Ombudsman: İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi biznes fəaliyyətinin bərpası üçün vacibdir
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Biznes və İnsan Hüquqları Forumunda iştirak edib.
1news.az xəbər verir ki, müvəkkil forum zamanı müzakirələrdə ölkəmizdə biznesin inkişafı və sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, biznes və insan hüquqları sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Ombudsman işğaldan azad edilmiş ərazilərimizdə mina probleminin davam etdiyini, bu məsələnin bölgənin inkişafına, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsinə ciddi maneə yaratdığını bildirib. Səbinə Əliyeva həmin ərazilərdə Ombudsman təsisatı tərəfindən müntəzəm olaraq monitorinqlərin aparıldığını və monitorinqlərin nəticələri barədə müvafiq beynəlxalq təşkilatlara məlumatların təqdim edildiyini diqqətə çatdırıb.
Ombudsman, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə məsuliyyətli biznes fəaliyyətinin, sosial-iqtisadi həyatın bərpası məqsədilə torpaqlarımızın minalardan təmizlənməsində dəstək göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Forum çərçivəsində ombudsman Səbinə Əliyeva BMT-nin Biznes və insan hüquqları üzrə İşçi Qrupunun sədri Pichamon Yeophantong ilə görüşüb. Görüş zamanı Səbinə Əliyeva Ombudsman təsisatı tərəfindən Azərbaycanda biznes və insan hüquqları sahəsində hazırlanmış milli qiymətləndirmə sənədi barədə məlumat verib, həmçinin gələcək əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.












