Mübariz Əhmədoğlu: Sərkisyanın hərbi təxribatların faydasına inamı danışıqların bərpa edilməməsinin ən əsas səbəbidir
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Parisdə Fransa prezidenti F.Olandla Dağlıq Qarabağ münaqişəsini hərtərəfli müzakirə etdi. Bu, birgə mətbuat konfransında səsləndirilən fikirlərdən aydın şəkildə görünür. Olandın Azərbaycan Prezidenti ilə birgə mətbuat konfransında dediklərinə onun həm də bir həftə öncə S.Sərkisyanla keçirdiyi görüşdə səsləndirilmiş fikirlərin deşifrəsi kimi də yanaşmaq olar.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Parisdə Fransa prezidenti F.Olandla Dağlıq Qarabağ münaqişəsini hərtərəfli müzakirə və Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsi üzrə dinc danışıqların bərpasından imtina ilə bağlı xəbəri şərh edərkən bildirib:
F.Oland təkid etsə də, Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsi üzrə dinc danışıqların bərpasından imtina edib. Oland 2014-cü ilin oktyabrında Parisdə prezidentlərin üçtərəfli formatında yarımçıq qalmış bəzi məsələləri yada salsa da, S.Sərkisyan buna da razılıq verməyib. Yarımçıq qalmış məsələlər dedikdə ilk növbədə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsinin davamını nəzərdə tuturuq.
Oland danışıqların davamı üçün digər həmsədr ölkə prezidentlərindən də kömək istəyir. Bu Olandın S.Sərkisyanı təkbaşına danışıqlara razı sala bilməməsinin acı etirafıdır. Olandın fikrincə, status-kvo qəbuledilməzdir. Ən pis şey status-kvodur. Tənzimlənmənin parametrləri Olanda görə tam aydındır.
Olandın belə mövqeyi, o cümlədən tənzimlənmənin parametrləri S.Sərkisyanı qane etmədiyi üçün danışıqlardan yayınır.
S.Sərkisyan danışıqlar stolunun üstündə olan təklifləri kənara itələyib, yeni variantlar, gələcək zaman barədə düşünür. Ermənistanın danışıqlar stolunun üstündə olan təklifləri qəbul edəcəyi ilə bağlı verdiyi bəyanatlar riyakarlıqdan başqa bir şey deyilmiş.
RF prezidenti V.Putinlə görüşdə də S.Sərkisyanın mövqeyini bu qaydada dəyərləndirmək mümkündür.
İndi S.Sərkisyanın iki prezident hüzurunda danışıqlara razılıq verməməsi, danışıqları rədd etməsi motivasiyasını araşdırmağa çalışaq. Uzun müddətli təcrübədən çıxış edərək demək mümkündür: S.Sərkisyan yeni havadar tapıb. Başqa sözlə, S.Sərkisyan Dağlıq Qarabağ məsələsi üzrə hansısa başqa bir dövlətlə əməkdaşlıqdadır. Müdafiə naziri V.Sərkisyanın İran səfərindən sonra Ermənistanda faktiki olaraq birinci skripkada olması ehtimal ki, təsadüfi deyil. Eləcə də 25 fevralda qoşunların təmas xəttində baş vermiş hərbi insidentin təhlili də çox şey deyəcək. Əlbəttə 25 fevralda baş vermiş hərbi təxribatın mahiyyətini yalnız xüsusi xidmət orqanları aça bilərlər. 25 fevralda qoşunların təmas xəttində xüsusi xidmət orqanın iştirakı ilə təxribat törətdiyi vaxtda “İskəndər”lər hazır vəziyyətə gətirildi, “Skad”lar və “Smerç”lərdən atəş açıldı. Sadəcə sonradan bunları belə deyək də təlim adı ilə qələmə verdilər. 2016-cı ilin aprel döyüşlərində Ermənistan bu hərəkətləri etmədi.
Ermənistan prezidenti hərbi təxribatların səmərə verəcəyinə, Azərbaycan ordusunun zəif görünəcəyinə, qoşunların təmas xəttində tədqiq mexanizmlərinin qurulacağına, qoşunların təmas xəttinin rəsmi tərtibatının başlanacağına yeni inam əldə edib.
Ermənistan ordusunun böyük bir qismi Rusiyanın nəzarəti altındadır, qalan ordusunu isə Ermənistan görünür, İranın nəzarəti altına verir. İran isə bundan öz maraqları üçün istifadə edir. Yəqin ki, İranın bu fəaliyyətinin Rusiyanın maraqlarına toxunana qədər davam edəcəyini düşünmək olar.
S.Sərkisyanın danışıqlar stoluna qayıtması onun hərbi təxribatların səmərəsizliyinə inamının itməsi halında mümkündür. Bunun üçün yeganə mümkün variant hərbi təxribatlardan istifadənin onun hakimiyyətinə təhlükə yaratmasıdır. Aprel döyüşləri zamanı S.Sərkisyan ağlını da, danışığını da itirmişdi, necə hərəkət edəcəyini də bilmirdi. Sonradan verdiyi bəyanatlar da bunu aydın şəkildə göstərir. S.Sərkisyanın mövqeyində son 1-1,5 ay ərzində baş verən sərtləşmə tam yeni keyfiyyətlidir.
S.Sərkisyanı ruhlandıran məsələlərdən biri Rusiyanın Dağlıq Qarabağ mövzusunda iki dildə danışmasıdır. Hal-hazırda Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlər də S.Sərkisyanın maraqlarına uyğundur. Lavrov milliyyətcə ermənidir, başa da düşür ki, artıq yaşı da keçir və o adını erməni tarixinə qara hərflərlə yazılmasını istəmir. Ona görə Lavrov istər-istəməz S.Sərkisyana Dağlıq Qarabağ məsələsində Ermənistana yeni nəfəslik yaratmalıdır və onun son dövrlərdə verdiyi bəyanatlar da məhz buna xidmət edir.
Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənmə mərhələsi başlamayıb, amma Ermənistan dövlətçiliyinin ölməsi isə davam edir.
Dağlıq Qarabağ azərbaycanlılarına münasibət ATƏT-in Minsk Qrupu həmsədrləri, eləcə də Rusiya üçün testdir.
Dağlıq Qarabağ azərbaycanlıları əzəli, əbədi torpağı olan Dağlıq Qarabağdan deportasiya olunublar. Bütün tarix Dağlıq Qarabağın Azərbaycanla azərbaycanlılarla bağlı olduğunu sübut edir. Dağlıq Qarabağa ermənilər köçürülmədir. Dağlıq Qarabağa ermənilərin köçürülməsinin müəllifi Rusiyadır. Bir qrup Rusiya rəsmisi 19-cu əsrdən başlayaraq İrandan və Osmanlı imperiyasından erməniləri Azərbaycan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa köçürdülər. İndi də bir qrup Rusiya siyasətçisi Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağa sahiblənməsinin rəsmiləşməsinə şərait yaratmaqla məşğuldur. Bu məsələdə Rusiya rəsmiləri siyasətçilərindən zərrə qədər geri qalmırlar. Hal-hazırda Dağlıq Qarabağ ermənilərinin gəlmə olmasından danışmaq məsələnin çox kiçik bir hissəsidir. Məsələ burasındadır ki, gəlmə olan ermənilər yerli, aftoxton azərbaycanlıları deportasiyaya məruz qoydular, qovub çıxardılar. Bu Rusiya hökumətinin həm çar Rusiyası dövründə həm də sovet dövründə apardığı siyasi ənənəyə tamamilə uyğundur. İstər çar Rusiyası, istər Stalin dövründə xalqları öz yaşadığı ərazidən məhrum etmək, başqa ərazilərə köçürmək adi hal almışdı. Çox təəssüf ki, həmsədrlər də Rusiyanın bu ənənəsinə hörmət nümayiş etdirirlər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusən Qərb ictimaiyyətinin Rusiyanın deportasiya siyasətini dəstəkləməsi zərrə qədər yol verilməzdir. Ona görə Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtması məsələsinə həmsədrlərin münasibəti sınaq münasibətidir. Onların niyyətinin saflığına test münasibətidir. Əgər həmsədrlər bu regionda deportasiya siyasətinə dəstək verəcəklərsə deməli, həmsədrlər Rusiya ilə birlikdə bu region üçün xaos arzulayırlar.
V.Putinin siyasətində uğur var, bu şəksizdir. Amma Putin Rusiyasında uğurun ən az gəlib çatdığı məkan məhz Qafqazdır. Qafqaz regionuna uğurlu siyasətini daxil edə bilməyən Rusiya xaos siyasətini daxil edir və bu məsələdə də Qərb, ona dəstək verir və yaxud Rusiya ABŞ və Fransanı özünə dəstəkçi kimi qoşa bilib. O anlamda ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ tənzimlənməsində Qarabağ azərbaycanlılarının yeri və roluna münasibət bildirməlidir. İlk növbədə Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağ azərbaycanlılarının rolunun rəsmi və geniş izahına ciddi ehtiyac var. Əks təqdirdə uğursuzluq zolağına çevrilən Qafqazda yeni deportasiya dalğası üçün nəzəri, ideoloji hazırlıq işləri ilə məşğul olduğunu iddia edə bilərik.
Ermənistanda strateji müttəfiqini itirmək növbəsi ATƏT MQ-na çatdı.
Ermənistan prezidenti və Xİ naziri dəfələrlə həmsədrlərlə Ermənistanın rəsmi mövqeyinin eyni olduğunu bildiriblər. Eləcə də son dövrlərdə S.Sərkisyan və onun rəhbərlik etdiyi komanda özünü İranın məmurları kimi aparırlar. S.Sərkisyanın və nazirlərinin xarici ölkə təmsilçiləri ilə keçirdiyi görüşdə etdiyi çıxışların sadəcə kontent analizi bu çıxışlarda Ermənistanın adından daha çox İranın adı hallandığını göstərir.
Dağlıq Qarabağ münaqişəsinin başlanğıc dövründə isə Ermənistan ABŞ-ın adından danışırdı. ABŞ-ın adı ilə Rusiyada bir sıra rəsmiləri və siyasətçiləri ələ alaraq Azərbaycanın üstünə qaldırmışdı. Sonradan Rusiyanın adı ilə Azərbaycanı hədələdi. Növbə KTMT-nin adından hədələməyə çatdı. Hətta Ermənistanın Türkiyə-Azərbaycan münasibətlərinə müdaxilə etmək cəhdləri də olub.
İndi ümumiləşdirmə üçün kifayət qədər əsaslar var. Bu gün ənənəvi strateji müttəfiqlərinin heç birisi birmənalı şəkildə Ermənistanın arxasında deyil. ABŞ və Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində öz mövqeləri var. Fransa ermənipərəstlikdən uzaqlaşıb, Azərbaycanın haqlı mövqeyinə yaxınlaşıb. İranın da Ermənistana mövqeyi dəyişib. Ermənistanın özünü satışa çıxarmasını İranda başa düşürlər. Tehranın fikrincə, Ermənistanı başqa dövlətlərin almasındansa, İranın alması daha vacibdir. Çünki İran Ermənistanı özünün tarixi ərazisi hesab edir. Məhz o kontekstdən də İran Ermənistana təsirini hədsiz gücləndirib. Erməni ekspertlərinin fikrincə, Ermənistanın bütün sahələri, o cümlədən hərbisi artıq İranın xüsusi xidmət orqanlarının ciddi müdaxiləsi altındadır. İran Ermənistan ordusunun idarəçiliyinə təsir etmək gücündədir.
İranın özünün spesifik iş metodu var və öz metodu ilə ermənilərlə iş aparır. Ona görə İranı da Ermənistanın strateji müttəfiqi hesab etmirik.
ATƏT-in Minsk Qrupu həmsədrləri adından Ermənistanın tez-tez bəyanat verməsi nəhayət ki, ATƏT-in Minsk Qrupu həmsədrlərini dilləndirəcək və MQ Ermənistanın Xarici İşlər Nazirliyinin strukturu olmadığını bəyan edəcək. Obyektiv mövqe ortalığa qoymayacağı təqdirdə ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ tənzimlənməsində yeri olmayacaq. Ən azı BMT-nin Baş Katibi Quttereş Dağlıq Qarabağ tənzimlənməsinə o cümlədən digər münaqişələrin tənzimlənməsinə tamamilə yeni nəfəs gətirmək fikrindədir. Ona görə, Ermənistan özünün ən vacib silahdaşı olan ATƏT-in Minsk Qrupu həmsədrlərindən də məhrum ola bilər. Hər halda ATƏT-in Minsk Qrupu həmsədrləri qeyrətə gəlmək, düşünüb-daşınmaq ərəfəsindədir. Bu isə Ermənistana ATƏT-in Minsk Qrupu adından danışmaq səlahiyyətinin məhrum edilməsindən başlayacaq.
1news.az