Türkiyə Niderlanda iki nota verib
Türkiyənin Xarici İşlər Nazirliyi polisin Roterdam şəhərində bu ölkədə yaşayan türklərə və ailə məsələləri üzrə nazirə qarşı hərəkətini qeyri-proporsional hesab etdiyi barədə Niderlanda ayrı-ayrılıqda iki nota verib.
1news.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, “birinci notada Türkiyənin təzminat tələb etmək hüququnu özündə saxlaması, Niderland hökumətindən Vyana konvensiyasını pozan insidentin təhqiq olunması və günahkarların hamısının qanun qarşısına çıxarılması barədə tələbi” öz əksini tapır.
İkinci notada isə “Niderland polisinin Rotterdam şəhərində keçirilən mitinqdə dinc nümayişçilərə qarşı hərəkətinin qeyri-proporsional olması, həmçinin bu fəaliyyətin insan hüquqlarını və müvafiq Avropa sazişini pozması” qeyd edilir, eyni zamanda, “Türkiyə vətəndaşlarının Baş Konsulluğa girişini əngəlləməyin diplomatiya prinsiplərinə və beynəlxalq sazişlərə zidd olduğu” vurğulanır.
Xatırladaq ki, Türkiyə və Niderland arasında diplomatik münaqişə krallıqda təhlükəsizlik mülahizələri ilə türk siyasətçilərinin konstitusiya islahatları lehinə çıxışlarına qadağa qoyulması qərarı fonunda yaranıb. Martın 11-də xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Niderlanda enişinə icazə verməyib. Sonradan türk diasporu qarşısında çıxış etmək üçün Almaniyadan Rotterdama gələn ailə və sosial siyasət məsələləri naziri Fatma Betül Sayan Kaya konsulluğa buraxılmayıb və o “arzuolunmaz əcnəbi” elan edilib.
Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Daan Feddo Husinqa insidentlə bağlı üç dəfə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ona “ailə və sosial siyasət məsələləri üzrə nazir Fatma Betül Sayan Kayanın Baş Konsulluğun ərazisində vətəndaşlarla görüşünə maneə olunması faktı ilə bağlı Türkiyənin qınağı” çatdırılıb.
1news.az