Aydın Mirzəzadə: “İsa Qəmbərin cəmiyyət adından danışmağa mənəvi haqqı yoxdur”
Azərbaycan Prezidentinin məqsədyönlü və milli maraqlara cavab verən uğurlu daxili və xarici siyasəti Ermənistan və erməni diasporu başda olmaqla anti-Azərbaycan qüvvələri və onların sifarişlərini yerinə yetirən daxili anti-milli qrupları, “5-ci kolon” fəallarını ciddi narahat edir.
“Hakimiyyətə gəlmək” xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək özlərini gündəmə gətirməyə çalışır, bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər.
Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar.
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzi adlı qurumun rəhbəri İsa Qəmbərin Müsavat Partiyasının yanvarın 14-də keçirilmiş respublika müşavirəsindəki çıxışında səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir.
İndiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini iddia edən İsa Qəmbərin mövcud vəziyyəti yalnız xalqın dəyişə biləcəyini deməklə cəmiyyətdə çaşqınlıq yaratmağa çalışdığı göz önündədir.
Bu günə kimi bir dənə də olsun səmərəli fikir və ideya müəllifi kimi diqqəti cəlb etməyən alayarımçıq laborant İsa Qəmbər bütün uğursuzluqlarının səbəbini özündə axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da cəmiyyəti çaşdıra biləcəyini düşünür.
Hər kəsə yaxşı məlumdur ki, İsa Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biridir.
Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unutdu? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etməsi nə qədər məntiqə uyğundur?
Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İsa Qəmbər kimiləri bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar?
Heç kəs dana bilməz ki, ölkəmizdə müəyyən problemlər, çatışmazlıqlar var və Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə bu barədə danışıb. Lakin bütün ölkələrdə, hətta inkişaf etmiş Qərb dövlətlərində də problemlərin sayı kifayət qədərdir. Bütün bunların fonunda Azərbaycanda aparılan siyasi və iqtisadi islahatların nəticəsidir ki, bu gün ölkəmiz regionun aparıcı dövlətinə çevrilib.
Görünən odur ki, bu, Azərbaycanı istəməyən dövlətləri və beynəlxalq təşkilatları ciddi narahat edir və onlar ölkəmizdə olan öz havadarları vasitəsilə ölkəmizin inkişafına, beynəlxalq aləmdə qazandığı müsbət imicə kölgə salmağa, cəmiyyətdə çaşqınlıq, xaos yaratmağa çalışırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Siyavuş Novruzov da hesab edir ki, həm İsa Qəmbərin, həm də onun ətrafındakılarının söylədikləri və hərəkətləri onların bolşevik təfəkküründən qaynaqlanır:
“İsa Qəmbərin özü də guya Düşüncə Mərkəzinin rəhbəridir. Düşüncəsizlik Mərkəzinin rəhbəridir ki, gəncləri düzgün olmayan yola çəkir. İsa Qəmbər bir dəfə də olsun o gənclərin valideynlərinə, özlərinə baş çəkibmi?! Qızışdırıb ortaya salsın, məsələ beynəlxalq məruzələrdə getsin, Azərbaycan haqqında hər hansı mənfi rəy yaransın. Yaxud Əli Kərimli xaricdən maliyyə alır, müəyyən insanların adlarını siyahıya salır ki, guya həmin insanlar Azərbaycan dövləti tərəfindən sıxışdırılır. Kim xaricdən sığınacaq almaq istəyir, gətirib Əli Kərimliyə pul verir. Əli Kərimli də bir möhür vurub, onları xaricə yola salmaqla məşğuldur”.
Məsələ ilə bağlı 1news.az-a danışan millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, İsa Qəmbərin hakimiyyətin əleyhinə səsləndirdiyi tənqidi fikirlər əsassızdır və şəxsi maraqlarına yönəlib. Yaxın tarixi keçmişə nəzər salan millət vəkili Azərbaycanın bu gün üzləşdiyi bir çox problemlərin məhz İsa Qəmbərin və onun havadarlarının hakimiyyətdə olduğu dövrdə yarandığını qeyd edib:
“Ola bilsin ki, keçmiş Müsavat rəhbəri hesab edir ki, cəmiyyətin yaddaşı korlanıb və şəxsən onun özününü fəaliyyəti ilə bağlı heç kəs heç nə xatırlamır. Məhz onun hakimiyyətdə olduğu dövrdə Azərbaycan müstəqilliyinin bir il qızıl vaxtını demək olar ki, itirdi, həmin dövrdə cəmiyyət vətəndaş müharibəsi vəziyyətinə gəlib çatdı, torpaqlarımızın bir hissəsini itirdik, Silahlı Qüvvələr yaratmaq mümkün olmadı və Azərbaycanın dünyanın strateji ölkələri ilə münasibətləri pisləşdi. Göründüyü kimi, məhz İsa Qəmbərin və onun üzvü olduğu komandanın fəaliyyəti Azərbaycan üçün çox ağır problemlər yaratdı. Ulu öndər Heydər Əliyev həmin dövrdə hakimiyyətə gəlməsəydi o vaxt hakimiyyətə qarşı çıxan Surət Hüseynov İsa Qəmbəri dar ağacından asacaqdı. Sonradan onun müxalifət partiyasının nümayəndəsi kimi fəaliyyəti ilə bağlı kifayət qədər şikayət oldu, o özünün mövqeyini açıq şəkildə bildirə bildi və s.
Bu gün isə fəaliyyəti başdan ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi çox anormal bir şeydir. Digər tərəfdən İsa Qəmbər müxalifətdə olduğu dövrdə Azərbaycan dövlətçiliyinin məsuliyyətini daşımaq funksiyasından imtina etdi. Bir qayda olaraq xaricdə olduğu tədbirlərdə Azərbaycan reallığı haqqında mənfi fikir yaratmağa çalışırdı. Bir dəfə də olsun Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması, bir milyondan çox qaçqınımızın olması məsələsini qaldırmadı. ABŞ Konqresində keçirilən dəyirmi masaların birində isə ABŞ administrasiyasından Azərbaycana qarşı sanksiya tətbiq etməsini tələb elədi. Göründüyü kimi, İsa Qəməbərin bu gün cəmiyyət adından danışmağa, Azərbaycanın gələcəyi ilə bağlı fikir bildirməyə ilk növbədə mənəvi haqqı yoxdur”.
A.Mirzəzadə İsa Qəmbərin rəhbəri olduğu Mərkəz tərəfindən bir il əvvəl “Böhrandan imkana” adlı yol xəritəsi hazırlanması və cəmiyyətə təqdim edilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Həmin sənədlə tanış olduğunu deyən millət vəkili bildirib ki, orada heç bir konkret təklif irəli sürülməmişdi. Başdan ayağa şüar və çağırışlardan ibarət idi və yaxud Azərbaycan hakimiyyətinin həyata keçirdiyi fəaliyyəti özünün adından təşəbbüs kimi irəli sürülmüşdü.
Millət vəkili İsa Qəmbərin çıxışında cəmiyyəti, xüsusən də gəncləri indiki vəziyyəti dəyişməyə çağırışlar etməsinə də diqqət çəkərək, bu çağırışların hakimiyyətə qarşı kifayət qədər siyasi təxribat xarakteri daşıyan bir çağırış olduğunu vurğulayıb:
“Onlar indiki hakimiyyəti dəyişməklə nəyə nail ola bilərlər ki? Azərbaycana Liviya təcrübəsini gətirmək, yoxsa Azərbaycanda İŞİD-in yerli təşkilatının yaradılmasını, yoxsa Ukrayna kimi ərazisinin bir hissəsinin itirilməsinə gətirib çıxarmasını, yoxsa qonşu dövlətlərlə düşmən mövqeyə gəlib çıxmasını istəyir. İsa Qəmbərin çağırışları cəmiyyəti daha da problemlər girdabına yuvarlamaq cəhdindən başqa bir şey deyil”.
A.Mirzəzadə İsa Qəmbərin hakimiyyət əleyhinə tənqidi fikirlər səsləndirməklə nəyə nail olmaq istəməsi ilə bağlı fikirlərini də bölüşüb:
“Məlum olduğu kimi, İsa Qəmbər bir müddət idi ki, susqunluq metoduna üstünlük verirdi. Siyasi fəaliyyəti görünmürdü, heç bir çağırışlar etmirdi və s. Ola bilsin onun bağlı olduğu anti-Azərbaycan mərkəzlərindən bir çağırış gəlib, ya da ola bilsin ki, özünü kimlərinsə yadına salmağa çalışır və bununla hesab edir ki, yenidən marağa səbəb olacaq. Ancaq cəmiyyət bu gün İsa Qəmbərlərin, Əli Kərimlilərin, Arif Hacılıların göstərdiyi yolla getmək istəmir, onları müdafiə etmir.
Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi stabillik, iqtisadi inkişaf, problemlərinin həlli lazımdır. Bəli, Azərbaycanda müəyyən problemlər var. Bu problemlərin bir hissəsi dünyada gedən proseslərlə bağlıdır, bir hissəsinin isə həll edilməsinə müəyyən qədər vaxt lazımdır. Azərbaycanda bu gün manatın stabilləşməsi üçün ciddi işlər görülür. Ölkədə sahibkarlığın inkişafına böyük dəstək verilir. Vergi və gömrük sahələrində ciddi dəyişikliklər edilir. Mənzil tikintisinin genişlənməsi üçün dövlət tərəfindən sosial evlər tikilir, ipoteka kreditlərinin verilməsi və digər layihələr həyata keçirilir.
Bu gün vətəndaş ailəsinin təhlükəsiz şəraitdə yaşadığının, onun üçün yeni iş yerlərinin yaradıldığını, övladının təhsil ala biləcəyinin, özünün səhhətinin qorunmasının fərqinə varır. Bütün bunların fonunda İsa Qəmbərlərin çağırışı bir günlük xırda ulduz parıltısından başqa bir şey deyil”.
B.Cahandarov