QDF-in dəstəyi ilə Horovlu kəndində ağacəkmə aksiyası keçirilib - FOTO
Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilati dəstəyi ilə Zəfər Gününün beşinci ildönümü münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində ağacəkmə aksiyası keçirilib.
1news.az xəbər verir ki, aksiyada Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Horovlu kəndinin sakinləri iştirak ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev tədbir iştirakçılarına Horovlu kəndinin tikinti prosesi ilə bağlı məlumat verib.
Kənddə bərpa-quruculuq işlərinin davam etdirildiyini deyən Vahid Hacıyev kəndə köçən əhalinin məşğulluğunun təmin edilməsi üçün də tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev kənd sakinlərinə Fondun fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini deyən İdarə Heyətinin sədri bildirib ki, Fondun fəaliyyəti də məhz Qarabağın bərpası istiqamətində görülən işlərə maliyyə dəstəyinin göstərilməsi, eləcə də görülən işlərlə bağlı təbliğat-təşviqat işlərinin aparılmasıdır.
Daha sonra aksiya iştirakçıları müxtəlif növlü ağacları kənd parkının ərazisində əkiblər.
Qeyd edək ki, təşkil olunan aksiya il ərzində davam edən layihənin yekununu vurdu.
Layihə çərçivəsində Qarabağ Diçəliş Fondunun maliyyə dəstəyi ilə kəndin park ərazisində ümumilikdə 70 ədəd oleandr, 50 ədəd zeytun, 450 ədəd şərq çinarı, 100 ədəd yapon əzgili, 50 ədəd gavalı, 200 ədəd Eldar şamı, 250 ədəd piramidal sərv olmaqla, ümumilikdə 1170 ağac əkilib.
Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Fond bu istiqamətdə bir neçə layihəni icra edib və yeni layihələrin icrasını davam etdirməkdədir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib, kənddə görülən işlərlə tanış olub.
Onu da bildirək ki, bu günə qədər Horovlu kəndində 132 ailə olmaqla, 541 nəfərin məskunlaşması təmin olunub. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

























