Elman Nəsirov: “Azərbaycan Türkiyənin demokratiya yolunda atdığı addımları dəstəkləyir”
“Avropanın mərkəzində olan Hollandiyanın Türkiyəyə qarşı hərəkəti demokratiyaya qara ləkədir”.
1news.az xəbər verir ki, bu sözləri millət vəkili, politoloq Elman Nəsirov Türkiyə və Hollandiya arasında yaşanan siyasi böhranı şərh edərkən bildirib. Onun sözlərinə görə, rəsmi Amsterdam insan hüquqları və sərbəst toplaşmaq azadlığından bəhs etməsinə baxmayaraq, bunu pozan da birbaşa özüdür:
“Hollandiyanın Türkiyəyə bu cür münasibətini şərtləndirən bir neçə amil var. Birincisi budur ki, Hollandiya NATO çərçivəsində Türkiyənin strateji müttəfiqi olmasına baxmayaraq, müttəfiqinin güclənməsindən narahatdır. Türkiyənin yüksəlişdə olduğu məlumdur. Əlbəttə ki, islamafobiya, ksenefobiya dalğasının yarandığı ölkələr üçün Türkiyə kimi güclü müsəlman ölkəsinin olması sərf etmir.
İkinci səbəb isə Hollandiyada 15 martda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Hollandiyada siyasi dairələr də bilirlər ki, islamafob və ksenefob olduqları təqdirdə populyarlıq da artır. Əgər belə olmasaydı, hazırda hakimiyyət üçün real namizəd, sağ radikal qüvvə olan Azadlıq Partiyası seçicilərin 30-35 faizinin səsini toplaya bilməzdi. Partiyanın sədri Geert Vildersin islamafob çıxışları isə bir çoxlarına məlumdur. İslam və faşizmi bərabər tutur”.
E.Nəsirov qeyd edib ki, bu böhran davam edərsə hər iki tərəf uduzar. Çünki Türkiyənin xaricə ixracının 50 faizi, Türkiyəyə qoyulan investisiyaların isə 60 faizi Avropa İttifaqı ölkələrinin payına düşür:
“Eyni zamanda, Türkiyə Avropa İttifaqı ölkələrinin təhlükəsizliyinin təminatında böyük rol oynayır. Buna misal olaraq 3 milyondan çox qaçqına Türkiyə tərəfindən sığınacaq verilməsini göstərmək olar. Əgər Türkiyə bundan imtina edərsə, 3 milyon qaçqın Avropa İttifaqına üz tuta bilər.
Hesab edirəm ki, burada qarşılıqlı anlaşmaya böyük ehtiyac var. Bunun üçün Hollandiya tərəfi öz səhvini dərk etməli və üzrxahlıq etməlidir. Lakin, biz bu gün gördük ki, Türkiyədə keçiriləcək referenduma “Hə” deyənlərin mitinqinə qadağa qoyan Hollandiya hökuməti, referenduma “Yox” deyənlərin mitinqinə icazə verib. Bu, siyasətdə ikiüzlülükdür”.
Politoloq bu məsələdə Azərbaycanın mövqeyini birmənalı olaraq dəyərləndirib:
“Azərbaycan demokratiyaya prioritet kimi baxır və Türkiyənin demokratiya yolunda atdığı addımları dəstəkləyir. Hollandiyanın isə demokratiya və sərbəst toplaşmaq hüququndan istifadənin əleyhinə olan addımlarını pisləyir”.
Fərid Ədalət