AMEA-nın Geologiya və Geofizika İnstitutunda yeni təyinatlar olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin büro iclası keçirilib.
AMEA-dan 1news.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq bölməyə daxil olan elmi müəssisələrdə 2016-2017-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub.
Akademik Fəxrəddin Qədirov bildirib ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməlidir. Bölmənin akademik-katibi doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsini tövsiyə edib.
Müzakirədən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilərək qəbulun nəticələrinin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Gündəlikdə yer alan növbəti məsələ Geologiya və Geofizika İnstitutunun strukturu ilə bağlı olub. Bölmənin qərarları ilə geologiya-mineralogiya üzrə elmlər doktoru İbrahim Səfərov Eksperimental petrofizika, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamov Mühəndisi geofizika, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev Seysmologiya və seysmik təhlükə, Səid Hüseynov İctimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri vəzifələrinə təsdiq olunublar.
Sonda bir sıra kadr və cari məsələlər müzakirə edilib.
1news.az