BMT Baş katibinə Xocalı soyqırımı ilə bağlı məlumat verilib
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin bu təşkilatın baş katibi Antoniu Quterreşə ünvanlanmış məktubu BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Məktubda 1992-ci ilin fevralında erməni silahlı qüvvələri və onların himayədarları tərəfindən Xocalı şəhərinin mülki sakinlərinin və şəhərin müdafiəçilərinin kütləvi şəkildə qətlə yetirilməsinin faciəli nəticələri, təcavüzün gedişində hərbi qüvvə tətbiq edilməsinə və beynəlxalq humanitar hüquq normalarının ciddi pozulmasına görə erməni tərəfin beynəlxalq birlik tərəfindən pislənməsi bildirilir.
Bununla əlaqədar beynəlxalq təşkilatların müvafiq sənədlərinə, habelə xarici jurnalistlər və hüquq müdafiəçiləri tərəfindən aparılmış müstəqil təhqiqatların nəticələrinə istinad edilir.
Bundan əlavə, Ermənistanın yüksəkvəzifəli şəxslərinin, o cümlədən bu ölkənin indiki prezidentinin açıq bəyanatlarına diqqət cəlb edilir, vurğulanır ki, bu bəyanatlar həmin şəxslərin Xocalıda törədilmiş hadisələrə görə öz məsuliyyətini başa düşdüyünü göstərir.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi vurğulayır ki, müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi, habelə Xocalıda baş vermiş faciəli hadisələr barədə mövcud faktlar göstərir ki, bu şəhərdə baş vermiş kütləvi qətllər nadir və ya təsadüfi hadisələr deyil, Ermənistanın geniş miqyaslı, sistematik siyasətinin və praktikasının bir hissəsidir.
Qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü gedişində cinayətlər törətməkdə təqsirkar olan şəxslərin əvvəlki kimi yenə də cəzasız qalması çoxdan gözlənilən sülhün və iki ölkənin barışmasının təmin edilməsində irəliləyişə nail olmağa əngəl törətməklə yanaşı, həm də sülh prosesi əlaqədar onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirir və Ermənistanın istədiyini edə bilməsi hissinin möhkəmlənməsinə şərait yaradır.
Bununla əlaqədar bir məqama da diqqət yetirilir ki, Ermənistan hazırkı status-kvonun təsbit olunması, işğal edilmiş ərazilərdə öz hərbi potensialını artırmaq, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirmək, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasına mane olmaq kimi məqsədlərə yönəlmiş tədbirlər görür.
BMT baş katibinə bildirilir ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təhriki nəticəsində cəbhə xəttində gərginlik artıb, münaqişə başlanan vaxtdan Ermənistan insanları girov götürür və girov saxlayır, girovlar və hərbi əsrlərlə qəddar davranır, münaqişə nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirməkdən imtina edir, həlak olmuş Azərbaycanın vətəndaşlarının cəsədlərinin qaytarılmasın uzun müddət ləngidir, hətta bu incə məsələdə spekulyasiya cəhdləri göstərir.
Azərbaycanlı diplomat vurğulayır ki, münaqişənin möhkəm və uzunmüddətli tənzimlənməsinə yalnız bir yolla nail olmaq mümkündür - erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması təmin edilməlidir.
Məktubda o da qeyd edilir ki, davamlı sülhün və uzunmüddətli sabitliyin təmin edilməsi üçün münaqişə gedişində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulması barədə həqiqətin müəyyən edilməsi, zərərçəkmişlərə adekvat və real kompensasiya təqdim edilməsi, bu cür pozuntuların təkrarlanmaması üçün zəruri institusional tədbirlər görülməsi zəruridir.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi bildirir ki, bununla əlaqədar, sülhün bərqərar olunmasına yönəlmiş səylər, o cümlədən Azərbaycan ilə Ermənistan arasında münaqişənin tənzimlənməsinə dair cari tədbirlər çərçivəsində qanunsuz qüvvə tətbiq edilməsi və ya beynəlxalq hüquq normalarının pozulması ilə əlaqədar digər hiddətləndirici hallara yol verilməməli, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, qətliam və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətlər təşviq edilməməlidir.
AZƏRTAC