Cəza siyasətinin humanistləşdirilməsi insan hüquqlarının təmin olunmasına xidmət edir | 1news.az | Xəbərlər
Siyasət

Cəza siyasətinin humanistləşdirilməsi insan hüquqlarının təmin olunmasına xidmət edir

17:13 - 14 / 03 / 2017
Cəza siyasətinin humanistləşdirilməsi insan hüquqlarının təmin olunmasına xidmət edir

Xəbər verildiyi kimi, 2017-ci il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb.

Ədliyyə naziri Fikrət Məmmədov Sərəncamın qəbulundan ötən bir ay ərzində görülən işlər barədə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

– Fikrət müəllim, dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamını ölkəmizdə həyata keçirilən hüquqi islahatların davamı kimi qiymətləndirmək olarmı?

– Məlum olduğu kimi, Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirib, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülüb. Həmçinin cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması diqqətdən kənarda qalmayıb, bu sahədə dövlət siyasətinin təzahürü olaraq həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında ayrıca qanun qəbul edilib, onların imtiyazları genişləndirilib, saxlanma şəraiti, tibbi və digər təminatlarının yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilib.

2017-ci il 10 fevral tarixli Sərəncam isə hüquq sistemində mütərəqqi islahatların daha intensiv davamına rəvac verməklə, bu sahədə sürətli təkamülün əsasını qoyub.

Sərəncamın məqsədi ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqidir.

Möhtərəm Prezidentimizin insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətinin növbəti təzahürü olan və proqram xarakteri daşıyan bu Sərəncam, eyni zamanda, strateji hədəfləri müəyyən etməklə məhkəmə, ədliyyə, prokurorluq və istintaq orqanları üçün bir “yol xəritəsi”dir.

Sərəncamda qarşıya qoyulmuş hər bir vəzifəni ətraflı təhlil edib onların vaxtında, mütəşəkkil və dürüst icrasını təmin etmək məqsədilə bu məsələ təxirəsalınmadan Ədliyyə Nazirliyi Kollegiyasının geniş iclasının müzakirəsinə çıxarılıb, konkret tədbirlər müəyyən edilib, elektron nəzarət vasitələrinin funksionallığına və tətbiqi qaydalarına dair təqdimat keçirilib.

Həmçinin Sərəncamdan irəli gələn vəzifələr Ali Məhkəmədə hakimlərin, dövlət ittihamçılarının və istintaq orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş müşavirədə müzakirə olunub, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin təcrübəli əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.

Qarşıda duran vəzifələrlə əlaqədar ədliyyə işçiləri və hakimlərlə yerlərdə mütəmadi müşavirələr keçirilərək, aidiyyəti tapşırıq və tövsiyələr verilir, Sərəncamın humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin rəhbərliyi və əməkdaşları tərəfindən əhatəli maarifləndirmə işləri aparılır.

Sərəncamın icrası ilə bağlı görülmüş tədbirlər barədə nazirlik tərəfindən hər altı aydan bir Azərbaycan Prezidentinə məlumat verilməsi isə hər birimizi səfərbər etməklə üzərimizə böyük məsuliyyət qoyur.

– Dövlətimizin başçısının qeyd edilən Sərəncamını ölkəmizdə humanizm siyasətinin davamı kimi də qəbul etmək olarmı?

– Şübhəsiz. Sərəncamın əsas məqsədlərindən biri məhz cəza siyasətinin humanistləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatıdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasətinə sadiqlik bu gün dövlət idarəçiliyinin əsas prinsiplərindən birinə çevrilib. Təkcə onu demək kifayətdir ki, möhtərəm Prezidentimizin ötən dövrdə imzaladığı qərarlarla 3400-ə yaxın məhkum əfv edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edilərək onun təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktının 40 minə yaxın insana şamil olunması cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib. Burada böyük məmnunluqla vurğulamaq istərdim ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması cəmiyyətdə böyük rəğbət və sevinc hissi doğurub, onun çoxşaxəli və əzmkar fəaliyyətinin ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verəcəyinə, o cümlədən insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, elmin, təhsilin və səhiyyənin inkişafına hesablanmış mühüm layihələrin müvəffəqiyyətlə icrasına, humanizm, tolerantlıq ideya və prinsiplərinin, bu sahədə dövlət siyasətinin bundan sonra da uğurla inkişaf edəcəyinə qəti əminlik yaradıb.

Eyni zamanda, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilib. Ədliyyə Nazirliyi tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1400-dən çox məhkum barədə məhkəmələrə təqdimat göndərilib və onların bir çoxu cəza çəkməkdən azad edilib, yaxud cəza müddətləri azaldılıb.

Heç şübhəsiz, dövlətimizin başçısının yeni Sərəncamı da nəticədə məhkumların hüquqlarının etibarlı təminatına, bir sıra cinayətlərin dekriminallaşmasına, cəza siyasətinin humanistləşdirilməsinə, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişlənməsinə şərait yaradacaq.

– Sərəncamda məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin geniş tətbiqi və azadlıqdan məhrumetmənin dinamikasının artmasının penitensiar müəssisələrin yüklənməsinə səbəb olduğu bildirilir, bununla bağlı zəruri tapşırıqlar nəzərdə tutulur. Bəs, bu sahədə hazırda hansı işlər görülür?

– İlk növbədə, qeyd etmək istərdim ki, yeni hüquq sisteminin fəaliyyət göstərdiyi 2000-ci ildən əhalinin 20 faizədək artmasına baxmayaraq, bütövlükdə məhkumetmənin çoxalmaması ölkəmizdə ictimai təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsində önəmli nailiyyətdir. Lakin təəssüf ki, məhkumlar sırasında azadlıqdan məhrum olunanların sayı əvvəlki illərlə müqayisədə artıb.

Təhlillər göstərir ki, məhkəmələrin cəza siyasətində azadlıqdan məhrumetməyə, habelə həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməsi penitensiar müəssisələrdə saxlanılan məhkumların və təqsirləndirilən şəxslərin sayının çoxalmasına və həmin müəssisələrin yüklənməsinə, ən əsası isə insanların azadlıq hüququnun lüzumsuz məhdudlaşdırılmasına səbəb olub.

Qeyd etmək istərdim ki, bir neçə il əvvəl həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək Plenumun müzakirəsinə çıxarılıb və əhatəli qərar qəbul edilib. Həmçinin məhkəmələrə bu məsələyə həssaslıqla yanaşılması, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həbsə alternativ qətimkan tədbirlərinin geniş tətbiqi tövsiyə edilib. Hətta bu sahədə kobud pozuntulara görə 30-dək hakim və prokurorluq işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Məhkəmə-Hüquq Şurasının ötən ay keçirilmiş iclasında isə insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılıb, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi bildirilib.

Lakin məhkəmə təcrübəsinin təhlili bu sahədə pozuntuların tam aradan qaldırılmadığını, habelə cəza siyasətinin dövlətimizin başçısının humanizm prinsipləri ilə uzlaşmadığını göstərib. Bununla əlaqədar Sərəncamda verilmiş tövsiyələrin icrası məqsədilə hazırda Ali Məhkəmə tərəfindən bu sahədə məhkəmə təcrübəsi və bütövlükdə cəza siyasəti təhlil olunaraq ümumiləşdirilir və nəticələrin tezliklə geniş müzakirəsi nəzərdə tutulur.

Cənab Prezidentin humanizm dəyərlərindən irəli gələn tapşırıqlarından biri də cinayət qanunvericiliyinin yenidən nəzərdən keçirilməklə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə yeni qanun layihələrinin hazırlanmasıdır.

Bununla əlaqədar qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Artıq Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin birgə işçi qrupu tərəfindən müvafiq qanunvericilik layihələri hazırlanır.

Onu da qeyd etmək lazımdır ki, Sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanılmasının nəticəsidir ki, həbsdə olan 250-dən çox şəxs təkcə keçən ay ərzində qanunla müəyyən edilmiş qaydada istintaq təcridxanalarından azadlığa buraxılıb. Həmçinin istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı da xeyli azalıb. Hesab edirəm ki, bunlar Sərəncamın məqsədi baxımından mühüm göstəricilərdir.

Sərəncamın əsas yeniliklərindən biri də cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir elektron nəzarət vasitələrindən istifadə ilə bağlıdır. Təbii ki, belə vasitələrin tətbiqi cəmiyyətdən təcrid edilmə ilə əlaqədar olmayan qətimkan tədbirlərinin və cəzaların daha geniş tətbiqinə şərait yaradacaq.

Qeyd etmək istərdim ki, elektron nəzarət üsullarından ən geniş yayılanı “elektron qolbaq” qurğusudur. Bu qolbaq həbslə bağlı olmayan cəzanın çəkildiyi, yaxud qətimkan tədbirinin seçildiyi müddət ərzində şəxsin qoluna bərkidilir və texniki vasitələrlə onun coğrafi yeri müəyyən edilir. Bunun ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təcrübə öyrənilib, “elektron qolbaq”ların müxtəlif nümunələrinin təqdimatı keçirilib. Artıq dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, qeyd edilən məsələ üzrə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi üçün Baş Prokurorluqla birlikdə müvafiq təkliflər hazırlanıb.

– Sərəncamın müəyyən etdiyi mühüm yeniliklərdən biri Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasıdır. Ölkəmiz üçün yeni olan bu institut haqqında qısa məlumat və onun tətbiqi ilə bağlı görülən işlər xüsusilə maraqlı olardı.

– Beynəlxalq təcrübədə Probasiya institutu azadlıqdan məhrum edilməyən məhkumların, yaxud həbs olunmamış təqsirləndirilən şəxslərin müəyyən müddətə xüsusi orqanın nəzarətinə verilməsini nəzərdə tutur. Bu institutun geniş tətbiqi təbii ki, məhkumların cəzaçəkmə müəssisəsindən kənar, bilavasitə cəmiyyətdə islahına şərait yaradır. Probasiya əsasən anqlosakson hüquq sisteminə malik olan ölkələrdə daha geniş yayılıb. Həmin ölkələrdə məhkəmələr probasiya rejiminin seçilməsinin mümkünlüyü haqqında qərar qəbul edərək, məhkumu müəyyən müddətə onun davranışına nəzarət edəcək Probasiya xidməti əməkdaşının müşahidəsi altına verir.

Müxtəlif dövlətlərdə probasiya rejiminin müddətləri əsasən 6 aydan 10 ilə qədər dəyişir. Bu müddət ərzində həmin məhkumlar məhkəmənin qərarında nəzərdə tutulmuş şərtlər daxilində müəyyən olunmuş qaydalara riayət etməyə borcludurlar. Əks təqdirdə Probasiya əməkdaşının məhkəməyə müraciəti əsasında müəyyən edilmiş şərtlər dəyişdirilə bilər. Yaxud, əgər Probasiya əməkdaşının məhkum barədə müşahidələri islah yönümündə olarsa, o zaman məhkəmə probasiyanın tamamilə ləğv olunması və ya sınaq müddətinin azaldılması ilə bağlı qərar qəbul edə bilər.

Probasiya rejiminin tətbiqi əməlin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən də asılıdır. Probasiyanın maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, o, bir sıra ölkələrdə əsas cəza kimi də təyin edilir.

Son illər Avropada həbs yerlərində saxlanılan şəxslərin sayının artması ilə əlaqədar bu xidmətin yaradılması üzrə səylər artırılıb və Avropa Şurasının Nazirlər Komitəsi onun təşkili məqsədilə 2010-ci il yanvarın 20-də “Probasiya qaydaları haqqında” Tövsiyə qəbul edib.

Hazırda Ədliyyə Nazirliyi tərəfindən Avropa İttifaqı ilə birgə həyata keçirilən ədliyyə sisteminin inkişafına dəstək layihəsi çərçivəsində ölkəmizdə Probasiya xidmətinin əsasları, əməkdaşlar üçün təlim kurslarının keçirilməsi, məhkumlar üzərində elektron monitorinqin tətbiqi ilə bağlı pilot layihələr hazırlanır.

Bu sahədə beynəlxalq təcrübədən yararlanmaq məqsədilə əməkdaşlarımız dünyada mövcud modellərlə tanış olmaq üçün xarici ölkələrə ezam ediliblər. Gürcüstanın ədliyyə nazirinin ötən ay Azərbaycana səfəri zamanı həmin ölkənin Probasiya xidməti və “elektron qolbaq”ın tətbiqi ilə bağlı müzakirələr aparılıb və bu təcrübə ilə tanış olmaq məqsədilə nümayəndə heyətimiz təxirəsalınmadan Gürcüstana səfər edib. Bundan əvvəl isə Türkiyənin bu sahədə təcrübəsi tərəfimizdən yerində öyrənilib.

Bu xidmətin ölkəmizdə təşkili ilə bağlı dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq artıq konkret təkliflər paketi hazırlanıb.

Həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü kimi ictimai işlər cəzasının əhəmiyyətinin artırılması baxımından Sərəncamda mühüm tapşırıqlar nəzərdə tutulub. Bununla əlaqədar nazirlik tərəfindən zəruri tədbirlər görülür, o cümlədən məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlanır. Hesab edirəm ki, yeni yaradılacaq Probasiya xidməti də bu sahədə problemlərin aradan qaldırılmasında və həmin cəzanın islahedici təsirinin artırılmasında əhəmiyyətli rol oynayacaq.

Eyni zamanda mediasiya institutundan, yəni mübahisələrin məhkəmədənkənar alternativ həlli üsullarından da geniş istifadə olunması nəzərdə tutulur.

– Mediasiyanın tətbiqi də ölkəmiz üçün mühüm yeniliklərdən ola bilər. Bu institut barədə bir qədər geniş məlumat verməyinizi istərdik.

- Mülki xarakterli mübahisələrin həllində mühüm vasitə olan mediasiya institutu həm də cinayət-hüquqi xarakterli münaqişələrin alternativ, məhkəmədən kənar həlli məqsədi daşıyır. Həmin institut hazırda inkişaf etmiş bir çox ölkədə geniş tətbiq olunur.

Mediasiya prosesində təqsirləndirilən şəxs və ya məhkumla zərərçəkmiş arasında məhkəməyəqədər və ya məhkəmədən sonra barışıq əldə olunarsa, təqsirləndirilən şəxsin və ya məhkumun üzərinə müxtəlif xarakterli, o cümlədən vurulan maddi və ya mənəvi ziyanın ödənilməsi, üzr istənilməsi, yardım göstərilməsi və s. öhdəliklər qoyulmaqla o, cəzadan azad edilə bilər.

Bütün dünyada mütərəqqi institut kimi mediasiyanın tətbiqi təşviq edilir. Bu məqsədilə Avropa Şurası tərəfindən hələ 1999-cu ildə "Cinayət işlərində mediasiyaya dair" Tövsiyə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən isə 2002-ci ildə "Cinayət mühakiməsi prosesində bərpaedici ədliyyə proqramlarının tətbiqinin əsas prinsipləri" qəbul olunub.

Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb.

Dövlətimizin başçısının ötən ilin dekabrında təsdiq etdiyi "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə cari ildə mediasiya haqqında qanun layihəsinin hazırlanması və Mediasiya Şurasının yaradılması ilə bağlı konkret tapşırıqların verilməsi, şübhəsiz ki, ölkəmizdə bu institutun inkişafına təkan olacaqdır.

– Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair görülməli konkret və əhatəli tədbirlər müəyyən edilib. Yəqin ki, həmin tapşırıqların icrası bu sahədə aparılan islahatları daha da sürətləndirəcək.

– Elədir. Penitensiar sahədə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması dövlətimizin başçısının daim diqqət mərkəzində olub. Bununla əlaqədar Sərəncamda bu sahədə fəaliyyətin müasirləşməsi, infrastrukturun yenilənməsi, məhkumların saxlanma şəraitinə nəzarətin gücləndirilməsi, istehsal sahələrinin genişlənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, müəssisələrin etibarlı mühafizəsinin təşkili, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan və digər mənfi halların qarşısının alınması və s. ilə bağlı konkret tapşırıqlar verilib.

Sərəncamda qoyulmuş məsələləri nüfuzlu beynəlxalq qurumlar da təqdir edib. Bu yaxınlarda respublikamıza səfər etmiş İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovski Azərbaycan Prezidentinin Sərəncamını yeni cəza siyasətinin əsas təməl daşı kimi dəyərləndirib, sənədin mahiyyətinin Komitənin məqsədləri ilə üst-üstə düşdüyünü, onun penitensiar sistemin təkmilləşməsinə, məhkumların hüquqlarının etibarlı qorunmasına xidmət edəcəyini vurğulayıb.

Məhkumların hüquqlarının təmin edilməsini daim prioritet hesab edən dövlətimizin başçısı hələ 2009-cu ildə Zabrat qəsəbəsində beynəlxalq tələblərə uyğun inşa olunmuş Bakı istintaq təcridxanasına baş çəkərək yaradılmış şəraitlə tanış olub, bu sahədə tədbirlərin davam etdirilməsi ilə bağlı zəruri göstərişlər verib.

Bununla əlaqədar təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə bölgələrdə penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülüb, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunaraq istifadəyə verilib. Hazırda Gəncə və Lənkəran şəhərlərində, habelə Bakının Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan, Umbakıda isə ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanılması üçün belə müəssisələrin tikintisi aparılır.

Son illər məhkumlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülüb, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda bu sahədə, o cümlədən məhkumlar arasında vərəmlə mübarizədə digər dövlətlərə örnək olan yüksək nailiyyətlər qazanılıb. Təsadüfi deyil ki, son 20 ildə məhkumlar arasında ölüm halları xeyli, vərəmdən ölüm isə 100 dəfə azalıb. Bununla yanaşı, penitensiar müəssisələrdə tibb xidmətinin yaxşılaşdırılması və məhkumların sağlamlığının qorunması ilə bağlı qarşımızda əlavə mühüm vəzifələr qoyulub, bu istiqamətdə konkret tədbirlər müəyyən olunaraq həyata keçirilməyə başlanılıb.

Həmçinin Avropa İttifaqı ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində məhkumların əməyə daha geniş cəlb edilməsinə xüsusi diqqət ayrılıb. Layihə çərçivəsində artıq bir sıra cəzaçəkmə müəssisələrində yeni istehsalat sahələri yaradılıb, bəzi mövcud istehsalat və fərdi əmək sahələri dəzgah və alətlərlə yenilənib, müxtəlif avadanlıq alınaraq müəssisələrə verilib. Nəticədə 2016-cı il ərzində cəzaçəkmə müəssisələrində əməyə cəlb olunanların sayı artaraq 5400-ü ötüb. Bir müddət əvvəl isə ictimaiyyət nümayəndələrini, habelə iş adamlarını cəlb etməklə məhkumların istehsal etdikləri məhsullar, onların əl işləri ilə bağlı sərgilər təşkil olunub. Belə tədbirlərin keçirilməsi də əhəmiyyətlidir. Bu, həm də məhkumların məşğulluğunun artırılmasına, cinayətlə vurulmuş ziyanın ödənilməsinə, onların zərərli vərdişlərə meyl etməkdən çəkindirilməsinə xidmət edir.

Lakin təbii ki, bu sahədə görülən işlər heç də kifayət deyil. Dövlətimizin başçısının mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb olunması ilə bağlı tapşırıqları qarşımızda yeni prioritetlər qoyub. Hazırda aidiyyəti qurumlarla sıx əlaqələr qurmaq və yeni yanaşmalar tətbiq etməklə bu sahədə köklü dəyişikliklərə nail olmaq üçün tədbirlər hazırlanır.

Fəaliyyətdə müsbət nəticələr əldə edilməsi düzgün kadr siyasətinin aparılmasından da çox asılıdır. Penitensiar xidmətin hazırlıqlı və mənəvi cəhətdən saf gənc kadrlar hesabına komplektləşdirilməsi məqsədilə mütəmadi olaraq qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir. Həmçinin Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyası ilə bağlanılmış müqaviləyə əsasən Akademiyada Penitensiar xidmət üçün mütəxəssislər hazırlanaraq nazirliyin sərəncamına göndərilir.

Son illər 950-dən çox mütəxəssis Penitensiar xidmətdə qulluğa qəbul olunub. Bu günlərdə isə növbəti böyük bir qrup gənc mütəxəssisin təyinatı həyata keçirilib. Gənc əməkdaşların hazırlıq səviyyəsinin artırılması məqsədilə onların Ədliyyə Akademiyasında təlimlərə, ixtisasartırma kurslarına cəlb olunmasına böyük önəm verilir, habelə gənclərin hərtərəfli, o cümlədən mənəvi-estetik dünyagörüşünün inkişafı üçün müvafiq mədəni tədbirlər təşkil olunur.

Bununla belə, Penitensiar xidmətdə vəzifələrə təyinatın daha çevik və qısa müddətdə aparılması, əməkdaşların bilik, bacarıq və praktiki vərdişlərinin inkişaf etdirilməsi, işçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər müəyyənləşdirilib, aidiyyəti rəhbər şəxslərə konkret tapşırıqlar verilib.

Cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsi də mühüm əhəmiyyət kəsb edən sahə olmaqla, nizam-intizamın, rejimin, təhlükəsizliyin təmin edilməsinə mühüm təsir göstərir. Sərəncamda verilmiş tapşırıqlara uyğun olaraq, Penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsi bu sahədə işin keyfiyyətinin artırılmasına zəruri töhfə verəcək.

Həmçinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin təşkili ilə bağlı dövlətimizin başçısının tapşırıqlarının icrası qarşımızda duran əsas vəzifələrdəndir. Bununla əlaqədar hazırda Penitensiar xidmətdə mövcud elektron baza sisteminin genişləndirilməsi üzrə işlər aparılır və bu zaman cəzaları icra edən orqan və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsinin təmin olunmasına, belə sistemlərlə bağlı qabaqcıl beynəlxalq təşkilatların müəyyən etdiyi meyarların tətbiqinə xüsusi diqqət yetirilir.

Bununla yanaşı, Sərəncamda məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması, bu sahədə korrupsiyaya şərait yaradan və digər mənfi halların qarşısının alınması üçün tədbirlərin görülməsi nəzərdə tutulub.

Dövlətimizin başçısının tapşırıqlarının icrası və bu sahədə köklü dəyişikliklərə nail olunması üçün təsirli tədbirlər müəyyənləşdirilərək təxirəsalınmadan zəruri işlərin görülməsinə başlanılıb.

– Sərəncamda məhkumların cəzadan vaxtından əvvəl azadetmə institutunun geniş tətbiqi ilə bağlı məsələ qaldırılıb. Bu barədə nə deyə bilərsiniz?

– Məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması cəza icra siyasətində ən mühüm institutlardan biridir.

Təbii ki, burada məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi, onun davranışı, əməyə münasibəti və barəsində cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsi əsas amillərdir. Bununla əlaqədar Ali Məhkəmə tərəfindən vaxtilə məhkəmə təcrübəsi ümumiləşdirilərək əhatəli Qərar qəbul olunub, məhkəmələrdə bu xarakterli müraciətlərə baxılarkən qanunun tələblərinə ciddi əməl olunması, hər məhkuma fərdi yanaşılması, eyni zamanda, qərar qəbul edildikdən sonra həmin qərarın təxirəsalınmadan icrası və digər mühüm məsələlər önə çəkilib.

Həmçinin bu sahədə kobud qanun pozuntularına yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurası tərəfindən ciddi intizam tədbirləri görülüb.

Bu institutun tətbiqində mənfi halların aradan qaldırılması, kollegiallığın, obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə 2013-cü ildə Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq müdafiəçilərindən ibarət xüsusi Komissiya yaradılıb. Komissiya tərəfindən ötən dövrdə 7 mindən çox məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib, məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97 faizi müsbət həll edilib. Şərti azad olunmuş şəxslər tərəfindən yenidən cinayət törətmə hallarının minimuma enməsi bu prosesin obyektivliyinə və həmin məhkumların həqiqi islah yolunda olmasına dəlalət edib.

Komissiyanın fəaliyyətində şəffaflığın maksimum təmin olunması məqsədilə onun iclaslarına məhkumların valideynlərinin və yaxınlarının dəvət edilməsi təcrübəsindən də istifadə olunur. Bu prosesdə ədliyyə naziri yanında fəaliyyət göstərən nüfuzlu hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət İctimai Komitənin də töhfələri xüsusi qeyd olunmalıdır.

Hazırda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bu sahədə işin səmərəliliyinin artırılması, şəffaflığın tam təmin olunması üzrə əlavə tədbirlər görülür, şərti azadetmə institutunun təsiri altına düşən bütün məhkumların dairəsi müəyyən edilir. Məhkum kollektivləri ilə tərbiyəvi-maarifləndirmə tədbirləri keçirilərək onlara rejim qaydalarına dönmədən riayət edərlərsə, islah prosesinə, ictimai tədbirlərə fəal qatılarlarsa, nəhayət nümunəvi davranış nümayiş etdirərlərsə vaxtından əvvəl azad olunmağa layiq bilinəcəkləri izah edilir.

Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin hüquqlarının təmin olunması da diqqətdən kənarda qalmır, bu cəza növünün tətbiqi təcrübəsi təhlil edilir, onun icrası mexanizmlərinin təkmilləşdirilməsi imkanları nəzərdən keçirilir.

Sözsüz ki, qeyd edilən humanist tədbirlərin tətbiqi məhkumların ailələrinə və yaxınlarına sevinc hissləri bəxş etməklə yanaşı, digər məhkumların da islahına stimul yaradır, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq etməklə, haqqa və ədalətə inamını artırır.

Məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı da dövlətimizin daim diqqətində saxlanılır. 2007-ci ildə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” ayrıca qanun qəbul olunub və belə şəxslər üçün hazırda Sosial Adaptasiya Mərkəzi inşa edilir.

– Fikrət müəllim, Sərəncamın icrasının başa çatması nə vaxta gözlənilir?

- Şübhəsiz ki, qarşıya qoyulmuş hər bir konkret vəzifə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, qısa müddətdə həllini tapacaq.

Eyni zamanda, əvvəldə də dediyim kimi, bu Sərəncam bizim üçün həm də strateji hədəfləri müəyyən edən “yol xəritəsi” rolunu oynayır və qeyd edilən sahələrdə gələcək fəaliyyətimizin əsasını təşkil edir.

Əminik ki, dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin mütəşəkkil qaydada, vaxtında və dürüst icrası cəza siyasətinin humanistləşdirilməsinə, məhkumların hüquqlarının daha etibarlı qorunmasına xidmət etməklə, bu sahədə aparılan islahatların yeni mərhələdə davam etdirilməsinə təkan verəcək.

– Müsahibə üçün vaxt ayırdığınıza və dəyərli fikirlərinizi oxucularımızla bölüşdüyünüzə görə Sizə təşəkkür edirik.

AZƏRTAC

Paylaş:
953

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər