Misirdə azərbaycanlı alimin Xocalı soyqırımına həsr olunan kitabı ərəb dilində çap edilib
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun müəllifi olduğu “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabı ərəb dilində “Əl-Əxbar” mətbəəsində çapdan çıxıb.
Üç fəsildən ibarət olan kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərindən, İrəvan xanlığının tarixi həqiqətlərindən, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərar və bəyanatlardan, XX əsrin ən dəhşətli soyqırımı sayılan Xocalı qətliamının başvermə səbəblərindən bəhs edilir, erməni terror təşkilatları, erməni lobbisi, 1989-1994-cü illərdə Azərbaycanda ermənilərin törətdiyi terror aktları barədə geniş məlumat verilir. Bildirilir ki, Azərbaycanda hər ilin 26 fevral tarixi Xocalı soyqırımı günü kimi qeyd olunur.
Kitabda ulu öndər Heydər Əliyevin Xocalı soyqırımına verdiyi siyasi qiymət, Prezident İlham Əliyevin çıxışları, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu qətliama dair söylədikləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təsis edilməsi, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinə ünvanladığı müraciət öz əksini tapıb.
“Xocalı soyqırımı və itirilmiş ədalət” kitabının Misirin kütləvi informasiya vasitələrində və universitetlərində təqdimatının keçirilməsi planlaşdırılır.
AZƏRTAC