Cibutiyə “Made in Azerbaijan” brendi altında 30 tona yaxın yük göndəriləcək
Fevralın 24-də Bakıda Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası saziş imzalanıb.
1news.az-ın məlumatına görə, sənədi “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf imzalayıblar.
İmzalanmış saziş iki ölkə arasında müntəzəm sərnişin və yükdaşımalarını həyata keçirməyə imkan verəcək, bu da öz növbəsində beynəlxalq münasibətlərin iqtisadi və mədəni inkişafına kömək edəcək.
Cahangir Əsgərov bildirib ki, Cibuti prezidenti İsmail Ömər Qelle ilə əldə olunmuş razılaşmaya əsasən ilk reyslə bu ölkəyə Azərbaycan istehsalçılarının “Made in Azerbaijan” brendi altında istehsal etdikləri 30 tona yaxın yük göndəriləcək. Azərbaycan məhsullarının yeni bazarda təqdimatı ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin başlaması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf bildirib ki, uğurlu iqtisadi əməkdaşlıq üçün hava nəqlıyyatının mövcudluğu çox böyük rol oynayır. Birbaşa hava əlaqəsinin olması bizim iş adamlarını Azərbaycan mallarının idxalı ilə məşğul olmağa həvəsləndirəcək.
Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına martın sonu - aprelin əvvəlində başlamaq planlaşdırılır.
1news.az