İTS üçün 16 manat: Kim ödəməlidir, kim isə azaddır? – İZAH | 1news.az | Xəbərlər
Cəmiyyət

İTS üçün 16 manat: Kim ödəməlidir, kim isə azaddır? – İZAH

14:07 - Bu gün
İTS üçün 16 manat: Kim ödəməlidir, kim isə azaddır? – İZAH

Tibbi sığorta haqqında Qanuna təklif olunan dəyişikliklər, qeyri-formal məşğul şəxslərin icbari tibbi sığorta (İTS) üçün ayda 16 manat ödəmə ilə bağlı müddəalar son günlər geniş ictimai müzakirələrə səbəb olub.

Mediada yayımlanan “İşləməyən şəxslər İTS üçün hər ay 16 manat ödəyəcək” kimi başlıqlar bir sıra vətəndaşlar arasında yanlış fikir formalaşdırıb. Belə ki, bir çoxları bu ödənişi işsiz olsalar belə etməyə məcbur olduqlarını düşünürlər.

Məsələyə aydınlıq gətirmək üçün 1news.az-ın əməkdaşı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Muşfiq Məmmədliyə müraciət edib.

Deputat saytımıza açıqlamasında bildirib ki, İcbari tibbi sığorta haqqında Qanunda nəzərdə tutulan dəyişikliklər təsdiqləndikdən sonra qeyri-formal əmək fəaliyyəti ilə məşğul olan şəxslər İTS üzrə aylıq sığorta haqlarını özləri ödəməli olacaqlar.

Onun sözlərinə görə, qeyri-formal məşğul şəxslər dedikdə əmək müqaviləsi olmadan, rəsmiləşdirilmədən və gəlir əldə etməklə çalışan şəxslər nəzərdə tutulur. Məsələn, kənd təsərrüfatında qeydiyyatsız fəaliyyət göstərənlər bu kateqoriyaya daxildir. Bu şəxslər ya əmək fəaliyyətlərini rəsmiləşdirməli, ya da qeyri-formal məşğul kimi İTS haqlarını müstəqil qaydada ödəməlidirlər.

M. Məmmədli icbari tibbi sığorta sisteminə qoşulma qaydalarını da izah edib. Qanunvericilik tələb edir ki, qeyri-formal sektorda çalışan şəxs İTS sisteminə qoşulduğu halda illik sığorta haqqının aylara bölünmüş hissəsini hər ay müəyyən olunmuş gündə ödəsin. Bu ödəniş 16 manat təşkil edir. Ödəniş gecikdirildikdə isə aylıq məbləğin 10 faizi həcmində cərimə tətbiq olunur.

Deputat qeyd edib ki, əgər qeyri-formal məşğul olan şəxs İTS sisteminə qoşulmazsa, o, tibbi sığorta qanunvericiliyinə əsasən sığortalı hesab edilmir. Bu halda, ilkin tibbi-sanitariya yardımı və təcili tibbi yardım istisna olmaqla, digər xidmətlərdən yalnız öz hesabına yararlana bilər.

Onun sözlərinə görə, dəyişikliklərin məqsədi həm əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını təşviq etmək, həm də gəlir əldə edən şəxslərin sığorta ödənişlərini müstəqil şəkildə həyata keçirməsini təmin etməkdir. Rəsmi şəkildə işsiz kimi qeydiyyatda olan şəxslər isə istisna təşkil edir: onlara görə İTS haqları əvvəlki kimi dövlət büdcəsi hesabına ödəniləcək.

Deputat bildirib ki, ümumilikdə İcbari Tibbi Sığorta Fonduna əhalinin bir çox kateqoriyası üzrə ödənişlər dövlət tərəfindən qarşılanır. Bu kateqoriyalara 18 yaşına qədər uşaqlar, ilk ali təhsilini alan tələbələr (23 yaşa qədər), bütün pensiyaçılar, sağlamlıq imkanları məhdud şəxslər və bütün növ pensiya müavinətləri alan şəxslər daxildir. Bu şəxslərin sığorta haqları Azərbaycan Respublikasının dövlət büdcəsindən Fondun hesabına köçürülür.

Qeyd edilib ki, hazırda sadalanan bütün məlumatlar qanunvericiliyin ümumi müddəalarına əsaslanır. Tətbiq mexanizmi və detallı qaydalar isə yalnız qanunlar üçüncü oxunuşdan keçdikdən, prezident tərəfindən təsdiqləndikdən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaydalar təsdiq edildikdən sonra bəlli olacaq. Qaydalar qüvvəyə mindikdən sonra İcbari Tibbi Sığorta Agentliyi və digər icra qurumları prosesin icrasını həyata keçirəcək.

M. Məmmədli xatırladıb ki, hazırda dəyişikliklər Milli Məclisdə yalnız birinci oxunuşdan keçib və səsləndirilən fikirlər məhz bu mərhələyə uyğun şərhlərdir.

Redaksiyanın qeydi: Ətraflı tətbiq mexanizmi yalnız qanun dəyişikliyi üçüncü oxunuşdan keçdikdən, ölkə başçısı tərəfindən təsdiqləndikdən və müvafiq qaydalar hazırlandıqdan sonra açıqlanacaq.

Faiqə Məmmədova

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər