Bakıda litvalı müəlliflərin ermənilərin işğalçı siyasəti haqqında kitablarının təqdimatı olub
Mərkəzi Elmi Kitabxanada litvalı müəlliflərin "Qara bağın faciəsi" və "Millətlərin Qafqaza köçü XX əsr" adlı kitablarının təqdimatı keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, tədbirdə tarixçilər, ictimai-siyasi xadimlər iştirak ediblər.
AMEA İctimai Elmlər Bölməsinin rəhbəri Nərgiz Axundova Dağlıq Qarabağ münaqişəsinin Azərbaycandan kənar araşdırılmasını çox mühüm hal adlandırıb:
“Avropa dəyərlərini təmsil edən ölkə nümayəndələrinin bu mövzuya müraciət etməsi çox müsbət haldır. Müəlliflər həm Azərbaycan, həm də xarici alimlərin münaqişə ilə bağlı təhlil və işlərinə müraciət ediblər”, - deyə o vurğulayıb.
Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Nəbizadə isə qeyd edib ki, bu kitabların işıq üzü görməsi Qarabağ münaqişəsi tarixi və xarici alimlər tərəfindən erməni yalanlarının ifşa edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Kitabda sistematik və lakonik şəkildə Azərbaycanın ən yeni tarix göstərilib. Kitabda Rusiya və digər xarici akademik mənbələrdən istifadə olunması çox vacibdir”.
“Millətlərin Qafqazda köçü XX əsr” kitabının müəllifi professor Alqimantas Liyekis ötən əsrdə Azərbaycan xalqının tarixində çoxlu qanlı səhifələrin yer aldığını deyib. Onun sözlərinə görə, kitabı yazmaqla, o, litvalılara göstərmək istəyib ki, ötən əsrdə litvalılardan daha çox çətin günlər görən xalq var:
“Hər iki ölkənin tarixi oxşardır. Tarixi əlaqələrimiz də mövcuddur. XV əsrdə ölkəmizin Səfəvi dövləti ilə əlaqələri olub. Azərbaycanlılar litvalı partizanlara kömək göstərib. Litva həmişə sizinlə olacaq”.
“Qara bağın faciəsi” adlı kitabın müəllifi, litvalı jurnalist Qintaras Visotskas isə Azərbaycanın bir çox ərazilərinə, o cümlədən cəbhə zonasına səfər etdiyini deyib:
“Mən Azərbaycan ədəbiyyatında erməni terrorçu təşkilatları barədə məlumatlarla tanış olanda, bu, mənə çox təsir edib. Sumqayıt hadisələri ilə maraqlanmışam. Bizdə də oxşar hadisələr olub. Litvalı oxucu İrəvanın əvvəllər azərbaycanlılara məxsus olmasını, indi isə orada heç bir azərbaycanlının yaşamadığını öyrənəndə, şoka düşmüşdü”.
2016-cı ildə Litva dilində işıq üzü görən "Qara bağın faciəsi" kitabı üç hissədən ibarətdir. İlk hissədə litvalı jurnalistin publisistik məqalələri təqdim olunur. Burada Bakı, Gəncə, Naxçıvan və Xocavəndə səfərləri zamanı müəllifin təəssüratlarından bəhs edilir. İkinci hissədə jurnalistin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə baxmayaraq, hələ də Ermənistanın Azərbaycan ərazisinin işğal etməsini dəstəkləyən bəzi litvalı siyasətçilər, icmalçılar və şərhçilərlə polemikası barədə danışılır. Kitabın üçüncü hissəsində isə son iki yüz il ərzində Azərbaycan xalqının üzləşdiyi problemlər barədə bəhs olunur.
Litva dilində “Millətlərin Qafqaza köçü XX əsr” adlı kitab isə 2016-ci ilin mart ayında işıq üzü görüb. Kitabda ermənilərin 200 il öncə Azərbaycan ərazilərinə, eləcə də Cənubi Qafqazın digər bölgələrinə Türkiyə və İran ərazilərindən köçürülməsindən bəhs olunur, son 100 il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından danışılır. Kitabın yazılmasında əsas məqsəd Litvada Azərbaycana qarşı erməni təbliğatının qarşısının alınması, eləcə də ermənilərin Azərbaycan xalqına qarşı cinayətlər barədə Litva ictimaiyyətini məlumatlandırmaq olub.
1news.az