Mübariz Əhmədoğlu: Həmsədrlərin yeni tapıntısı və bəyanatı
Həmsədrlər Münhendə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə ayrılıqda görüşdükdən sonra bu iki ölkənin Xİ nazirləri ilə birgə şam etdilər. Şam yeməyindən sonra bəyanat yaydılar.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Münhendə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü şərh edərkən bildirib:
Bəyanatda tərəflər:
- təmkinliyə,
- əhalini müharibəyə deyil, sülhə hazırlamağa,
-1994/95-ci il tarixli razılaşmalara riayət etməyə,
- çeviklik nümayiş etdirməyə,
- mümkün qədər tez zamanda dayanıqlı həllə nail olmaq üçün hərtərəfli danışıqların bərpa olunmasına çağırılırlar.
Həmsədrlər:
- Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkənin Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımadığını,
- 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə bilməyəcəyini,
- Nəticələrin heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirməyəcəyini bildiriblər.
Bunları nəzərə alaraq bəzi məsələləri təqdim edək:
Ermənistanın eks-prezidenti L.Ter-Petrosyan danışıqların son məzmununu açıqladı. Fəaliyyətdə olan prezident S.Sərkisyan dərhal və cığal uşaq kimi inkar etdi. Təmkindirmi?!
Politoloq qeyd edib ki, Ermənistanın hərbi eskalasiyada marağı var:
“Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal etsə də, işğalın sənədləşdirilməsi istiqamətində heç bir irəliləyiş əldə edə bilməyib. Ona görə Ermənistan qoşunların təmas xəttində hərbi gərginlik yaratmaqla qoşunların təmas xətti mövzusunu daimi aktuallıqda saxlamaqla qoşunların təmas xəttini, koordinatını, coğrafiyasını və s. ATƏT-in Minsk Qrupunun sənədlərində rəsmiləşdirilməsinə nail olmaq istəyir. Ona görə Ermənistan xalqını sülhə hazırlaya bilməz.
Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar daha kəsərli, daha sərtdir. Amma Azərbaycanın bütün addımları ermənilərin hərbi əməliyyatlarına cavab reaksiyası olub.
Ermənistan qoşunlarını yeni təmas xəttinə köçürən kimi hər şey sakitləşəcək. ATƏT-in MQ həmsədrlərinin Ermənistana aldanması birinci dəfə deyil. Bişkek sənədləri və ATƏT-in Budapeşt sammitindəki razılaşmalar da daxil olmaqla 1994/95-ci il tarixli razılaşmalarını həmsədrlərin açıqlanması çox faydalı olardı.
Həmsədrlərin anlamındakı tənzimlənmə ermənilərin anlamındakı tənzimlənməni inkar edir. Bu səbəbdən Ermənistan real danışıqların əleyhinədir. İmitasiyanın tərəfdarıdır.
Artıq neçənci dəfədir ki, həmsədrlər Dağlıq Qarabağda müxtəlif adda keçirilən prezident, parlament seçkilərinə, referendumlara dair münasibət bildiriblər və hər dəfə də bəyanatda xüsusi olaraq göstərilir ki, bu seçkilər Dağlıq Qarabağın statusunun müəyyən olunmasına təsir edə bilməyəcək. Amma ermənilər yenidən seçkilər və yaxud referendumlar keçirməklə məşğuldur. ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyinə qarşı ermənilərin belə inkarçılığı ATƏT-in Minsk Qrupu tərəfindən hökmən diqqətə alınmalıdır. Diqqətə alınmadığı üçün ermənilər ümid edirlər ki, haçansa tənzimləmədə vəziyyət onların xeyrinə dəyişə bilər. Ermənilər möcüzə gözləyirlər”.
Mübariz Əhmədoğlunun fikrincə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin verəcəyi konkret açıqlamalar müəyyən sosial gərginlikdən başqa bir şey yaratmayacaq:
“Hər halda sosial gərginlik hərbi gərginliyə nisbətən daha az risklidir və daha asan idarə olunandır. Konfidensiallıq Dağlıq Qarabağ münaqişəsi regionunda müharibəyə aparan yoldur. Hərbi gərginlikdən qorxan Minsk Qrupu həmsədrləri bunu bilməlidirlər.
Həmsədrlərin Dağlıq Qarabağdakı referendumla bağlı açıqlamasından bəlli olur ki, Dağlıq Qarabağın statusunu Ermənistanın və Dağlıq Qarabağdakı erməni icmasının təkbaşına, birtərəfli hərəkətləri müəyyən edə bilməz. Həmsədrlərin Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağ azərbaycanlıları olmadan müəyyən olunmayacağını açıq şəkildə bildirməsi çox zəruridir.
Həmsədrlərin yeni komandasının yeni tapıntısı dedikdə yemək stolu ilə danışıqlar stolunun eyni olmasını nəzərdə tuturuq. Ermənistan Xİ naziri E.Nalbandyan danışıq stoluna nisbətən yemək stoluna daha meylli imiş. Ona görə də son dövrlərdə Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkil etdiyi ya yubiley qonaqlığında, ya yola salma mərasimində və yaxud da sadəcə şam yeməyində görüşürlər. Başqa formatda E.Nalbandyan E.Məmmədyarovla görüşmür. Hər halda həmsədrlər E.Nalbandyanın bu xüsusiyyətini nəzərə alaraq çantalarında yemək gəzdirsələr, Ermənistanın Xarici İşlər Nazirinin Azərbaycan Xarici İşlər Naziri ilə daha effektli danışıqlara nail ola bilərlər. E.Məmmədyarov da cibində peçenye gəzdirsə, bəlkə E.Nalbandyanın inkar mövqeyini dəyişdirə bilər”.
1news.az