Pakistanın Pəncab əyaləti ilə əlaqələrin inkişafı müzakirə edilib
Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın Pəncab əyalətinə səfəri zamanı bu əyalətin baş naziri Şahbaz Şərif ilə görüşüb.
1news.az-ın məlumatına görə, səfir Azərbaycanla Pakistanın bir-birinə göstərdiyi dəstəyin qardaşlıq münasibətlərinin bir təzahürü olduğunu, ötən dövr ərzində Pakistan prezidentinin və baş nazirinin Azərbaycana uğurlu səfərlərinin həyata keçirildiyini, iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da inkişafı istiqamətində səylərin artırıldığını bildirib.
Ölkə rəhbərliyinin tapşırığı əsasında Azərbaycanın müvafiq biznes heyətinin Pakistanın İslamabad, Ravalpindi və Pəncab əyalətinin Lahor şəhərlərinə səfər etdiyini, iş adamlarının ikitərəfli səmərəli görüşlərinin baş tutduğunu və özünün də Azərbaycan heyətini müşayiət etdiyini bildirən səfir, Pakistanın Pəncab əyaləti ilə də iqtisadi-ticari əlaqələrin genişləndirilməsində azərbaycanlı iş adamlarının maraqlı olduğunu qeyd edib.
Ə.Əlizadə həmçinin, Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu, Lahor şəhəri ilə də əlaqələrin daha artırılması imkanları ilə bağlı fikir mübadiləsi aparıb.
Pəncab əyalətinin baş naziri Ş.Şərif Pakistanın Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyəcəyini və Pəncab əyalətinin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Baş nazir Azərbaycanın müvafiq biznes heyətinin Lahor şəhərinə səfərinin iqtisadi-ticari əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəyini, cari ilin aprel ayında Pəncab əyalətində biznes imkanları ilə bağlı keçiriləcək beynəlxalq konfransda Azərbaycanın iqtisadi nümayəndə heyətinin də iştirakının məmnunluqla qarşılanacağını bildirib.
1news.az