Bahar Muradova: Ermənistan-Azərbaycan Sülh Platforması” sülhə təşviq etmək üçün yaxşı bir layihədir
Qeyri-Hökumət Təşkilatlarının təşəbbüsü ilə Ermənistan və Azərbaycan cəmiyyətlərində tanınmış insanların, ictimai xadimlərin iştirakı ilə “Ermənistan-Azərbaycan Sülh Platforması” yaradılıb. Azərbaycana səfər etmiş, burada yaşamağı üstün tutmuş, Ermənistan siyasətinə, siyasi rəsmilərinə etiraz olaraq Azərbaycanda yaşamağı seçmiş ermənilər bizim mətbuat orqanlarında çox yaxşı təhlili yazılar hazırlayırlar. Onlar Ermənistandakı mənbələrindən ilkin məlumatlar alır və bunu dünya ictimaiyyətinə çatdırırlar.
Bu sözləri Xocalı soyqırımının 25 illiyinə həsr edilən plenar iclasda Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib.
“Əgər adındakı sülh missiyasını sona qədər yerinə yetirmək əzmində olsalar, hesab edirəm bu, yaxşı bir layihədir. Bu sıraya həm Azərbaycan, həm Rusiya, həm də Ermənistan cəmiyyətlərindən, beynəlxalq təşkilatlardan yeni-yeni adlar daxil olur. Hər iki ölkədə söz sahibi və öz mövqeyi olan insanların belə platformalara qoşulması cəmiyyətləri bir-birinə yaxınlaşdırmaq və əlbəttə ki, ədalətin bərpasından keçərək sülhə təşviq etmək üçün yaxşı bir layihədir”,- deyə Bahar Muradova vurğulayıb.
AZƏRTAC