yerli əhali ilə görüşdü. Dekabrın 29-da baş vermiş hərbi insidentlə bağlı vəziyyəti öyrəndi. Bundan əvvəl Ermənistan mətbuatı dekabrın 29-da baş vermiş hərbi insidentlə bağlı istintaq apardıqlarını bildirmişdi. Ermənistan baş prokurorunun hərbi insidentin baş verdiyi Çinari kəndinə səfəri rəsmi Yerevanın Azərbaycan hərbiçisi Çingiz Qurbanovun nəşini verməmək və verməyi yubatmaq məqsədi ilə süni maneələr yaratmaq məqsədilə ikinci addımıdır.
Birinci addımı isə azərbaycanlı hərbçinin şəxsiyyətinin müəyyən olunması ilə bağlı yayılan məlumat idi. Çingiz Qurbanov Azərbaycan Respublikasının hərbçisidir və Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Müharibə nəticəsində əsir düşənlər və meyitlər haqqında bütün beynəlxalq konvensiyalara, eləcə də bütün humanitar prinsiplərə görə qarşı tərəfin, yəni, Ermənistan tərəfinin Azərbaycan hərbçisinin şəxsiyyətini araşdırmağa ixtiyarı yoxdur. Hərbi əsirin yalnız soyadı, adı, rütbəsi və şəxsi nömrəsi soruşulmalıdır. Meyitin şəxsiyyətinin araşdırılması kimi erməni absurdları ümumiyyətlə, gündəlikdə yoxdur. İndiki halda Ermənistan Respublikası Azərbaycan hərbçisi Çingiz Qurbanovun nəşini dərhal, qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır”.
M.Əhmədoğlu bildirib ki, Ermənistan rəhbərliyinin primitiv şüurunu, antiAzərbaycan əhval- ruhiyyəyə köklənməsini, uydurma tarixlərini və indiki hazırlıqlarını nəzərə alsaq, bəlli olur ki, Ermənistan Çingiz Qurbanovun nəşini yaxın müddətdə vermək niyyətində deyil. Rəsmi Yerevanın bu mövqeyi Ermənistanın təkcə humanizm prinsiplərinə, beynəlxalq hüquq normalarına deyil, həm də prezidentlər arasında razılaşmaya necə əməl etməsinin vacib göstəricilərindən biridir:
“2010-cu ildə təxminən belə vəziyyət yaranmışdı. İyunun 19-da 4 erməni hərbçisini öldürən Mübariz İbrahimovun nəşini ermənilər Azərbaycana qaytarmaq istəmirdilər. Məhz bu məsələdən ötrü xüsusi olaraq oktyabrın 27-də Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi və hərbi əsirlərin, o cümlədən meyitlərin mübadiləsi ilə bağlı razılaşma əldə olundu. Ermənistan noyabrın 6-da Mübariz İbrahimovun nəşini qaytardı. Çingiz Qurbanovun hərbçi yoldaşları məni düzgün başa düşəcəklərinə inanaraq qeyd etmək istəyirəm ki, Çingiz Qurbanov daxil olduğu qrup biri zabit olmaqla 3 erməni hərbçisini öldürüb”.
Politoloqun sözlərinə görə, Həştərxan razılaşmasının mühüm bəndlərindən biri də bu mübadilə prosesinin gələcəyə də şamil edilməsidir:
“Yeri gəlmişkən Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Həştərxan razılaşmasının gələcəyə də şamil olacağını xüsusi vurğulamışdı. Ermənistan üçün “gələcək” anlayışının hansı müddəti əhatə etdiyi bəlli olmasa da, amma faktdır ki, 2016-cı ilin dekabrın 29-da, yəni Həştərxan razılaşmasının təxminən 6 il 2 ay 2 gündən sonra baş vermiş insident nəticəsində Azərbaycan hərbçisinin nəşini qaytarmaq istəmir. Bununla da Ermənistan kifayət qədər faciəvi və ciddi səhv yolda olduğunu hələ də davam etdirməklə bağlı iradəsini ortalığa qoydu.
Yeri gəlmişkən ATƏT-in Minsk qrupunun son bəyanatında Həştərxan sənədinə istinad olunub. Ermənistan prezidentinin imzaladığı bu sənəddə “hərbi əsir” termini işlənib. Bu sənəd məhz Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə müharibə vəziyyətində olduğunu sübut edir.
Amma Ermənistan nəzərə almalıdır ki, indiki dövrdə onun bu işğalçılıq iradəsini bu qaydada təqdim etməsi ona əlavə problemlər yaradacaq”.
1news.az