Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anma tədbirləri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
1news.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin gün Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək izdihamlı yürüşün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi üçün paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Qanlı faciənin 25-ci ildönümünün anılması üçün yürüşçülərin Neftçilər və Bülbül prospektlərinin kəsişməsindən başlayaraq Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə “Ana fəryadı” abidəsi ətrafında dövrə edib, eyni marşrutla 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub.
Bununla əlaqədar qeyd edilən marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək: Bakı-Ələt yolunun 14-cü kilometrindən və Sədərək Ticarət Mərkəzinin çıxışından 3-cü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq meydanı, “Dalğa Plaza”nın inzibati binasının yanından M.Useynov küçəsinə.
Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu Zavod dairəsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən, Afiyəddin Cəlilov-Nəcəfqulu Rəfiyev küçələri kəsişməsindən, Heydər Əliyev Mərkəzinin inzibati binası yanından, Xətai prospekti Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyli, Xəqani, Puşkin, 28 May, R.Zorqe, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkət istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.
Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alaraq qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimində iştirak etmək istəyənlərin ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur. Həmçinin hava limanı istiqamətində cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.
1news.az